BAYRAQDAR MEDİA – Türk dünyasının ən önəmli mədəni tədbirlərinin gerçəkləşdiyi İstanbulda Beynəlxalq Dərgi Sərgisi keçirilib. “Bir Dünya Dərgi Ramidə. 16-cı Beynəlxalq Dərgi Günləri” 9-12 oktyabrda dünyanın bir çox ölkələrində nəşr edilən 150-dən çox türkdilli dərgini bir araya gətirib.
Rəsmi açılış mərasimində Dünya Dərgiləri Birliyinin başqanı Metin Uçar, İstanbul Şəhər Milli Təhsil İdarəsinin müdiri Murat Mücahit Yentür, keçmiş mədəniyyət və turizm naziri, AK Partiya sözçüsü Mahir Ünal və digərlərinin çıxış etdiyi tədbirdə dörd gün boyunca dərgilərin mədəni inkişafda əhəmiyyətli rolu haqqında bəhs edilib.
Dərgi Günlərində Azərbaycanı təmsil edən “Ulduz”, “Füyuzat” və “İşıq” dərgilərinin stendləri çoxsaylı izləyicilərin marağına səbəb olub. Bu möhtəşəm beynəlxalq tədbirdə baş redaktor Qulu Ağsəsin təklifi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış şair və araşdırmaçılar, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimli və tarix üzrə fəlsəfə doktoru Həyat Şəmi “Ulduz” aylıq ədəbiyyat dərgisini təmsil edib.
Təranə Turan Rəhimli BAYRAQDAR MEDİAya bildirib ki, “İstanbul Beynəlxalq Dərgi Günlərinin ilk günündə ən çox diqqəti çəkən cəhət dərgilərin bir çoxunun məhz gənclərin və yeniyetmələrin əməkləri sayəsində başa gəlməsi idi. Lisey şagirdlərinin nəfis tərtibatla, öz istedad və bacarıqları ilə ərsəyə gətirdiyi yüksək səviyyəli dərgilər türk xalqlarının gələcək mədəni inkişaf estafetinin etibarlı əllərdə olduğunu göstərdi. Bu önəmli tədbirin XVIII əsrin yadigarı və İstanbulun ən böyük kitabxanası olan Rami kitabxanasında keçirilməsi isə xüsusilə rəmzi məna daşıyırdı. Ziyarətçilərinin böyük əksəriyyətinin gənclər olduğu dərgi günlərində “Ulduz”la həm rəsmi qonaqlar, həm də çoxsaylı oxucular maraqlandı. 58 ildir ədəbi gəncliyin inkişafına xidmət edən “Ulduz” dərgisinin stendini çox sayda lisey şagirdi, universitet tələbəsi ziyarət etdi. İstanbul Anadolu Liseyinin şagirdlərinə, rəsmi qonaqlara dərgilər hədiyyə edildi. 1967-ci ildən bəri ədəbi inkişafa xidmət edən “Ulduz”un ilk baş redaktoru, görkəmli şairimiz Cabir Novruzun fəaliyyət illərindən başlayaraq dərginin hazırkı baş redaktoru, tanınmış şairimiz Qulu Ağsəsin xidmətlərinə qədərki inkişaf tarixi haqqında sərgi ziyarətçilərinə məlumat verdik”.

Təranə Turan Rəhimli daha sonra deyib ki, “Azərbaycanda milli ruhun formalaşmasında önəmli rol oynayan, mənəvi inkişafın, ədəbi-mədəni tərəqqinin flaqmanı olan mətbuat orqanlarımız sırasında “Ulduz”un xüsusi yeri olduğunu anlatdıq. Ədəbi nəsillər arasında varislik əlaqəsinin möhkəmlənməsində bu dərginin əhəmiyyəti barədə bəhs etdik. Eyni zamanda onu da vurğuladıq ki, sovet imperiyasının dağıldığı vaxtlarda nəşri dayandırılan “Ulduz” ümummilli liderimiz Heydər Əliyevin ədəbiyyata diqqət və qayğısı sayəsində yenidən nəşrinə davam etdi. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir ictimai quruluşdan digərinə (sosializmdən kapitalizmə) keçidin çətinlikləri mətbuatda çətinliklər və çağırışlar yaratmışdı. Nəticədə bir çox qəzet və jurnallar kimi “Ulduz” jurnalının da nəşri dayandırılmışdı. 1997-ci ildə Azərbaycan Yazıçılarının X Qurultayı ərəfəsində ümummilli lider Heydər Əliyev gənc yazarlarla görüş keçirdi. Prezident sarayında keçirilən bu məclisdə bir çox hörmətli şairlər, yazıçılar, elm adamları, tənqidçilər iştirak edirdi. Mənim də iştirak etdiyim həmin tarixi tədbirdə çıxışlarımızda “Ulduz” jurnalının yenidən nəşri ilə bağlı təkliflər var idi. “Ulduz” jurnalı həmişə ədəbi gəncliyin inkişafında mühüm əhəmiyyət kəsb edən mətbuat orqanı olub. Ulu öndər bu təklifləri qəbul etdi və “Ulduz”un yenidən nəşri haqqında fərman verdi. Beləliklə, 1997-ci il noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə jurnalın nəşri ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənildi. Bütün bu tarixi faktları sərgi iştirakçıları maraqla dinlədilər”.
“Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, “DƏRGİBİR” Birliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları qurumu tərəfindən təşkil olunan beynəlxalq sərgidə iştirak edən dərgilər arasında dostluq, əməkdaşlıq münasibətləri yarandı. Hər zamankından fərqli olaraq bu il mühüm yeniliklərlə yadda qalan sərgidə ilk dəfə Avropa ölkələrində dərc olunan türkdilli jurnallara çoxsaylı stendlər ayrılmışdı. Sərgidə iştirak edən Yunanıstanın Batı Trakya bölgəsində nəşr edilən “Fiyaka”, Bolqarıstanın Filibe şəhərində yayınlanan “Nöbettepe” və Kərkükdə nəşr olunan “Qardaşlıq” dərgiləri ilə “Ulduz” jurnalı arasında dostluq və əməkdaşlıq əlaqələri yaratdıq. Qeyd etmək lazımdır ki, hər üç dərgi türk dünyası üçün önəmli yeri olan mətbu orqanlarıdır. “Fiyaka” Batı Trakya türklərinin ən nüfuzlu ədəbi nəşri, “Nöbettepe” Bolqarıstanda nəşr edilən yeganə türkdilli dərgi, “Qardaşlıq” isə Kərkük yazıçılarının ucadan duyulan səsidir”, – deyə Təranə Turan əlavə edib.
Müsahibimiz bildirib ki, “sərgi günləri boyunca bu əməkdaşlığın bütün təfərrüatlarını müzakirə etdik, qarşılıqlı əlaqələrin beynəlxalq platformada türk xalqları ədəbiyyatına qazandıracağı keyfiyyətlər haqqında bəhs etdik. “Bir Dünya Dərgi Ramidə. 16-cı Beynəlxalq Dərgi Günləri”nin qapanışında “Ulduz” dərgisinin stendimizdə qalan bütün saylarını rəsmi şəkildə Rami kitabxanasına hədiyyə etdik. Azərbaycan ədəbiyyatı araşdırmaçılarına bu dərgilərin yardımçı olacağı şəksizdir”.





