Press "Enter" to skip to content

Mövlan Şahid: Sevgi özü ən ali fəlsəfədir

Mövlan Şahid

Son yeniləmə: 8 Noyabr 2025

Gözəl
Gözəl

BAYRAQDAR MEDİA Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına Ulduzlar Ədəbi Məclisinin üzvü, oktyabrın 22-də 60 illik yubileyi tamam olan qəzəlxan şair Mövlan Şahidlə müsahibəni təqdim edir.

-Özünüzü öz sözlərinizlə necə təqdim edərdiniz?

-Mən Mövlan Şahid, 1965-ci il oktyabrın 22-də Xaçmaz rayonunun Mürşüdoba kəndində fəhlə ailəsində dünyaya gəlmişəm. 3 övladım, 4 nəvəm var. Qaynaqçıyam. Hal-hazırda işləmirəm. Həm də şairəm. Poeziya ilə 27 yaşımdan məşğul olmağa başlamışam, yaradıcılığımın əsas istiqaməti əruz vəzninin qəzəl janrıdır. İki kitabım – “Gör mən kiməm” və “Bənövşə ətirli qəzəllər” işıq üzü görüb. Üçüncü kitabım – “Söz şəlaləsi” nəşrə hazırlanır.

-Həyatınızı bir cümlə ilə ifadə etsəydiniz, necə olardı?

-Həyat bir cümləyə sığmayan məfhumdur. Ömrümü buna sərf etsəm belə azdır.

-Niyə qəzəl janrı seçdiniz və buna sizi hansı duyğular yönəltdi?

-Poeziya üfüqdən geniş, mənası dərin, mürəkkəb bir dünyadır. Mənə də maraqlı olduğu üçün bu yolu seçdim. Bilmirəm, öhdəsindən layiqincə gəlirəmmi? Onu oxucular və zaman söyləyəcək.

-Ən çox hansı şair və ya klassik sizin yaradıcılığınıza təsir edib?

-Mənim uşaq və gənc yaşlarımdan poeziyaya marağım çox idi. Demək olar, 200-dən çox qəzəlxanın qəzəllərini oxumuşam. Əsasən İmadəddin NəsimiƏlağa Vahid yaradıcılığı mənim üçün idealdır.

-Qəzəl yazmaq sizin üçün doğuşdan gələn istedaddır, yoxsa ciddi zəhmət nəticəsidir?

-Qəzəl janrı ciddi bir yoldur. Bu yolda hər şair tab gətirmir. Yəqin ki, mənə Allah bu yolu məsləhət bilib, nəsib eləyib. Ömrümün sonuna qədər bu yolda özümü təsdiqləyəcəyəm.

-Klassik qəzəl yazmaq sizə nə verir – ifadə azadlığı, ya sığınacaq?

-Mən klassikada özümü tapıram və mənə zövq verir ki, onu yeni üsullarla yaşadım.

-Yazdığınız qəzəllərdə sevgi var, yoxsa həyat fəlsəfəsi?

-Sevgi özü ən ali fəlsəfədir. Onun incəliyini və zərifliyini bilməyən insan, məncə, insan deyil. Sevginin ilahiliyini ariflər bir işarədən anlayarlar və onu təcəssüm edərlər. Sevgi fəlsəfəsi mənim üçün həyatın varlığıdır. Sevgi üstündə yazılan qəzəllərimdə birbaşa Allaha bağlılıq var.

-Özünüzü iddialı bir qələm kimi görürsünüz. Bu iddianın əsasını nə təşkil edir?

-Bəli, mənim iddialı olmağım özümə güvənimdən və inamımdan irəli gəlir. Bir beyt qəzəllə bunu ifadə edim:

Mən mə’nə mən deyirəm, çünki mə’nə mə’ni verib,
Mə’ni məndən ayıran olmaz o, son günümə qədər.

-Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi sizin üçün daha çox ədəbi ailədir, yoxsa yaradıcılıq meydanı?

-Əlbəttə ki, ədəbi ailə. Onun qorunması və inkişafı üçün həyatımı belə həsr edərəm və edirəm. Başa düşənlər görürlər və dəyərləndirirlər. Və bu Məclis həm də şair kimi mənim üçün bir söz meydanıdır.

-Məclisdə iştirak sizin yaradıcılığınıza hansı təsirləri göstərib?

