Press "Enter" to skip to content

“Türk dünyasının gələcəyi gənclərdən asılıdır”

Feyyaz Sağlam və Təranə Turan Rəhimli

BAYRAQDAR MEDİA şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimlinin tanınmış türkoloq, Balkanlarda türk varlığını, türk dilini və ədəbiyyatını fədakarca təbliğ edən araşdırmaçı, pedaqoq, şair, Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun yaradıcısı və fəxri başqanı Feyyaz Sağlamla müsahibəsini təqdim edir.

-Feyyaz Sağlam deyəndə ilk yada düşən Balkan türkləri ədəbiyyatı olur. Çünki 1990-cı illərdən bəri Azərbaycanda sizi məhz Balkan türklərinin ədəbiyyatı ilə bağlı araşdırmalarınızla tanıdıq. Sizin bu ədəbiyyata belə böyük sevginizin təməli necə qoyuldu?

-Təranə xanım, ilk növbədə bu müsahibə təklifinə görə çox təşəkkür edirəm. Türk dünyası ədəbiyyatı sahəsində daha dəqiq nəticələr əldə etmək üçün elmi məqalələrlə yanaşı bu cür çalışmaların da böyük əhəmiyyəti vardır. Birinci sualınızla bağlı qeyd edim ki, öncəliklə Balkanlar dediyimiz coğrafiyanın keçmişdə və günümüzdə türk dünyasının tarix, dil, ədəbiyyat, mədəniyyət, folklor, mifologiya və s. sahələrin inkişafı baxımından ən önəmli yer olduğunu xatırlamaq lazımdır. Bu coğrafiya V əsrdən etibarən Balkanlara Quzeydən köçmüş kuman, avar, uz, peçeneq, qaqauz, tatar və digər türk birliklərinin vətəni olmuşdur. Bu durumun günümüzdə də əlamətləri mövcuddur. Məsələn, bu gün Rumıniyada digər türk toplumları ilə birgə tatar türkləri də yaşamaqdadırlar. Tatar türkcəsində qəzetlər, kitablar, jurnallar nəşr edirlər, məktəbləri var. Yəni ədəbi fəaliyyətlərini öz yazı dili olan tatar türkcəsi ilə davam etdirirlər. Makedoniyanın Kumanovo şəhəri tarixən Kuman türkləri tərəfindən qurulub. Qaqauz türkləri Balkanların təbii hissəsi olan Moldova ilə yanaşı Yunanıstan və Bolqarıstanda da varlıqlarını, mədəniyyətlərini və ədəbi fəaliyyətlərini davam etdirirlər. Bu misalların sayını çoxalda da bilərik. XIV əsrdə oğuz türkləri Anadoludan gəlib Balkanlarda məskunlaşıblar. Bu, Balkanlarda türk varlığını, türk dilini və təbii olaraq ədəbiyyatını gücləndirib. Bu tarixi dövrdə Balkanlarda çoxlu sayda şair və yazıçılar yetişmiş, zaman keçdikcə türk dünyası ilə birbaşa və dolayısıyla əlaqələri olmuşdur. Belə zəngin mənzərə diqqətimi çəkdi və öz tədqiqatlarım çərçivəsində bu sahəyə töhfələr verməyə çalışdım, çalışıram. Xoşbəxtəm ki, bu araşdırmalar sizin kimi alimlərin də diqqətini çəkib.

-Balkan türkləri ədəbiyyatına dair tədqiqat əsərlərinizin içərisində Batı Trakya türkləri ilə bağlı araşdırmalarınızın xüsusi yeri və çəkisi var. Bunun səbəbi nədən qaynaqlanır?

