BAYRAQDAR MEDİA – Görkəmli folklorşünas alim, Əməkdar müəllim, filologiya elmləri doktoru, Prof. AMEA-nın müxbir üzvü Azad Nəbiyevin 80 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən alimin əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktoru Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, ixtisas redaktoru Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı, baş biblioqraf Afət Məmmədovadır. Göstəricidə professorun həyatı, elmi-pedaqoji və ictimai siyasi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası – kitab, məqalə və məruzələri, həmçinin alim haqqında yazılmış mənbələr və s. yer alıb”.
Biblioqrafiya filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.





