Press "Enter" to skip to content

“Sonuncu hərbi əmr” təkrar nəşr olunub

BAYRAQDAR MEDİA – Çağdaş udmurt mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin ötən il Azərbaycanda – “Avrasiya PRESS” Nəşriyyat Evində gün üzü görmüş “Sonuncu hərbi əmr” kitabı bugünlərdə ikinci dəfə nəşr olunub. “Sonuncu hərbi əmr” nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, hətta Güney Qafqazda gün üzü görən ilk kitabı olma özəlliyi ilə seçilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dünya Gənc Türk Yazarlar Birliyindən məlumat verilib,

Bildirilib ki, “DGTYB ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ortaq işi olan “Sonuncu hərbi əmr”in layihə rəhbəri və redaktoru Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçiləri – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafa, Tatarıstanda yaşayan soydaşımız, tanınmış ictimai xadim İsmət Orucəliyev, rəyçiləri isə BAMF prezidenti Umud Rəhimoğlu, DGTYB başqanı İntiqam Yaşardır. Udmurt yazıçısının hekayələrini ruscadan Azərbaycan dilinə DGTYB Məsləhət Şurasının üzvləri olan tanınmış ədiblər – Dos.Dr. Ruhəngiz Əliyeva (“Moqdos”, “Vəhşi ləpiri”), Prof.Dr. Rəsmiyyə Sabir (“Sonuncu hərbi əmr”), Dr. Həyat Şəmi (“Üç general”, “Nənəmin xatirəsinə”), yazıçı, türkoloq Şahnaz Kamal (“Padış itib”), tərcüməçi Talehə Əliyeva (“Toranlıqda yad qadın”), AYB Poeziya seksiyasının rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslı (“Göylər belə doluxsunub ağladı”), AYB üzvü, şair Şəfəq Sahibli (“Nit”), AYB üzvü, şair-publisist ŞahməmmədDağlaroğlu (“Şurdoşura gedən yol”) çevirib.

Məlumata əsasən, “Elm və Təhsil”də çıxan ikinci – təkmil nəşr Dr. Fazil Mustafanın “İkinci nəşrə önsöz”ü ilə başlayır: “Sonuncu hərbi əmr”ə həmçinin Umud Rəhimoğlunun “Birinci nəşrə önsöz”ü, Əkbər Qoşalı və filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızının qələmə aldığı “Kiçik əhvalatlar… Böyük həqiqətlər” adlı tanıtım yazısı da daxil edilib. – Önsözlər və tanıtım yazısı kitabın önəminə vurğu edərək, udmurt yazıçının hekayələrindən yola çıxıb – onun bədii yaradıcılığı işığında ədəbi portretini yaradıb. “Sonuncu hərbi əmr”in təmsil etdiyi udmurt ədəbiyyatı Udmurtiyanın dünəni və bu gününün güzgüsü, gələcək yaşamının isə yolgöstərəni sayıla bilər. Onu da vurğulayaq ki, kitabın ilk təqdimatı ötən ilin may ayında Udmurtiya Milli Kitabxanasında, tanınmış mədəniyyət xadimlərinin qatılımı ilə keçirilib. Təqdimatda həmvətənimiz – kitabın tərcüməçilərindən olan Dr. Şahnaz Kamal, kitabın məsləhətçisi İsmət Orucəliyev və Udmurtiyadakı Azərbaycan diasporunun fəalları da iştirak edib.

İkinci nəşrin təqdimatını 2026-cı ilin yazında müəllifin iştirakı ilə Bakıda keçirmək nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.