BAYRAQDAR MEDİA – Noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.
Toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü, o cümlədən Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib. F.Məmmədov bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycan QHT-ləri qarşısında da yeni çağırışlar və vəzifələr müəyyən edir.
Daha sonra çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəldiyini açıqlayaraq deyib: “Əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıb. Son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritet istiqamətdir. Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.
Tədbirdə, həmçinin Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova, “Çapar-Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd də çıxış edib.
İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu istiqamətdə müzakirələrin yerlərdə də genişləndirilməsi qərara alınıb.








