Press "Enter" to skip to content

Sım – Azərbaycanın qədim yaşayış məskənlərindən biri-2

Mediaturdan xatirə fotosu

Yaxud, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşən açıq təbiət muzeyi

BAYRAQDAR MEDİA – Elgün Cavadov vurğuladı ki, bu günə qədər kənddə məşğulluqla bağlı müəyyən işlər görülüb.

Sım cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib

Onun sözlərinə görə, layihə çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Sım kəndinin turizm potensialının qiymətləndirilməsi aparılaraq kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb: “Həmçinin təndir evləri hazırlanıb, sanitar qovşaq inşa edilib, kənd boyu 32-dən çox məlumat lövhəsi quraşdırılıb, kəndin yolu müvafiq qurumlarla müəyyən dərəcədə düzəldilib. Gələcəkdə kənd içi yolların tamamilə təmiri də nəzərdə tutulur.

Turistlər üçün yenidən qurulan təndirxana
Turistlər üçün yenidən qurulan təndirxana

Bundan əlavə, cari ildə agentliyin qrant müsabiqəsi çərçivəsində iki layihə icra olunur. Bunlardan biri arıçılıq təsərrüfatının inkişafıdır- nümunəvi arıçılıq təsərrüfatı yaradılır. Digəri isə kənddə bəzi infrastruktur obyektlərinin qurulmasıdır. Məsələn, satış köşkü hazırda tikilir. Bu gün biz açıq hava muzeyini də görəcəyik. Onun gələcəkdə ayrıca binasının inşası nəzərdə tutulur. Həmçinin piknik ərazilərinin yaradılması, uşaqlı ailələr üçün oyun meydançasının salınması planlaşdırılıb. Bütün bunlar qrant layihəsi çərçivəsində DTA-nın maliyyələşdirməsi ilə həyata keçiriləcək”.

Kənddə görülən işlərin nəticəsi olaraq turistlərin sayı xeyli artıb

Qeyd edildi ki, ümumiyyətlə, kənddə görülən işlərin nəticəsi olaraq turistlərin sayı xeyli artıb: “Vaxtilə buraya il ərzində minə yaxın turist gəlirdisə, artıq indi yay vaxtı hər ay ərzində 2000-dən çox turist gəlir. 2017–2019-cu illərlə müqayisədə, son iki ildə tendensiya tamamilə dəyişib. Bundan sonrakı illərdə də burada mütəmadi olaraq infrastrukturun yaxşılaşdırılması və yenilənməsi nəzərdə tutulur. Xüsusilə kənd içi yolların düzəldilməsi, fasad işlərinin aparılması -kənd evlərinin və küçələrin görünüşünün abadlaşdırılması planlaşdırılır. Bütün bunların nəticəsində məqsədimiz Azərbaycanın kənd turizm potensialını göstərən nümunəvi bir kənd yaratmaqdır”.

Sım kəndi hər daşında bir tarix yatan məkandır

Bu məqamda “Sım”ın mənası və bu kəndin turistlər üçün cəlbediciliyinin səbəbi barədə məlumat verək. Məlumatlara əsasən “Sım” sözü talış dilində “sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasındadır.
Rəvayətə görə, Sım kəndinin adı Nuh Peyğəmbərin oğlunun adından – Samdan götürülüb, sonradan dəyişərək Sım olub.

Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov dedi ki, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir
Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov dedi ki, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir

Mediatur zamanı Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov dedi ki, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir: “Bu qədim yaşayış məntəqəsi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sım kəndində 50-yə yaxın bulaq 2 şəlalə var. var. Qədim yaşayış məskəni zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də tanınır. Kənddə yerləşən Buzxana mağarası turistlərin diqqətini daha çox özünə cəlb edir. Burada təbiətin gözəlliyi ilə tarixilik harmoniya təşkil edir”.

Məlumatlara əsasən hər daşında bir tarix olan bu sirli-sehrli kənddə 190 təsərrüfat fəaliyyət göstərir.