-20-ci əsrdə Batı Trakya türkləri istisna olmaqla bütün Balkan türkləri 1990-cı illərdə soyuq müharibə bitənə qədər siyasi və mədəni cəhətdən sosialist sistem daxilində yaşadılar. Bu sistemin ədəbiyyat baxımından öz içində müsbət və mənfi tərəfləri vardı. Təftişdə olmaq, rejimi tərifləmək şərti ilə bir nöqtəyə qədər ədəbiyyatınızı yaşada və hətta müəyyən dərəcədə inkişaf etdirə bilirdiniz. Bununla bağlı çoxlu misallar çəkmək olar, biri ilə kifayətlənəcəyəm. Mehmet Çavuşevin 1964-cü ildə Sofiyada çapdan çıxmış “Serenada illəri” adlı şeir kitabında türk dastan obrazı Koroğlu kommunizmin simvolu və qəhrəmanı kimi təqdim olunur. (Bilirsiniz ki, belə olmasaydı, kitabın türkcə nəşri həmin siyasi atmosferə görə mümkün olmazdı.) Balkanlarda bu çərçivədə olan türk toplumlarının ədəbiyyatı sosializm quruluşu daxilində, nəzarət-təftiş şəraitində də olsa, akademik yöndən öyrənildi, tədqiq edildi və ədəbiyyata qazandırıldı. Batı Trakya türkləri isə siyasi və ədəbi baxımdan fərqli bir atmosferdə yaşayırdılar. Onların siyasi tarixi fərqlidir. Yunan türkologiyası şüurlu olaraq onlara əhəmiyyət verməmiş və tamamilə diqqətdən kənarda qalmışdılar. Batı Trakya türkləri arasında türkologiya sahəsində heç bir alim yetişməmişdi. Bu və digər səbəblərdən ustad alimlərin məsləhəti, təşviqi ilə bu sahəyə maraq göstərməyə başladım. Balkanlardakı digər türk toplumlarının ədəbiyyatı üzərində aparılan, amma Batı Trakyada heç vaxt gerçəkləşməmiş akademik araşdırmalar aparmağa çalışdım. Hesab edirəm ki, bu məlumat yetərli olar.

-Türk xalqları ədəbiyyatı üçün xidmətlərinizin sədası Türkiyə və bütövlükdə türk dünyası sərhədlərini çoxdan aşıb. Bütün Avropaya, uzaq Avstraliyaya qədər bir çox ölkələrdə bu ədəbiyyatı təbliğ etməyə nail olmusunuz. Türkiyədən uzaqlarda türk xalqları ədəbiyyatına qazandırdıqlarınız sizi qane edirmi?

-Əstəğfürullah… Deyə bilərəm ki, Batı Trakya türkləri əvvəllər də mənbələrdə tanınırdı, amma dili, mədəniyyəti, ədəbiyyatı, mətbuat tarixi və s. haqqında heç bir bilgi yox idi. Bu məsələləri ortaya çıxarınca elm dünyasından və türkologiya mərkəzlərindən ciddi maraq gördüm. “Batı Trakya türkləri uşaq ədəbiyyatı” adlı kitabım çapdan çıxanda aldığım ilk reaksiyalardan biri Afrikadan gəldi. Bu, Misirin Qahirə şəhərində türkoloq alim Prof. Dr. Muhamməd Harbın təbrik məktubu idi. Zaman keçdikcə Avropa və türk dünyası akademik dairələrindən işimə ciddi maraq göstərildiyini gördüm. Və bu maraq Avstraliyaya qədər uzandı. Təbii ki, araşdırmalarıma qarşı belə bir maraq və diqqət məni çox sevindirdi. Amma Batı Trakya türkləri ilə bağlı daha görüləcək çox iş var.

-Dörd önəmli sahəni uğurla fəaliyyətinizdə birləşdirmisiniz: şairlik, araşdırmaçılıq, universitetdə müəllimlik və ən mürəkkəb olanı – Kıbrıs İraq Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun başqanlığı. Bu sahələrdə fəaliyyətiniz zamanı birinin digərinə qatqıları nədən ibarət olub?

-Bu vəziyyəti dörd yox, beş kimi təsvir etmək olar. Həyat fəlsəfəmin əhəmiyyətli bir aspekti də səyyahlıqdır. Övliya Çələbi, İbn-i Battuta, Marko Polo və Kaşqarlı Mahmud mənə çox təsir etdi. Mən də bu günə qədər Balkanlar, Avropa və Azərbaycan səyahətlərimi şeirlərlə kitablaşdırdım. Digər bölgələrlə bağlı səyahət şeirlərim “Divan 2019” kitabımın “Səyahətnamə” bölməsində yer alıb. Önəm sırasına görə fəaliyyətimi belə dəyərləndirmək olar: akademik karyera, KIBATEK nəzəriyyəçisi, tədqiqatçılıq, səyyahlıq və şairlik. Onların hamısı bir-biri ilə iç-içədir, bir-birini qidalandırır və tamamlayır.

