Son yeniləmə: 7 Oktyabr 2025
BAYRAQDAR MEDİA – Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi növbəti dəfə sazlı-sözlü toplantı keçirib.
Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ulduzlar”ın baş katibi “Aqşin Dadaşoğlu ilə səhər yeməyi” süfrəsində toplaşan qələm adamları və qonaqlar ədəbiyyat söhbətləri edib, şeirlər səsləndirib, ifalar dinləyib.
Səhər yeməyində AYB Quba bölməsinin rəhbəri, Azərbaycanın tanınmış şairi Ramiz Qusarçaylı, həmçinin qubalı şair Ayaz Səlimxanoğlu da iştirak edib.
Ev sahibi qismində çıxış edən Aqşin Dadaşoğlu “Ulduzlar”ın artıq ikinci dəfə belə formatda toplaşmasının ciddi irəliləyiş və ürəkaçan dəyişiklik olduğunu deyib.
Ramiz Qusarçaylı da öz növbəsində ədəbi məclislərin yeni formatda təşkilinin ürəkaçan olduğunu vurğulayıb.
Toplantı boyunca Ramiz Qusarçaylı və Aqşin Dadaşoğlu ilə birgə digər üzvlər və qonaqlar da fikirlərini səsləndirib, şeirlər ifa ediblər.
Şairlərdən Məmməd Qədir, Mövlan Şahid, Əlyar Ələsgər, Səxavət Ənvəroğlu, Cümşüd Aydəmir, Qərib Aşkari, Firudin Həvəskar, Kənan Rahi öz şeirlərini səsləndirib, maraqlı fikirlər söyləyiblər.
Xanımlardan Gözəl Azayeva, Mehparə Sadıqova, Rübabə Mustafayeva, Gülçəmən Həbibova da şeirlər səsləndirib.
Eyni zamanda tədbirdə iştirak edən Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova da maraqlı çıxışlar edib, belə formatda ədəbiyyat məclisinin keçirilməsini yüksək dəyərləndiriblər.
Tədbir boyunca şair, “Dahi” qəzetinin baş redaktoru İbrahim Ağçaylı öz şeirlərini səsləndirməklə bərabər sazda müxtəlif parçalar səsləndirib, qiraətçiləri müşayiət edib.
Bölgənin tanınmış blogeri, ictimai fəal Osman İmamov da tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəhmətini əsirgəməyib.
Qeyd edək ki, toplantıda Əməkdar jurnalist Azər Həsrət də iştirak edib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.





