BAYRAQDAR MEDİA – Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin fəal üzvü, bölgədə və Respublikada öz fəlsəfi qəzəlləri ilə diqqət çəkən qəzəlxan şair Mövlan Şahidin 60 illik yubileyi qeyd edilib, yeni çapdan çıxmış “Bənövşə ətirli qəzəllərim” adlı kitabı təqdim olunub.
Xaçmaz Heydər Əliyev Mərkəzinin ev sahibliyində keçirilən yubiley tədbirində “Ulduzlar”ın üzvləri ilə yanaşı qonaqlar da iştirak edib. Tədbiri “Ulduzlar”ın baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Aqşin Dadaşoğlu idarə edib.
Sözügedən Mərkəzin direktoru Könül Əskərova açılış çıxışında ulu öndər Heydər Əliyevin, həmçinin Prezident İlham Əliyevin ədəbiyyata, söz adamlarına qayğı və diqqətindən danışıb. O, qeyd edib ki, Mövlan Şahidin yubileyinin də məhz bu Mərkəzdə keçirilməsi o diqqətin yerlərdə rəhbər tutulmasının bariz nümunəsidir. Yubilyara xoş diləklərini də çatdıran direktor Heydər Əliyev Mərkəzinin hər zaman belə tədbirlərə qapılarını açmağa həvəslə davam edəcəyini deyib.
Daha sonra çıxış edən AYB Quba bölməsinin rəhbəri, çağdaş Azərbaycan şeirinin bayraqdarı Ramiz Qusarçaylı Mövlan Şahid qəzəllərini təhlil edib, onun özünəməxsus yaradıcılığı haqqında danışıb. Yubilyara xoş diləklərini də çatdıran Ramiz Qusarçaylı Heydər Əliyev Mərkəzinin belə tədbirlərə könül verməsini də ayrıca təqdir etdiyini deyib.

Yubilyarı təbrik etmək üçün Bakıdan gələn qonaq – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Əməkdar jurnalist Nadir Azəri dövlətin yerlərdəki qurumlarının söz adamlarına diqqət və qayğısının sevindirici olduğunu deyib. O, bildirib ki, özü də Heydər Əliyev siyasətinin bir davamçısı, onun qurduğu Yeni Azərbaycan Partiyasının fəal üzvü olduğu üçün bu cür məsələləri daim diqqətdə saxlayır.
Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva da öz növbəsində Mövlan Şahid yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun bölgədə qəzəl yazan az saylı şairlərdən biri olmasını vurğulayıb. Direktor bildirib ki, bir dövlət qurumu olaraq onun rəhbərlik etdiyi Muzey də daim bənzər tədbirlərə ev sahibliyi edir, söz adamlarına meydan açmaqla bu yöndə dövlət siyasətinə töhfələrini verir.
Daha sonra çıxış edən Məclis üzvləri və qonaqlar da yubilyar haqqında xoş sözlər deyib, onun qəzəl janrında yazdığı şeirlərdən parçalar səsləndiriblər.
“Ulduzlar”ın fəal üzvlərindən olan şairlər, rəssam və heykəltəraşlar – Qərib Aşkari, Firudin Həvəskar, həmçinin Məmməd Qədir, İbrahim Ağçaylı, Cümşüd Aydəmir, Mehparə Sadıqova, Səməd Asifoğlu, Kənan Rahi, Telman Təravət, Gözəl Azayeva, Gülçəmən Həbibova, Rübabə Mustafayeva, Nəzakət Xanım, Dilarə Rüstəmova yubilyarı təbrik edib, şeirlər səsləndiriblər. Tədbirdə yubilyarın ailə üzvləri də iştirak və çıxış edib.
Məclisdə iştirak edən Əməkdar jurnalist Azər Həsrət də yubilyarı təbrik edərək Xaçmazda ədəbiyyat adamlarına münasibətin yüksək olmasını qeyd edib. O, Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin bu yöndə fəaliyyətini ayrıca vurğulayıb. Azər Həsrət özəlliklə də Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi kimi qurumların bu yöndə dövlət siyasətinə verdiyi töhfəni vurğulayıb.
“Ulduzlar”ın baş katibi Aqşin Dadaşoğlu isə yekun çıxışında Mövlan Şahidin yaradıcılığı və şəxsiyyəti haqqında danışıb, onun özünəməxsus yanaşmasını qeyd edib. O, bildirib ki, həm yubiley yaşının tamam olması, həm də ədəbiyyata verdiyi töhfələrə görə “Ulduzlar” Ədəbi Məclisi Mövlan Şahidi diplomla təltif edib. Sözügedən diplom yubilyara təqdim edilib.

Sonda çıxış edən yubilyar keçirilən tədbirə görə Heydər Əliyev Mərkəzi və “Ulduzlar” Ədəbi Məclisinə təşəkkür edib, kövrək anlar yaşadığını, sevindiyini dilə gətirib. O, bir ədəbiyyat adamı olaraq belə bir diqqətə layiq görülməsini yaradıcılığına stimul kimi dəyərləndirib. Şair bildirib ki, Azərbaycan dövlətinin yerlərdəki qurumlarının diqqəti doğrudan da yaradıcı insanlara əlavə ilham verir.
Tədbir daha sonra bədii hissə ilə davam edib.









