BAYRAQDAR MEDİA – Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan öz idman tarixində ilk deflimpiya medalını qazanıb. Medalı Azərbaycana cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Coşqun Əliyev qazandırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata görə, cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyadan ÇoiJunho, ¼ finalda xorvatiyalı Tonzetiç Yosipi, yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib: “Həlledici mərhələdə Coşqun Əliyev rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb. Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib”.
Məlumatda deyilir ki, noyabrın 26-dək davam edəcək ümumilikdə 3 mindən çox idmançının iştirak etdiyi “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan ilk dəfədir 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunur: “Qeyd edək ki, deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına xidmət edir. Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir”.