-Mən “Ulduzlar”dan əvvəl əvəzolunmaz ustad şairimiz Ramiz Qusarçaylının rəhbərliyi ilə “Ay işığı” Ədəbi Məclisində iştirak edirdim. 2003-cü ildən etibarən “Ulduzlar”a üzv olmuşam. Əlbəttə ki, ədəbi mühitin mənə təsiri olub. Sırf əruz vəznində yazan şairlərimiz olmasa bu məclislər mənə da şeir və qəzəliyyətin bədii strukturunu öyrədib.

-Məclislərdəki şairlərdən hansı sizə ilham verir və niyə?

-Ümumiyyətlə, bütün şairlərin özlərinə və yaradıcılığına hörmətlə yanaşıram. Qaldı ilham almağıma, yeni söz deyilişi və poetik ifadələr mənim mənəvi qidamdır. Əlbəttə, mənim üçün də indiki zamanın idealları var öz mühitimdə. Ramiz Qusarçaylı, Aqşin DadaşoğluMəmməd Qədir poeziyası mənim üçün ümmandır.

-Gənc şairlərə baxanda ədəbiyyatın gələcəyini necə görürsünüz?

Bax, bu, həyatımın simvoludur. Ədəbiyyatın inkişafı və gələcəyi siz gənclərdədir. Sizin poeziyanızı gələcəyin zirvəsində parlayan bir Günəş kimi görmək istəyirəm. Hər birinizə uğurlu yaradıcılıq və poeziya gözəlliyi arzulayıram.

-Əruz və qəzəl arasında sizin üçün ayrılmaz bir bağlılıq varmı? Varsa, bunu necə izah edərdiniz?

-Əruz vəzni klassik şərq poeziyasının əsas dayaqlarından biridir. Qəzəl janrı isə bu poeziyanın şah növlərindən hesab olunur. Quranın ritmik quruluşu belə bəzi klassik ədəbiyyatçılar tərəfindən əruzun kamil bəhrinə yaxın hesab edilib. Dahi Məhəmməd Füzuli nə gözəl deyib:

Qəzəldir səfayibəxş əhli nəzər,
Qəzəldir gətirən şairə hünər.
Qəzəl de ki, məşhuri dövran ola,
Oxumaqda, yazmaqda asan ola.

-Ətrafınızdakı insanlar sizi sadəcə görürlər, yoxsa yaradıcı potensialınızın da fərqinə varırlar?

-32 ildir ədəbi mühitdəyəm. Son 5 ildir ki, cəmiyyət məni həm də qəzəlxan kimi tanıyır. Dəyər verənlərə öz minnətdarlığımı bildirirəm.

-Oxucunun sizi anladığını hiss edirsiniz, yoxsa qəzəlinizdəki məna çox vaxt dərinlikdə qalır?

-Bu, çox ağrılı sualdır. İstər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə əruza maraq yox dərəcəsindədir, demək olar ki, oxucusu beş-on nəfərdir. Qəzəl janrını, ümumiyyətlə, anlamaq çox çətindir. Əruz vəznini hər insan bilmir və yaradıcılığın bir qismi dərinlikdə qalmaqdadır.

-Ədəbiyyatda hansı izlə qalmaq istəyirsiniz?

-Sadəcə Söz Ustadı – Qəzəlxan kimi:

Aç, oxu hər misramı, sözlərdədir dünyam mənim,
Rəngimə düşdükcə açmış rəsmini rənam mənim.

-Artıq 60 yaşınızı qeyd edirsiniz. Sizi təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq. 60 illik şair ömrünün zirvəsindən baxdıqda ətrafınızda cərəyan edən ədəbi proseslər necə görünür?

-Minnətdarlığımı bildirirəm. Həm təbrikə, həm də bu müsahibəyə görə. Hər bir insanın dünya görüşü və onun dünyaya baxışı, seçimi və dəyərləri var, mənim də o cümlədən. 60 il – yarım əsri adlamaq və yeni həyat mərhələsinə qədəm qoymaq deməkdir. Bugünkü real vəziyyət və ədəbi mühitin inkişafı heç də ürəkaçan deyil. Mən bir ziyalı kimi çox təəssüflənirəm. Gözəl poeziya sahibləri çoxdurlar. Gərək onlar öz dəyərlərini anlasınlar…

Söhbətləşdi: Gözəl

Sözardı: Biz də BAYRAQDAR MEDİA olaraq yubilyar şair Mövlan Şahidi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinə verdiyi töhfə və Xaçmaz ədəbi mühitinin inkişafında rolu danılmaz olan şairdən yeni-yeni əsərlər gözləyir, ümid edirik ki, o, bizi sevindirməyə davam edəcək.

Mission News Theme by Compete Themes.