Azərbaycanı sadəcə qardaş ölkə kimi deyil, ürəkdən bağlı olduğu bir yurd kimi qəbul edən Barış Mançonun xatirəsi Bakıda böyük coşqu ilə anıldı
BAYRAQDAR MEDİA – Barış Manço. Bu bu gün Azərbaycanda mütləq əksəriyyət bu adı, bu sənət xadimini tanıyır, onun adı gələndə şirim xatirələrə dalır və Azərbaycan sevdalısı olan Barış Mançonun əziz xatirəsini ehtiramla yad edir. Barış Manço ilk dəfə Azərbaycanda ötən əsrin 90-cı illərinin ilk yarısında daha yaxından tanındı. Həmin illərə şahidlik etmiş insanlar – hansıki onların arasında bu yazının müəllifi də var – Barış Mançonu təkcə tanınmış bir sənətkar kimi deyil, eyni zamanda Azərbaycanın ağrı-acısına biganə qalmayan ƏZİZ BİR DOST kimi xatırlayırlar.
Barış Manço Azərbaycanda çətin gündə dostluq əlini uzadan bir mədəniyyət elçisi kimi xatırlanır
Türk musiqisinin ən önəmli simalarından biri olan Barış Manço rok musiqisini milli motivlərlə birləşdirərək özünəməxsus üslub yaratmış, 7-dən 77-yə hər kəsin qəlbinə yol tapmağı bacarmışdı. Lakin bizlər üçün o, təkcə böyük sənətkar deyil, həm də Azərbaycan sevdalısı idi. Çünki Barış Manço ölkəmizin ən gərgin və həssas vaxtlarında Azərbaycana səfərlər etmiş, burada insanlarla görüşmüş, xalqımıza mənəvi dəstəyini ifadə etmişdi.

O, Azərbaycanı sadəcə qardaş ölkə kimi deyil, ürəkdən bağlı olduğu bir yurd kimi qəbul edirdi.
Çıxışlarında və müsahibələrində Azərbaycan xalqına olan sevgisini xüsusi vurğulayır, iki xalqın ortaq tarix və mədəniyyət bağlarını daim önə çəkirdi. Məhz buna görə də Barış Manço Azərbaycanda yalnız səhnənin ulduzu kimi deyil, çətin gündə dostluq əlini uzadan bir mədəniyyət elçisi kimi xatırlanır. Onun adı bu gün də həm sənəti, həm də səmimi münasibəti ilə ehtiramla anılır.
Barış Manço bu gün də həm Türkiyədə, həm də türk dünyasında böyük ehtiramla xatırlanır
Qeyd etdiyimiz kimi türk musiqisinin ən parlaq simalarından biri olan Barış Manço, rok musiqisini Anadolu motivləri ilə sintez edərək özünəməxsus üslub yaratmış və geniş auditoriyanın sevgisini qazanmışdır. “7-dən 77-yə” şüarı ilə hər yaş qrupuna xitab edən Barış Manço, yalnız müğənni deyil, həm də bəstəkar, televiziya aparıcısı və mədəniyyət elçisi kimi tanınıb.
Onun hazırladığı televiziya proqramları müxtəlif xalqların mədəniyyətlərini tanıtmaqla yanaşı, Türkiyəni dünyaya sevdirən mühüm layihələrdən olub. 140-dan artıq ölkəyə səyahət edən sənətkar, musiqisi və humanist mesajları ilə sülh, sevgi və qardaşlıq ideyalarını təbliğ edib. Barış Manço bu gün də həm Türkiyədə, həm də türk dünyasında böyük ehtiramla xatırlanır və mahnıları nəsillər arasında körpü rolunu oynamaqda davam edir.

Elə fevralın 13-də Bakıda təşkil edilən Barış Mançonun Anım Proqramı da məhz bu həqiqəti növbəti dəfə ortaya qoydu.

Xatırladaq ki, Bakı Yunus Emre İnstitutu tərəfindən təşkil edilən, Beynəlxalq Muğam Mərkəzinin ev sahibliyində, Azərbaycan Milli Konservatoriyası və Türk Dünyası Bakü Atatürk Lisesinin əməkdaşlığı çərçivəsidnə “Musiqinin Barışı, Barışın müsiqisi” şüarı ilə keçirilən anım proqramında öncə Barış Manço haqqında videofilim nümayiş etdirildi.
Gökhan Seyhan: Barış Manço musiqisi ilə nəsilləri birləşdirən, sözləri ilə sevgi, barış və insanlıq dəyərlərini dünyaya çatdıran unudulmaz mədəniyyət elçisidir
Açılış çıxışı edən Bakı Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan öncə tədbri iştirakçılarını salamladı.

O, çıxışında bildirdi ki, bu gecənin iştirakçıları türk dünyasının qəlbində özünəməxsus yerə malik olan Barış Mançonun əsərləri musiqi, xatirə və ortaq mədəni yaddaş müstəvisində bir araya gəlib: “Bakı Yunus Emre İnstitut olaraq musiqisi ilə nəsilləri birləşdirən, sözləri ilə sevgi, barış və insanlıq dəyərlərini həm Türkiyəyə, həm də dünyaya çatdıran unudulmaz mədəniyyət elçisi Barış Mançonun xatirəsinə həsr olunmuş anım proqramı təşkil etməyi özümüzə borc bildik. Bu işdə bizə dəstək olan hər kəsə minnətdarıq”.
Etibar Babayev: Barış dünya vətəndaşıdır
Mərasimdə çıxış edən Əməkdar jurnalist, professor Etibar Babayev Barış Manço ilə dostluq tarixçəsindən danışdı.
E.Babayev həmçinin Barış Mançonun xalq tərəfindən sevildiyini dedi: “Hörmətli dostlar bu gün biz bura Barış işığına toplaşmışıq. Barış elə bir insan idi ki, onu bu salondakıların hamısı tanıyır. Bildiyiniz kimi salon doludur və daha çox gəlmək istəyənlər var. Mən əminəm ki əgər biz bu xatirə gecəsini Bakının ən böyük mədəniyə salonda keçirsəydik yenə də ora tam dolardı və qapıda da qalanlar olardı. Çünki Barışı hamı çox sevir, çünki Barış hər kəs tərəfindən sevilir. Çünki Barış dünya vətəndaşıdır. O, Türkiyəni dünyaya sevdirən bir insandır”.

Barış Mançonun Azərbaycana xüsusi sevgi və məhəbbətlə yanaşdığını qeyd edən Etibar Babayev həmçinin onu da bildirdi ki, Barış Manço haqqında kitab yazıb.
“Barış körpüsü” adlanan kitaba Barış Mançonun həyat və yaradıcılığı, Azərbaycandakı fəaliyəti ilə bağlı kifayət qədər geniş materiallar, Etibar Babayevin və digər dostların xatirələri, eləcə də xeyli sayda fotoşəkil daxil edilib.

Çıxışlardan sonra söz musiqiyə verildi. Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tələbələri, Bakı Atatürk Liseyinin kiçikyaşlı şagirdləri, həmçinin xanəndə Habil Məmmədov və tələbələri tərəfindən Barış Manço mahnıları ifa edildi, rəqs nömrələri təqdim olundu.

Barış Mançonun Azərbaycanda və dünyada sevilən mahnıları tamaşaçılar tərəfindən uzun müddəti alqışlarla qarşılandı. Bir sözlə Bakıda bir Barış Manço rüzgarı əsdi. Elə bir rüzgar ki, bizləri xəyalən yenidən Barış Mançolu günlərə qaytardı.













