Azərbaycan – Türkiyə basketbol görüşü qələbə ilə yekunlaşıb
BAYRAQDAR MEDİA – Noyabrın 9-da Bakı İdman Sarayında gözəl bir qardaşlıq yarışı olub. Belə ki, basketbol üzrə Azərbaycan Milli Komandası Türkiyənin Nəsibə Aydın Super Liqa A-Komandasını qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Hədəf” Şirkətlər Qrupundan məlumat verilib.

Məlumata görə, Azərbaycanın əlamətdar Bayraq Günü münasibətilə təşkil olunan bu xüsusi dostluq oyunu idman həyəcanı ilə birlik mesajını bir araya gətirib: “Hədəf liseyi Stars Campusun tərəfdaşlığı ilə reallaşan görüşdə qonaq Nəsibə Aydın komandası, qardaşlıq simvolu olaraq, Hədəf Stars forması ilə meydana çıxıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 93-89 hesabı ilə qardaş komandanın, yəni Nəsibə Aydın Super Liqa A-Komandasının qələbəsi ilə yekunlaşıb”.

Məlumata görə, oyunun sonunda Türkiyə komandasının rəhbərliyi tərəfindən Azərbaycan Basketbol Milli Komandasının rəhbərliyinə xüsusi təqdimat olub: “Nəsibə Aydın Basketbol Komandasının Prezidenti Mirkan Aydın Şəmil Sadiqə xatirə plaketi və komandanın forması təqdim edib. Bu jest, iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin idman vasitəsilə bir daha təsdiqlənməsi kimi qiymətləndirilib”.






