Press "Enter" to skip to content

Gələcək nəsillər tarixə nəzər salarkən qürur və fərəh hissi keçirəcəklər

Emin Həsənli

Emin Həsənli: Gənclərimiz bu tarixi daha dərindən öyrənməli, Vətəninə, bayrağına, dövlətinə sadiq, milli ruhda yetişməlidir

BAYRAQDAR MEDİA – “Azərbaycan xalqı və dövləti tarixi Zəfərin 5-ci ildönümünə hazırlaşır. Cəmi bir gün sonra Azərbaycan və onun timsalında bütün türk dünyası, eləcə də dost və qardaş müsəlman ölkələri bu Zəfərin 5-ci ildönümünü qeyd edəcəklər. Təbii ki, bu Zəfərin siyasi, iqtisadi və hərbi əhəmiyyəti barədə çox danışılıb. Mən isə bu Zəfərin gənclərimiz üçün daşıdığı mənəvi və tarixi əhəmiyyətinə toxunmaq istəyirəm”.

Bunun BAYRAQDAR MEDİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbiçilərin Gənclərlə Maarifləndirilmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirdi.

Emin Həsənlinin sözlərinə görə, bu Zəfərin xalqımız, o cümlədən gənclər üçün əhəmiyyəti çox böyükdür. Onun fikrincə, 8 Noyabr Qələbəsi Azərbaycan tarixinin ən şanlı, bəlkə də birinci qələbəsidir: “Birləşmiş Millətlər Təşkilatı yaranandan bəri ilk dəfədir ki, bir dövlət həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edir. Nəzərə almaq lazımdır ki, məsələn, Çinin Tayvan kimi problemi hələ də qalır, digər problemlər və münaqişələr qalmaqda davam edir. Azərbaycan isə öz problemini bir dəfəlik və qəti şəkildə  həll etdi”.

Müsahibimiz dedi ki, beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarıı işğaldan azad etdi: “Daha sonra, cəmi bir sutka çəkməyən lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə bütün Qarabağ və Şərqi Zəngəzur ərazisində dövlət suverenliyimiz tam bərpa olundu. Bu müharibənin digər mühüm tərəfi də odur ki, Azərbaycan ordusu elə bir hərbi əməliyyat keçirdi ki, mülki əhaliyə heç bir zərər dəymədi. Nə 44 günlük Vətən müharibəsində, nə də sonrakı antiterror əməliyyatında Azərbaycan Ordusu mülki əhaliyə zərər vurmadı. Bu elə bir faktdır ki, onu Ermənistan rəhbərliyi də etiraf edir. Bu, Azərbaycanın gələcək nəsillər qarşısında alnıaçıq dayanmasına, qürurla tarix yazmasına imkan verir”.

E.Həsənli “gələcək nəsillər tarixə nəzər salarkən qürur və fərəh hissi keçirəcəklər ki, onların babaları böyük və ədalətli bir müharibə aparıb, mülki əhaliyə zərər vermədən tarixi Zəfər qazanıblar. Qarabağda keçirilən 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dünya hərb tarixində uzun illər öyrəniləcək nümunəvi hərbi fakt kimi qalacaq” deyə bildirdi.

Emin Həsənli onu da dedi ki, bütün bunların fonunda Azərbaycan gəncliyi öz şanlı və şərəfli tarixi ilə qürur duymalı, lakin bununla kifayətlənməməlidir: “Gənclərimiz bu tarixi daha dərindən öyrənməli, vətəninə, bayrağına, dövlətinə sadiq, milli ruhda yetişməlidir. Dünən torpaqları işğaldan azad edən Azərbaycan Ordusu hansı şücaəti göstərirdisə, sabah gənclərimiz eyni ruh və iradə ilə digər sahələrdə o qəhrəmanlığı davam etdirməlidir. Bunun üçün isə Zəfər tariximiz dərindən öyrənilməlidir. Bu məqsədlə artıq bütün rayonlarda Zəfər muzeyləri yaradılıb və bu təşəbbüs daha da genişlənməlidir. Hesab edirəm ki, Azərbaycan orta məktəblərində tarix dərslərinin bir hissəsi bu muzeylərdə keçirilməlidir. Gənclərimiz Qarabağ Zəfərinin ruhunu canlı şəkildə hiss etməlidirlər”.

Emin Həsənli ini da əlavə etdi ki, yazıçılar, şairlər, dramaturqlar və tarixçilər də bu Zəfərlə bağlı əsərlər yaratmalıdırlar: “Elə əsərlər yazılmalıdır ki, onlar gələcək nəsillər üçün həm bədii, həm də mənəvi mənbə rolunu oynasın. Çünki bu Zəfər yalnız bir nəslin deyil, bütöv millətin qalibiyyətidir. Ümumiyyətlə isə Azərbaycan gəncliyi həm də Vətən müharibəsində qələbəni təmin edən Prezident–Dövlət–Ordu–Xalq birliyini daim təbliğ etməlidir”.

Mission News Theme by Compete Themes.