BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Azərbaycan Konstitusiyası və Suverenlik” adlı biblioqrafik göstərici çapdan çıxıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunan biblioqrafiyada Azərbaycan Konstitusiyasına dair qəbul edilmiş qanun və qərarlar, dərslik və monoqrafiyalar, eləcə də dövri mətbuatda dərc olunmuş elmi və publisistik məqalələr, dissertasiyalar və avtoreferatlar illər üzrə sistemləşdirilərək təqdim edilib. Göstəricidən istifadənin rahatlığını təmin etmək üçün iki dildə soraq-axtarış aparatı hazırlanıb. Vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi kitabxananın əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə Biblioqrafiya şöbəsinin rəhbəri, filologiya üzrə fəlfəsə doktoru Aytən Əliyevadır”.
Sonra xəbərdə, “2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə hazırlanmış bu nəşr Azərbaycanın əsas qanununun qəbulundan ötən dövrdə hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təminatı, eləcə də suverenliyin möhkəmləndirilməsi sahəsində görülən işləri əks etdirən dəyərli mənbə kimi mühüm əhəmiyyət daşıyır. MEK bu nəşri ilə Azərbaycan Konstitusiyasının əhəmiyyətini vurğulayaraq tədqiqatçılar, hüquqşünaslar və gənc oxucular üçün etibarlı elmi məlumat bazası yaradıb” deyə qeyd olunur.
Qeyd edək ki, MEK-in bu və digər nəşrləri kitabxananın elektron bazasında daxili edilərək oxucuların istifadəsinə verilib.