Şəxsi evdə yerləşən açıq muzey

Kəndi yerli və xarici turistlər üçün cəlbedici edən daha bir məqama gəlincə, bu günə qədər gəlib çatmış maddi mədəni və yazılı mənbələrdən aydın olur ki, burada hələ eramızdan əvvəl inkişaf etmiş sivilizasiya mövcud olub.

Mediatur zamanı yerli bələdçilər bildirdilər ki, bu qədim yaşayış məskənində hökmdarların iqamətgahının olması ilə bağlı faktlar da mövcuddur. Hökmdarın taxtını əvəz edən “şah daşı”, həbsxana və bu günə qədər araşdırılmayan çoxsaylı Mixi yazılarını buna misal göstərmək olar.

Aliyə Xalıqova
Aliyə Xalıqova

Bu arada qeyd edək ki, Astaranın Sım kəndində yaşayan Aliyə və Ruslan Xalıqovlar illər ərzində kənd ərazisində tapdıqları maddi-mədəniyyət nümunələrini öz həyətlərinə toplayıblar. Onlar həmin nümunələri turistlərə və başqa ziyarətçilərə nümayiş etdirirlər. Aliyə xanım dedi ki, həyət muzeyində müxtəlif dövrlərə aid eksponatlar yer alır. Onların içərisində ən dəyərli nümunələrdən biri üzərində qayaüstü təsvirlər olan daş parçasıdır.

Kənd həyatını yaşamaq üçün təqdim edilən kənd evləri

Sıma ziyarətə gələn turistlər burad gecələmək üçün də imkana malidirlər. Belə ki, kənddə öz evlərini turistlərə günlük kirayə verən sakinlər var. Bunlardan biri də uzun illərdir yaşadığı evi turistlərə kirayə verən kənd sakini Pərviz Salayevdir.

Pərviz Salayev
Pərviz Salayev

Onunla söhbətdən bəlli oldu ki, xüsusilə Avropadan gələn turistlər həm kəndə, həm də kənd evlərinə böyük maraq göstərir: “Belçika, Almaniya, Çexiya, Fransa və İtaliyadan olan turistlər artıq bu məkanda olublar Yerli və xarici turistlər bura gəlib 2-3 gün, hətta bəzən bir həftə kənd evlərində qalır, kənd həyatı ilə tanış olurlar. Qalmaq üçün təkilf edilən evlərin qiymətinə gəlincə, məsələn 8 nəfərlik üçün 1 gecəlik qiymət 100 manat edir”.

P.Salayev əlavə etdi ki, turistlər bu evdə qalmaqla yanaşı, qədimlərdən gələn və hazırda da qorunan dəmirçilik sənəti ilə yaxından tanış olmaq, təbiət qoynunda dincəlmək, bir sözlə real kənd həyatını yaşamaq imkanı əldə edirlər”.

Dəmirçixana
Dəmirçixana

Onu da qeyd edək ki, mediaturun sonunda qələm əhli Sım şəlaləsini də görmək imkanı əldə etdi. Öz əzəməti və cəlbediciliyi ilə seçilən şəlalə xarici turistlərin də daha çox baş çəkdiyi məkanlardan biridir.

Sım şəlaləsi
Sım şəlaləsi

Və sonda bir turisti cəlb edən həm ərazinin qədimliyi və əsrarəngliliyi, həm də zəngin mətbəxidir. Sım bu baxımdan da ön sırada dayanır. DTA bura gələn turistlərin yerli mətbəxlə tanış olması üçün də müvafiq addımlar atıb. Turistlər inşa edilmiş xüsusi yerdə yerli mətbəx nümunələrini sifariş verə, yaxud da elə o məkanın tam yanıda yerləşən və DTA tərəfindən yenidən qurulan Təndirxanadan isti çorək, ləvəngi, digər yerli xəmir yemək nümunələri ala bilərlər.

Sım-Azərbaycanın qədim yaşayış məskənlərindən biri-1

Mission News Theme by Compete Themes.