BAYRAQDAR MEDİA – AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Azərbaycan milli mətbuatı müstəqillik dövründə: 1991-2025” adlı biblioqrafik göstərici işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “biblioqrafik göstərici Prezidentin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq AMEA rəhbərliyinin tapşırığına əsasən hazırlanıb. Vəsaitə milli mətbuat haqqında kitablar və məqalələr, məcmuə, kataloq, toplu, bülleten, lüğət, ensiklopediyalar, Azərbaycan mətbuatına dair müdafiə olunmuş dissertasiya və avtoreferatlar, konfrans materialları, mövzu üzrə tərtib edilmiş biblioqrafiyalar daxil edilib. Kitabda, həmçinin ilk dəfə olaraq milli mətbuatın tərkib hissəsinə daxil olan Azərbaycanda fəaliyyət göstərmiş, hazırda fəaliyyətini davam etdirən xəbər saytları, informasiya agentlikləri, televiziya və radio kanallar, internet televiziyaları haqqında məlumat verilib”.
Daha sonra xəbərdə, “nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri isə şöbənin əməkdaşları Təranə Rüstəmova və Mahnur Həsənovadır. Nəşrdə AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun müstəqillik dövrü Azərbaycan mətbuatının inkişafına dair “Müstəqilliyimizin güzgüsü” adlı məqaləsi yer alıb” deyə bildirilir.
Onu da qeyd edək ki, MEK-in saytı vasitəsilə oxucular nəşrlə onlayn da tanış ola bilər.