KIBATEK çalışmaları
KIBATEK çalışmaları

-Şair Feyyaz Sağlamın araşdırmaçı Feyyaz Sağlama münasibəti necədir? Yola gedirlərmi?

-Düşünürəm ki, buna əvvəlki sualı cavablandırarkən toxundum. Bir sözlə ifadə etsək, “iç-içə” deyə bilərik.

-Feyyaz Sağlam bu gün öz şair-araşdırmaçı özkeçmişinə daha nələri əlavə etmək istərdi?

-Məsləkdaşlarımızla, siz də daxil olmaqla, beynəlxalq komandamızla birgə 27 ildir ki, beynəlxalq arenada böyük fədakarlıq və əzmlə davam etdirdiyim KİBATEK layihəmiz haqqında doktorluq dissertasiyası tədqiqatı aparılmasını arzu edərdim. Bunu şəxsi reklam üçün yox, komanda olaraq bu məsələdə həqiqətən türk dünyasına və türkologiyaya xidmət etdiyimizə inandığım üçün istəyirəm. Şair kimi isə yazdığım/yazacağım ölməz sevgi şeiri ilə yadda qalmaq istərdim.

-Azərbaycanla əlaqələriniz və Azərbaycana sevginiz haqqında nəşr edilən kitablarınız çox mətləbləri deyir. Özünüz bu haqda nə demək istərdiniz?

-Uşaqlığımdan bəri Azərbaycan ən çox maraqlandığım və görmək istədiyim ölkələrdən biri olub. Bu maraq və diqqəti mən “Azərbaycan rübailəri” adlı şeirlər kitabımın ön sözündə təsvir etmişəm (Birinci nəşri Bakıda, ikincisi İzmirdə olub). Azərbaycanda beş dəfə olmuşam. İlk ikisi SSRİ dövründə – təhlükəli bir dövrdə, riskli səfərlər idi (Nümunə verməyəcəyəm; gələcəkdə xatirələrimi yazmaq imkanım olsa, inşallah bir neçə misal paylaşacağam.) Demokratiya dövründə də Azərbaycanda üç dəfə olmuşam. Təəssüf ki, Naxçıvan əks istiqamətdə olduğundan getmək imkanım olmadı. Təbii ki, məlum səbəblərdən yenicə azad edilmiş Qarabağa getmək mümkün deyildi. İndi düşünürəm ki, bu mümkündür. Allah qoysa, Naxçıvana, Qarabağa səfər etmək, oralar haqqında şeirlər yazmaq, bütün Azərbaycanı görmək şansım olacaq.

-Türk dünyasında ədəbiyyatı, eləcə də milli kimliyi yox olmaq təhlükəsi altında olan toplumlar da var. Onlarla bağlı düşüncələrinizi bilmək maraqlı olardı.

-Türk dünyasında əlbəttə ki, bir çox sevindirici irəliləyişlər var, amma, bəli, təəssüf ki, dediyiniz hallar da var. Bu məsələlərin həlli yollarını təqdim etmək mənim imkanlarım xaricindədir. Məsələn, Anadoludan Yunanıstana əhali mübadiləsi yolu ilə köç etmək məcburiyyətində qalan, türkcədən başqa dil bilməyən xristian (pravoslav) Karamanlı türkləri yox olmaq təhlükəsi ilə üz-üzədirlər. Onların sayı xeyli azalıb. Yunanıstanda doğulan övladları, nəvələri özlərinin Anadolu mənşəyini, türklüyünü bilirlər, amma təəssüf ki, assimilyasiya olunublar. Yunanıstanda araşdırmalar apararkən bu Karamanlı türkləri ilə görüşüb türkcə söhbət etdim. Faciəvi vəziyyətdir. Onlar haqqında hekayələr, şeirlər yazdım, yunan dilinə tərcümə edilərək nəşr olundu. Əlimdən başqa heç nə gəlmir. Təbii ki, türk dünyasında Karamanlı pravoslav türklərindən başqa oxşar çətinliklərlə üzləşən başqa türk toplumları da var. Müzakirə davam edə bilər, amma mənim verdiyim örnəyin kifayət edəcəyini düşünürəm.

