BAYRAQDAR MEDİA – Sentyabrın 18-də Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual sərgi hazırlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “sərgidə bəstəkarın həyat və fəaliyyəti haqqında geniş məlumat, Ümummilli Lider Heydər Əliyevin onun haqqında söylədikləri dəyərli fikirlər, Prezidentin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamı və digər rəsmi sənədlər təqdim edilir. Burada, həmçinin Azərbaycan, rus, ingilis, macar və digər dillərdə Ü.Hacıbəylinin həyatını və irsini, Azərbaycan musiqisinin inkişafında oynadığı mühüm rolu vurğulayan “Üzeyir dünyası” layihəsi çərçivəsində nəşr olunan “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası” kitabları, “Bədii və publisistik əsərləri”, “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın, bu olsun” musiqili komediyası, “Üzeyir Hacıbəyli arxivinin təsviri” və s. nəşrlər var”.
Bildirək ki, virtual ilə yanaşı, MEK-də Azərbaycanın dahi bəstəkarların əsərlərinin və musiqi sənətinə dair maraqlı kitabların nümayiş olunduğu eyniadlı ənənəvi sərgi də təşkil olunub.
Qeyd edək ki, oxucular bu və digər əlamətdar günlərə həsr olunmuş virtual sərgilərlə, elektron layihələrlə kitabxananın saytında tanış ola bilər.





