BAYRAQDAR MEDİA – 27 Sentyabr Anım Günüdür. 2020-ci ilin məhz bu günündə işğalçı Ermənistanın növbəti silahlı təxribatının qarşısını almaq üçün rəşadətli Azərbaycan Ordusu əks hücuma keçməli olmuşdu. Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqı bütün dünyaya dərs olacaq igidlik örnəyi göstərərək cəmi 44 gün içində işğalçını geri oturdub Vətən torpaqlarını azad etməyi bacarmışdı həmin gün başlayan hərəkatla. O günlərdə, ondan sonrakı günlərdə də şairlər, yazıçılar, sənət adamları canını Vətən üçün fəda edən el oğullarını vəsf edən əsərlər yaratmış, yaratmağa da davam edir.
Bu Anım Günündə biz də Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair Məmməd Qədirin bir neçə şeirini təqdim edirik.
Azərbaycan
Sən müqəddəs bir nəğməsən, kim oxuyur aşıq olur,
Ən qaranlıq günümüzdə varlığın nur, işıq olur,
Sən elə bir mələksən ki, hamı sənə aşiq olur,
Düşmənin də çağıranda can deyir, can, Azərbaycan,
Bircə qarış torpağına canım qurban, Azərbaycan
Yağıları qırıb çatar, zora boyun əyməz, oğul,
İgidləri candan keçər, hünərini öyməz, oğul,
Torpağını qorumasan əkməyinə dəyməz, oğul,
Gör nə deyir dədəm Qorqud, ulu ozan, Azərbaycan,
Bircə qarış torpağına canım qurban, Azərbaycan.
Mərə düşmən tamah saldı, toz qopardı, tələ qurdu,
Ram eləyə bilmədilər ay ulduzlu bu boz qurdu,
Cavanşirin, Babəkimin yadigarı, Odlar yurdu,
Səni deyir Salur Qazan, oğuz Xaqan, Azərbaycan,
Bircə qarış torpağına canım qurban, Azərbaycan.
Göydə Allah, yerdə bəndə, səni bilir, səni deyir,
Yeniseydən Çin səddinə türk hökmünə boyun əyir,
Həmədandan Dərbəndəcən ayağından yer titrəyir,
Şir biləkli oğulların nərəsindən əsir cahan, Azərbaycan,
Bircə qarış torpağına canım qurban, Azərbaycan.
Azad elə sən Göyçəni, Zəngəzuru, İrəvanı,
Azadlığın bayrağına qoy rəng qatsın türkün qanı,
Didim-didim did parçala namusuna kəc baxanı,
Qoca şərqin qapısında duran aslan, Azərbaycan,
Bircə qarış torpağına canım qurban, Azərbaycan.
Odlar yurdum, bu cahanın dan üzünə gün kimi doğ,
Bayrağının kölgəsindən bir şərəfli yer yoxdu, yox,
Ayağa qalx, namusuna göz dikəni yerində boğ,
Halal olmaz Polad kimi şəhidlərin tökdüyü qan,
Azərbaycan,
Bircə qarış torpağına canım qurban, Azərbaycan.
Rəşadətli əsgərim
Sözün qüdrəti çatmır vəsf eləyim mən səni,
Qüdrətli əllərinlə azad etdin Vətəni,
Tazı it kimi qovdun torpağından düşməni,
Qurd ürəyi yemisən, qurd qeyrətli əsgərim, –
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim.
Şəri öz yuvasında boğdun öz əllərinlə,
Tariximi yenidən yazdın qanın-tərinlə,
Əbədilik qazandın xeyir əməllərinlə,
Şəhidliyə sevinən cəsarətli əsgərim,-
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim.
Yıxıldı şər-şeytanın şər qalası dibindən,
Qayalar parçalandı, dağ yarıldı zərbindən,
Bütün dünya danışır, döyüşündən, hərbindən,
Dünya hərb tarixində şan-şöhrətli əsgərim,-
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim.
Düşmənə qan uddurub, uddun haqq savaşını,
Qoymadın namərdlərin daş üstündə daşını,
Zirvələrə ucaltdın sən xalqımın başını,
Ölüm-dirim cəngində məharətli əsgərim,-
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim.
Həqiqətə söykənib, torpağından güc aldın,
Dostları sevindirib, düşmənindən öc aldın,
Sən şəhidlik, qazilik məqamına ucaldın,
And içilir başına, kəramətli əsgərim, –
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim.
Qoca şərqin danında zəfərin çıraq kimi,
Qələbə zirvəsinə sancıldın bayraq kimi,
Yenilməz qeyrətinə söykənmişik dağ kimi,
Xalq sənə arxalanır, ey qüdrətli əsgərim,-
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim.
Təzə səhifə açdın hünərinlə cahanda,
Azadlığım cücərdi tökdüyünüz o qanda,
Bayrağımı ucaltdın Şuşada, Zəngilanda,
Azad etdin yurdumu, fərasətli əsgərim, –
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim.
Ali rütbəyə qalxdı Ali Baş Komandanım,
Türk türkə arxalandı, günəş doğdu al danım,
Qanınla bütöv oldu canım Azərbaycanım,
İki can, iki dövlət, bir millətli əsgərim, –
Sən qürur mənbəyimsən, rəşadətli əsgərim…
Ağlama şəhid anası
Ağlama, şəhid anası, sil gözünün yaşını,
Sən düşmənin anasını ağladanın anasısan.
Başı qarlı dağlar kimi uca saxla başını,
Haqsızlığın ürəyini dağladanın anasısan.
Ağlama şəhid anası,
Sən namusu dirıltməkçün ölənlərin anasısan,
Qeyrətimin ləkəsini alnımızdan silənlərin anasısan,
Azadlığı öz canından daha şirin bilənlərin anasısan.
Ağlama şəhid anası
Elə oğul böyütdün ki, şirə döndü, aslan oldu,
Hünəriylə tarix yazdı, şücaəti dastan oldu,
Şəhid qanı çiləndikcə Qarabağ gülüstan oldu…
Ağlama şəhid anası
Seçilmişlər qara gündə ağ atına minib gəldi,
Xilaskar tək haqsızlığın şər taxtını yenib gəldi,
Sən dünyaya gətirdiyin el oğluna dönüb gəldi,
Ağlama şəhid anası
Hər şəhid bir şah dağıdır, vüqarından güc alırıq,
Dostları sevindiririk, düşmənlərdən öc alırıq,
Qazi-qazi böyüyürük, şəhid-şəhid ucalırıq
Ağlama şəhid anası
Fəxr eləyək, qürur duyaq, yoxluqları vardan baha,
Nur simalı şəhidlərim, işıqdı, nurdu sabaha,
Sənin, mənim balam deyil, Allahın oğludur daha,
Ağlama, şəhid anası.
Zəfər simvolu oldular bir millətin tarixində,
Qızıl hərflə həkk oldular məmləkətin tarixində
Mələk məqamı aldılar qüdsiyyətin tarixində,
Ağlama şəhid anası
Zəfər çaldı, şəhid oldu, bayrağa döndü oğullar,
Xarıbülbül azadlığın gül ətrini saçdı bu yaz.
Ağlama şəhid anası
Şəhid məzarı üstündə cığır itməz, güllər solmaz,
Adi ana deyilsən sən,
Sən bir mələk anasısan, mələkdən mələk doğular.
Ağlama şəhid anası,
Mələkdə göz yaşı olmaz…





