Press "Enter" to skip to content

Görkəmli şairin yubileyi təntənə ilə qeyd edilib

Firuzə Məmmədli

BAYRAQDAR MEDİA – Əslən Xaçmazdan olan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri Firuzə Məmmədlinin 85 illik yubileyi doğma yurdunda təntənə ilə qeyd edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkil etdiyi, rayon ictimaiyyətinin geniş iştirakı ilə keçirilən tədbirdə AYB sədri, Xalq yazıçısı Anar və başqa hörmətli qonaqlar iştirak edib.

Tədbir öncəsi sərgi
Tədbir öncəsi sərgi

Xaçmaz şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin geniş zalında həm ədəbiyyat həvəskarları, həm də şair və yazıçılar, elm adamları, ağsaqqallar yer alıb. Eyni zamanda rayonda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi, həmçinin “İlham çeşməsi” Elmi-Ədəbi Məclisi və “Söz işığında” Ədəbi Məclisinin təmsilçiləri tədbirə qatılıblar.

Tanınmış jurnalist Ramiz Ramazanlının moderatorluğu ilə “Sənətin Firuzəsi” adı altında keçən tədbirdə əvvəlcə yubilyar haqqında bioqrafik məlumatlar səsləndirilib, ardından da qısa film təqdim olunub.

Ramiz Ramazanlı peşəkar aparıcıdır
Ramiz Ramazanlı peşəkar aparıcıdır

Yubilyarı ilk olaraq təbrik edən Anar onunla uzun illər bir yerdə işləməsindən, istedadlı şair olmaqla bərabər elm fədaisi, yaxşı yoldaş və çalışqan bir xanım olmasından söz açıb. O, Firuzə Məmmədlini müasir Azərbaycan poeziyasının ən parlaq təmsilçilərindən biri kimi xarakterizə edib.

Xalq yazıçısı Anar
Xalq yazıçısı Anar

Daha sonra çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlətin sənət, ədəbiyyat adamlarına münasibətindən danışıb. O, belə şəxslərin təkcə bir rayonun deyil, bütövlükdə Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat həyatında mühüm rol oynadığını deyib. İcra başçısı bu cür şəxslər arasında istedadlı şair, elm adamı Firuzə Məmmədlinin olduğunu məmnuniyyətlə vurğulayıb. Elnur Rzayev yubilyarı Fəxri fərmanla təltif edib.

Elnur Rzayev yubilyarı təltif edir
Elnur Rzayev yubilyarı təltif edir

Növbəti çıxışçı – İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət sözünə Firuzə Məmmədlinin 2021-ci ildə yazdığı “A dostlar, a tanışlar” adlı şeirindən (aşağıda verilir) bir bənd ilə başlayıb. O, şairin uzun illərə dayanan fəaliyyətindən təqdirlə danışıb, ona neçə-neçə yubileylər arzu edib.

Azər Həsrət yubilyarı təbrik edir
Azər Həsrət yubilyarı təbrik edir

Azər Həsrət eyni zamanda dövlətin, onun yerli təmsilçisi olan Xaçmaz Rayon İcra Hakimiyyətinin ədəbiyyat adamlarına dəyər verməsindən danışıb, bu yanaşmanı təqdir etdiyini deyib.

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva da çıxışında yubilyar haqqında xoş sözlər deyib, onun həyat və yaradıcılığına işıq tutub. O, Firuzə Məmmədlinin Xaçmazda, həmçinin Azərbaycanda və ondan kənarda sevildiyini xüsusi vurğulayıb. Pakizə Mehdiyeva bildirib ki, bir neçə ildir fəaliyyət göstərən “Firuzə ədəbiyyat ocağı” həm də Xaçmazın ədəbi həyatına əlavə töhfələr verməkdədir.

Pakizə Mehdiyevadan yubilyara böyük sayğı
Pakizə Mehdiyevadan yubilyara böyük sayğı

Digər çıxışçılar da yubilyar haqqında danışaraq ona öz diləklərini çatdırıblar.

Tədbir boyunca musiqi nömrələri təqdim edilib, məktəblilərin və qiraətçilərin ifasında şeirlər səsləndirilib.

Qeyd edək ki, Firuzə Məmmədli 1940-cı ildə Xaçmazın qədim yaşayış məskənlərindən olan Canaxır kəndində anadan olub. Geniş və zəngin ömür yoluna sahib olan yubilyar şeir yaradıcılığı ilə bərabər dərs vəsaitləri, metodik tövsiyə və proqramların da müəllifidir. Onun 50-dək kitabı nəşr edilib, bədii yaradıcılığı 10 cildlik seçilmiş əsərlərində oxuculara təqdim edilib.

Sözardı: Fotolar Xaçmaz Rayon İcra Hakimiyyətinə aiddir.

Firuzə Məmmədli: A dostlar, a tanışlar

Uzaq sanırdım elə, yaxın bilib gəlmişəm,
İçimdə bardaş quran səbrə gülüb gəlmişəm.
Gözümdə – həsrət yaşı… sözlə silib gəlmişəm,
Sizə doğru gəlmişəm, a dostlar, a tanışlar.

Bəlkə də səhv etmişəm, düz etmişəm, bəlkə də,
Bildim-bilmədim, elə söz etmişəm, bəlkə də.
Barışmağı-küsməyi tez etmişəm, bəlkə də,–
Oğrun-oğrun gəlmişəm, a dostlar, a tanışlar.

Həm mənimmiş, həm sizin, öz izim deyiləmmiş,
El-oba məzəmməti, xoş üzü deyiləmmiş.
Bu nə yeriş, bu nə nitq?! Mən özüm deyiləmmiş,
Yaman yorğun gəlmişəm, a dostlar, a tanışlar.

Aylar, illər arxada, fikrim, hissim dolaşıq,
Oğrun baxışınızda – gəlişimə yol açıq.
Demirəm ki, gəlirəm, qarşılayın, qol açın,
Şaxta, çovğun gəlmişəm, a dostlar, a tanışlar.

Bir az ömür soyuğu, bir az möhnət soyuğu,
İradə yoxluğunda – bir az töhmət soyuğu.
Məni çovğun elədi bir də şöhrət soyuğu,
Solub, solğun gəlmişəm, a dostlar, a tanışlar.

Mission News Theme by Compete Themes.