BAYRAQDAR MEDİA – Oktyabrın 10-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsində Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən şöbədən daxil olub.
Xəbərdə deyilir ki, “şöbənin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim, Dos. Faiq Ələkbərli əməkdaşları və seminar iştirakçılarını salamlayaraq qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə əlaqədar Azərbaycanda və eləcə də AMEA-da bir sıra tədbirlər keçirilir. F.Ələkbərli bildirib ki, müəllifi olduğu 3 cilddə “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının II cildində (birinci kitabda) Fətəli xan Xoyludan da bəhs edib”.
Alim bildirib ki, F.X.Xoylu parlamentdəki çıxışlarında Azərbaycanda milli-dini ayrı-seçkiliyin olmamasını dəfələrlə bəyan edib: “O deyirdi ki, Azərbaycan türkləri heç bir zaman bu Vətəni özlərinə tək övlad kimi görməyiblər. Bu baxımdan Azərbaycan Cümhuriyyəti türk, qeyri-türk bütün xalqlar, etnoslar üçün Vətəndir və Milli İstiqlalı hər bir kəs qorumalıdır. 27 aprel işğalından sonra Tiflisə gedən F.X.Xoylu 1920-ci ilin iyunun 19-da erməni terrorçuları tərəfindən şəhid edilib”.
Qeyd edək ki, seminar mövzusu ətrafında diskusiyalar olub, geniş müzakirələr aparılıb.