-KIBATEK-in ədəbiyyatın inkişafı sahəsində xidmətləri sadalamaqla bitməz. Hədəfdə daha hansı böyük layihələr var?

-Biz KIBATEK layihəmizlə bağlı işimizi bacardığımız – gücümüzün yetdiyi qədər davam etdirməyə çalışırıq. Bildiyiniz kimi, pandemiya bütün dünyada tarazlığı pozdu. Əvvəllər asanlıqla tapdığımız dəstəyi indi tapmaqda çətinlik çəkirik, büdcəmiz, maddi dəstəyimiz yoxdur. Ona görə də ən azı ildə bir dəfə keçirdiyimiz beynəlxalq tədbirlərimizi iki ildir ölkəmizdən xaricdə keçirə bilməməyimiz bizi çox üzür. Məqsədimiz bu ənənəni yaşatmaqdır. Bundan başqa, digər KIBATEK layihələrimiz də eyni yolda davam edir.

-Ədəbi gəncliyə sözünüz…

-Türk dünyasının gələcəyi gənclərdən asılıdır. Türkiyə, Azərbaycan, Özbəkistan, Qaqauz Yeri, Tatarıstan, Tuva və digər türk gəncləri eyni ideallar yolunda çalışsalar, İsmayıl Qaspıralının dediyi kimi “Dildə, fikirdə, işdə birlik” idealında birləşsələr, türk dünyasının və türk dünyası ədəbiyyatının gələcəyi parlaq olar.

Qısa özkeçmiş: Feyyaz Sağlam 1959-cu il fevralın 27-də qardaş Türkiyədə Konya şəhərinin İlgın rayonunun Arğıthanı kəndində anadan olub. Atası Emirdağlı müəllim Bayram Sağlam İraq Mosul türkmənlərindən idi. Anası Konyanın Akşehir rayonundandır. Feyyaz Sağlam ibtidai, orta və lisey təhsilini Akşehirdə almışdır. 1985-ci ildə Dokuz Eylül Universiteti Buca Təhsil fakültəsinin türk dili və ədəbiyyatı bölümü məzunu olmuşdur. O, 1986-2020-ci illərdə İzmir Dokuz Eylül Universitetində türk dili, çağdaş türk ləhcələri və türk dünyası ədəbiyyatı üzrə müəllim vəzifəsində işləyib. 14 yaşından şeir, hekayə, araşdırma, təhlil, tənqid, memuar, ədəbi məktublar və s. kimi janrlarda əsərlər yazıb. Türk dünyasında mədəniyyətlərarası qarşılıqlı əlaqə və ünsiyyət üzərində daha geniş və davamlı şəkildə araşdırmalar aparıb. Feyyaz Sağlamın 50 kitabı nəşr olunub. O, 1998-ci ildə layihəsini hazırladığı KIBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatı Qurumu) vasitəsilə şair, yazıçı, tədqiqatçı, tərcüməçi və naşir kimi yaradıcı dostları ilə birlikdə 27 ildir həm ölkə daxilində, həm də xaricdə ədəbi fəaliyyətini beynəlxalq miqyasda həyata keçirir. 20-dən çox nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Tədqiqatları, bədii əsərləri, eləcə də Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatı Qurumunda gerçəkləşdirdiyi beynəlxalq layihələri dünya miqyasında yüksək ədəbi-elmi dəyər görüb. Azərbaycanda filologiya elmləri doktorları, professorlar Vaqif Sultanlı, Tamilla Əliyeva, Təyyar Salamoğlu, Vüqar Əhməd, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli və başqalarının Feyyaz Sağlamın fəaliyyəti ilə bağlı araşdırmaları da bu qəbildəndir.

Mission News Theme by Compete Themes.