Son yeniləmə: 7 Oktyabr 2025
Yaxud, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşən açıq təbiət muzeyi
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi son illərdə kənd turizmi və xüsusilə “turizm kəndləri”, yaxud “trustik kənd” anlayışı dünya miqyasında böyük aktuallıq qazanıb. Çünki qloballaşma və urbanizasiyanın sürətlə artdığı bir dövrdə, təbiətə, o cümlədən milli-mədəni dəyərlərə əsaslanan bu yeni turizm forması həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli bir trendlə çevrilib.
Dünyanın ən uğurlu turizm kəndləri
Yeri gəlmişkən, turizm kəndi-kiçik yaşayış məntəqəsidir ki, orada yerli icmanın mədəni irsi, adət-ənənələri, təbii gözəllikləri və həyat tərzi turizm vasitəsilə təqdim olunur. Bu kəndlərdə əsas məqsəd, yerli əhalinin rifahını artırmaqla yanaşı, təbiət və mədəniyyətin qorunmasına töhfə verməkdir. Davamlı turizmin prinsiplərinə əsaslanan bu modeldə həm iqtisadi, həm ekoloji, həm də sosial tarazlıq qorunur.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) hər il dünyanın müxtəlif bölgələrindən ən uğurlu turizm kəndlərini müəyyənləşdirir. Məsələn: Huangling (Çin)-ənənəvi Hui memarlığı və dağ mənzərələri ilə seçilir. Kumbalangi (Hindistan)-ekoturizmin uğurlu nümunəsi, kənd həyatının və balıqçılığın canlı şəkildə təqdim olunduğu məkandır. Şirakava-go (Yaponiya)-Gasshō-zukuri tipli saman damlı evləri ilə UNESCO Dünya İrs Siyahısına daxil edilmişdir. Nungvi (Tanzaniya)-dəniz sahilində yerləşən və dəniz turizminin mərkəzinə çevrilmiş ən məşhur Afrika kəndlərindən biridir. UNWTO-nun 2024-cü il üçün “Best Tourism Villages” siyahısında 55 turistik kənd yer alıb.
Azərbaycanda turizm kəndlərinin formalaşması üçün böyük potensial var
Bu məqamda onu da xüsusi qeyd etməliyik ki, Azərbaycan zəngin təbiəti, tarixi irsi, etnoqrafik dəyərləri və qonaqpərvər xalq mədəniyyəti ilə turizm kəndlərinin formalaşması üçün böyük potensiala malikdir. Ölkənin müxtəlif bölgələrində yerləşən kəndlər bu baxımdan seçilir. Bu kəndlərdə turizm kəndi konsepsiyasının inkişafı həm yerli icmaların iqtisadi fəallığını artırır, həm də Azərbaycanın mədəni irsinin qorunmasına xidmət edir. Onlardan biri də Astaranın Sım kəndidir.

Qeyd edək ki, oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edildi. Mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizmi imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdıldı.
Kənan Quluzadə: DTA tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənməkdədir
Məlumat üçün bildirək ki, Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir. Hirkan meşələrinin əhatəsində, Təngərudçayın sahilində yerləşən bu kənd haqqında sonra daha ətraflı məlumat verəcəyik. Hələlik isə qeyd edək ki, mediatur Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin jurnalistlər üçün qısa təqdimat-çıxışı ilə başladı.

Qeyd olundu ki, regionlarda turizmin inkişafı, yeni destinasiyaların formalaşdırılması və turizm klasterlərinin yaradılması məqsədilə müxtəlif istiqamətdə tədbirlər görülür: “Bu istiqamətdə Agentlik tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənməkdədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən Dövlət Turizm Agentliyi tərəfindən seçilmiş kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun turizm infrastrukturunun yaradılması layihəsi icra olunmaqdadır. Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünün yaxşılaşdırılması və kəndin abadlaşdırılması vasitəsilə turizm və onun ətrafında məşğulluq imkanlarının genişləndirilməsidir”.

O da vurğulandı ki, DTA-nın təşəbbüsü ilə turizm şirkətləri və blogerlər üçün cənub bölgəsinə, o cümlədən Sım kəndinə mütəmadi olaraq infoturlar təşkil edilir.
Elgün Cavadov: Məqsəd Azərbaycanın kənd turizm potensialını göstərən nümunəvi kənd yaratmaqdır
“Dövlət Turizm Agentliyi tərəfindən regionlarda turizmin inkişafı istiqamətində əsas prioritetlərimizdən biri kənd turizminin inkişafı olmuşdur. Bu günə kimi, yəni DTA yaradıldığı dövrdən bu günə qədər müəyyən istiqamətləri ayırmışıq. Bunlardan biri əlbəttə ki, kənd əhalisinin məşğulluğunun artırılması və onların məşğulluq qabiliyyətinin gücləndirilməsi istiqamətində vəsaitlərin hazırlanması olub”.
Bunu isə mediatur zamanı jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov dedi.

Onun sözlərinə görə Dövlət Turizm Agentliyi Dövlət Proqramı çərçivəsində müvafiq addımlar atır: “Proqrama əsasən turistik kənd konsepsiyasına uyğun kəndlər seçilməli və həmin kəndlərdə infrastrukturun yaradılması tapşırığı qoyulub. Artıq “Turistik kənd” layihəsi Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, eləcə də Astaranın Sım kəndini əhatə edir. Burada əsas məqsəd turizm baxımından cəlbedici olan, icması yaşayan və əhali tərəfindən maraq göstərilən kəndləri seçib orada abadlaşdırma işlərini həyata keçirməkdir. Bu da gələcəkdə digər kəndlərə-yəni dövlətin vəsaiti nəzərdə tutulmayan, öz imkanları ilə bu işləri görə bilməyən kəndlərə stimul verəcək ki, buradan əldə olunan nəticələr əsasında onlar da öz təşəbbüslərini reallaşdırsınlar”.

Bildirildi ki, DTA-nın dəstəyi ilə həyata keçirilən layihələr kəndin turizm potensialının genişləndirilməsinə xidmət edir.
Davamı olacaq…









