Yevlaxda bu mövzuda silsilə maarifləndirmə tədbirləri keçirilib
BAYRAQDAR MEDİA – 23–25 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan təşkilatın sədri Orxan Əlixanlı layihənin aktuallığını əsaslandıraraq dövlət gənclər siyasətinin prioritet istiqamətləri kontekstində təşəbbüsün əhəmiyyətini vurğulayıb, göstərilən institusional dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü ifadə edib: “Çıxış zamanı layihənin məqsədləri, vəzifələri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunmuşdur”.
Daha sonra Fondun nümayəndəsi Seyfur Hacımuradov çıxış edib: “S.Hacımuradov ölkədə gənclər siyasətinin həyata keçirilməsində Fondun rolundan, gənclərin intellektual və vətəndaş potensialının inkişafına xidmət edən layihələrdən, habelə bu istiqamətdə əldə olunmuş institusional nəticələrdən bəhs etmişdir”.

Layihə çərçivəsində üç gün ərzində hər biri 20 nəfər olmaqla ümumilikdə 100-dən artıq iştirakçı üçün seminar və təqdimatlar təşkil olunub. Proqram çərçivəsində dövlətçilik anlayışının nəzəri əsasları, onun fundamental prinsipləri, Azərbaycan dövlətçilik tarixinin mərhələləri, müasir dövrdə dövlət idarəçiliyinin prioritet istiqamətləri, eləcə də dövlətçilik ideologiyasının formalaşmasında tarixi liderlərin rolu elmi-praktik müstəvidə təhlil edilib.
Məlumatda deyilir ki, müzakirələrdə müasir Azərbaycan dövlətinin formalaşması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri xüsusi olaraq qeyd edilib, onun müəyyənləşdirdiyi siyasi-strateji kursun davamlı inkişaf modelinin əsasını təşkil etdiyi vurğulanıb: “Bununla yanaşı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və praqmatik siyasətin dövlət suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün tam bərpası və beynəlxalq mövqelərin gücləndirilməsi baxımından tarixi əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunma tarixi, onun preambula hissəsi, əsas hüquq və vəzifələr sistemi, konstitusion dəyərlərin qorunmasında gənclərin rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncama əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının ideoloji və hüquqi mahiyyəti geniş şəkildə izah edilib”.
Məlumata əsasən, diskussiya hissəsində gənclərin dövlətçilik ideologiyası əsasında formalaşdırılmasının strateji zərurət olduğu vurğulanıb, onların ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları və inkişaf prioritetlərini analitik şəkildə dərk etmələrinin vacibliyi qeyd edilib: “Yekunda qeyd edilib ki, bu qəbildən olan maarifləndirici təşəbbüslər gənclərin vətəndaş məsuliyyətinin artırılmasına, milli kimlik şüurunun möhkəmləndirilməsinə və dövlətə bağlılıq dəyərlərinin gücləndirilməsinə mühüm töhfə verir”.









