Qiymətli tədqiqat sayəsində ada türk həmrəyliyinin rəmzi kimi tarixə yenidən daxil olur
BAYRAQDAR MEDİA – Xəzər Universitetində “I. Dünya Savaşında Nargin’de Osmanlı Esirleri – Azerbaycan Türklerinin Esirlere Yardımları” adlı möhtəşəm elmi əsərin təqdimatı olub.
Kitab tədqiqatçı-alim Dosent Dr. Telman Nüsrətoğlunun redaktoruluğu ilə ciddi bir araşdırma nəticəsində Dos. Dr. Resul Köse, Dos. Dr. Mehdi Gəncəli, Dos. Dr. Sadık Çetin, Dr. Şahnaz Kamalova, Dr. Söhrab Mustafayev, Dr. Ramin Fətullayev, Dr. Orhan Baldane, Azad Ağaoğlu, Ceyran Məmmədova, Furkan Abir və Nihad Nəsirzadən ibarət olan komanda tərəfindən yazılıb.
4 ölkənin arxiv sənədləri əsasında hazırlanmış əsər
Kitabın yazılması prosesində 4 ölkənin arxiv sənədləri və dövrün mətbuatı Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi araşdırılıb.

Kitabın elmi dəyəri onun arxiv materiallarının sistemli şəkildə təqdim edilməsindədir. Müəlliflər komandası Osmanlı Arxivləri, Rusiya Dövlət Hərbi Tarix Arxivi, Gürcüstan Milli Arxivi, Azərbaycan Dövlət Arxivi, Kızılay və Milli Müdafiə Nazirliyi Arxivlərindən yüzlərlə sənədi toplayaraq onları tarix və mövzu ardıcıllığı ilə tərtib edib.
Əsər Xəzər Universiteti nəşriyyatı tərəfindən nəşr edilib.
Mərasimdə çıxış edən T.Nüsrətoğlu deyib ki, Rus, Gürcüstan, Osmanlı və Azərbaycan arxivlərində aparılan araşdırmalar nəticəsində ilk dəfə olaraq çoxsaylı əsir məktubları, raportlar, Kızılay sənədləri və orijinal qəzet yazıları elmi dövriyyəyə daxil edilmişdir: “Həmçinin əsərdə o dövrdə nəşr olunan “Möhtaclara Kömək”, “Açıq Söz”, “Kaspi”, “Hümmət”, “İqdam” kimi qəzetlərin materialları transkripsiya edilərək günümüz əlifbasında təqdim olunur”.
Bu faciə təkcə bir millətin deyil, bütün türk dünyasının ortaq yaddaşına çevrilmişdir
T.Nüsrətoğlu bildirib ki, əsərdə Nargin adasında və Qafqaz ərazisində əsir düşən Osmanlı hərbçilərinin və mülki şəxslərin, qadın və uşaqların faciəvi taleyi, xəstəliklər və kütləvi ölümlər barədə real faktlar üzə çıxarılmışdır: “Əsər, Nargin adasının tarixdə necə “ölüm adası” kimi tanındığını, minlərlə Osmanlı əsgərinin aclıq, xəstəlik və səfalət içində mübarizə apardığını sənədlərlə göstərir. Bu faciə təkcə bir millətin deyil, bütün türk dünyasının ortaq yaddaşına çevrilmişdir”.

Müəllifin sözlərinə görə, əsərdə,həmçinin azərbaycanlı ziyalıların və xeyriyyəçilərin əsirlərə göstərdiyi yardım, ianələr və azadlıq cəhdləri də konkret arxiv sübutları ilə təqdim olunur: “Kitabda Azərbaycan xeyriyyə təşkilatlarının fəaliyyəti xüsusi yer tutur. Bakü Müslüman Cemiyet-i Hayriyesi, Möhtaclara Kömək Cəmiyyəti, Nicat Maarif Cəmiyyəti, Gəncə Milli Komitəsi kimi qurumların əsirlərin xilasına yönələn fəaliyyəti, yardımlar, seyyar xəstəxanalar və xilas əməliyyatları sənədlərlə əks etdirilmişdir. Bu fəaliyyətlər yalnız humanitar təşəbbüs deyil, eyni zamanda Azərbaycan və Türkiyə türkləri arasında möhkəm mənəvi bağın təzahürü kimi təqdim olunur”.
Telman Nüsrətoğlu: Bu layihə yalnız tarixi sənədlərin toplusu deyil, həm də türk dünyasının vicdan tarixinin bir parçasıdır
T.Nüsrətoğlunun sözlərinə görə, “I. Dünya Savaşında Nargində Osmanlı Esirleri – Azerbaycan Türklerinin Esirlere Yardımları” əsəri göstərir ki, Azərbaycan türkləri o illərdə təkcə əsirlərə ərzaq və dərmanla yardım etməmiş, həm də onların azadlığı uğrunda gizli fəaliyyətlər təşkil etmişdir: “Bakı, Gəncə və Tiflis şəhərlərində başlatılan yardım kampaniyaları, cəmiyyətlər və mətbuat səhifələrindəki çağırışlar, türk dünyasında ortaq milli şüurun o dövrdə artıq necə formalaşdığını nümayiş etdirir. Beləliklə, adı bir zamanlar “ölüm adası” olan Nargin, bu tədqiqat sayəsində türk həmrəyliyinin rəmzi kimi tarixə yenidən daxil olur. Kitabın giriş yazısında da qeyd etdiyimiz kimi bu layihə “yalnız tarixi sənədlərin toplusu deyil, həm də türk dünyasının vicdan tarixinin bir parçasıdır.”
Abdullah Eren: Bu araşdırma həm tariximizə, həm də ümumi yaddaşımıza mühüm töhfə verir
Mərasimdə çıxış edən TİKA başqanı Abdullah Eren belə bir əsərin ərsəyə gəlməsini yüksək dəyərləndirb: “Birinci Dünya Müharibəsi illərində Nargində ağır şəraitdə sağ qalmaq üçün mübarizə aparan Osmanlı əsgərlərimizin, onlara kömək əli uzadılan Azərbaycan türklərinin hekayələrini arxiv sənədləri vasitəsilə gün ışığına çıxaran bu araşdırma həm tariximizə, həm də ümumi yaddaşımıza mühüm töhfə verir”.

Abdullah Eren, həmçinin “bu torpaqlarda dəfn olunmuş əcdadlarımızı rəhmət və minnətdarlıqla yad edir, bu mənalı işin hazırlanmasında əməyi olan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm” deyib.
Qeyd edək ki, A.Eren təqdimatla bağlı X sosial şəbəkə hesabından paylaşım da edib.
Onu da bidirək ki, kitabın sonunda yerləşən fotoşəkillər və arxiv görüntüləri – açıq səma altında namaz qılan əsirlər, yaralıların müalicə olunduğu səhnələr, Bakıdakı yardım komitələrinin fəaliyyət fotoları – oxucunu yalnız faktla deyil, hisslə də baş-başa qoyur.









