BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sərgidə “Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti”, “Türk dillərinin müqayisəli morfologiyası” III cildi, “İrəvan qəzasının kameral təsviri”, Azərbaycanın və ümumilikdə Türk dünyasının keçmişdən bu günə doğru uzanan ideoloji, tarixi və mədəni transformasiyalarının analitik şərhinə əsaslanan “Azərbaycan. Qaranlıq keçmişdən aydınlıq tarixə” kitabı, “Azərbaycan xalqının maddi mədəniyyətində İslam ənənələri”, “Dədə Qorqud kitabı”, “Müəllimlər və həmkarlar haqqında”, “Kitabxana kataloqları”, eləcə də 44 günlük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş “Zəfərə addım-addım”, “Əjdaha ləqəbli şəhid” və digərləri yer alıb”.
Eləcə də xəbərdə, “bundan əlavə, sərgidə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə nəşr edilən və Azərbaycanda milli məfkurənin formalaşmasında rolu olan “Dirilik” jurnalının transliterasiyası da nümayiş edilir. Sərgidə “Ömür nağılı”, “Tanrı sovqatım”, “Anam…” şeirlər kitabı kimi bədii ədəbiyyat nümunələri də təqdim olunub” deyə bildirilir.
Qeyd edək ki, sərgilənən bütün ədəbiyyat elektronlaşdırılaraq MEK-in saytındakı “Elektron kitabxana” bölməsinə daxil edilib.





