Press "Enter" to skip to content

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Sev”in təqdimatı

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin yeni əsəri – “Sev” romanının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Əməkdar jurnalist və yazıçı Yunis Orucov qeyd edib ki, roman Azərbaycan ədəbiyyatına, xüsusən də müasir nəsrə sanballı töhfədir.

Sonra söz müəllif Natiq Məmmədliyə verilib. Müəllif əsərin üzərində yaradıcılıq prosesi, onun adının seçilməsindən danışıb.

Qeyd edilib ki, müasir ədəbiyyatın hədəf auditoriyası gənclərdir və onlar “biz niyə kitab oxuyuruq?” sualına cavab axtarmalıdırlar: “Roman əfsanəvi məhəbbət nəğməkarı Sarı Aşığın kitabıdır. Onun gerçək dastanı əsərin ruhuna hopur. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür. Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır”.

O da vurğulanıb ki, “Sev” əsl səyahət romanıdır: “Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Romanda postmodernizm elementləri, qloballaşmaya yeni münasibət, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var. Bu baxımdan “Sev” öz fəlsəfi-estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivəsindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar Yurduna can atır”.

Müəllif onu da qeyd edib ki, epiqrafda əsəri başa düşməyin asan yolu da göstərilir: “Yalnız sevənlər anlayar”.

Mission News Theme by Compete Themes.