Press "Enter" to skip to content

…“Ata, mən səninlə fəxr edirəm”

Nərgiz xanım o kitabı mənə hədiyyə etmişdi...

Son yeniləmə: 22 Noyabr 2025

BAYRAQDAR MEDİA – Mən orada deyildim. Amma o və onun kimi minlərlə ən dəyərli Vətən oğlu orada idi. Onlar düz 44 gün ölümə meydan oxudular. Ölüm üzərlərinə gəlməmiş özləri onun üzərinə getdilər. Ölüm onları öldürmək istədi, amma yenə də ölmədilər. Kimisi şəhid oldu, kimisi şahid. Əziz canlarını qurban verdilər, qanlarını torpağa axıdıb onu yenidən Vətən etdilər və qalib gəldilər!

Xaçmazda 8 Noyabr – Zəfər Günü coşqusu

…Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru dəyərli Könül Əskərova 31 oktyabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xarı Bülbülün Zəfər Nəğməsi” adı altında keçirilən tədbirə bizi də dəvət etmişdi. Hər zamankı kimi həvəslə dəvəti qəbul etdik. Tədbirdə iştirak və çıxış da etdik. Amma sözümüz bunda deyil.

Sözügedən tədbir başa çatdıqdan sonra ön sırada oturmuş şəhid analarından biri, Xaçmazın ictimai həyatında xüsusi fəallığı ilə seçilən Nərgiz xanım mənə yaxınlaşdı, hal-əhval tutduq. Dedi ki, “sizə bir kitab hədiyyə etmək istəyirəm. O kitabda oğlum Kərəm haqqında da yazılıb”. Əlbəttə, belə bir hədiyyəni həvəslə qəbul etdim.

Haşiyə: Kərəm Veyisov İkinci Qarabağ Savaşının igid döyüşçülərindən biridir. 1998-ci ildə Xaçmazda doğulub. 44 günlük Vətən savaşı başladıqdan sonra könüllü olaraq orduya yazılıb, 1 oktyabr 2025-ci ildə döyüşə yollanıb. Şuşaya qədər döyüş yolu keçib və savaşın son günlərində şəhid olub. Kərəm Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Kikboksinq üzrə üçqat dünya çempionu olub.

“Mən orada idim” adlanır kitab. Müəllifi isə Vətən savaşının igid zabitlərindən biri, mülki həyatda dil-ədəbiyyat müəllimi olan Əli Abbasovdur. Elə ilk cümlələrindən oxucunu ardınca aparan iri həcmli bədii-sənədli bir əsərdir…

Oxudum o kitabı. Oxuduqca addım-addım o döyüş yollarını keçdim, mən də orada oldum…

Əli müəllim kitabda yalnız özünü deyil, daha çox döyüş yoldaşlarını diqqət mərkəzində tutur. Onların hər bir anını, duyğularını, davranışlarını o qədər bariz təsvir edir ki, mən artıq bir oxucu deyil, onlardan biri kimi hiss edirəm özümü…

Kitabdakı təsvirlər o qədər cana yaxın, səmimidir ki, heç bir oxucu o sətirləri oxuyub duyğulanmaya bilməz. Tanıyanlar bilir, duyğularına yetərincə hakim olmağı bacaran birisiyəm. Amma etiraf edirəm: bu kitab mənim kimi “vurdum duymaz”ı belə ağlatdı…

Oxudum. Həvəslə, sevə-sevə oxudum o kitabı. Həm də ona görə ki, özüm də belə tarixi anların qələmə alınıb kitablaşdırılmasına həvəsliyəm. Yazıram mən də. Məqalələr yazıram, kitablarım var. Yazıram ki, tarix üçün sənədləşdirim…

Əli müəllim də “Mən orada idim”i tarixə sənədli şahidlik üçün yazıb. Üslub, dil, təsvir o qədər uğurla seçilib ki, oxucu bir başladımı, kitabı bitirmədən ayrıla bilmir. Elə mən də onu gecənin gec saatlarında oxuyub bitirdikdən sonra rahat oldum…

Haşiyə: Təsəvvür edin ki, döyüşdəsiniz. Heç vaxt tanımadığınız insanlarla qardaşlaşmısınız. Hətta doğma qardaşlarınızdan da çox onlara isinişmiş, özünüzü etibar etmisiniz. Və bir də görürsünüz ki, qanı qanınızdan olmasa da artıq canı canınızdan olan bu qardaşlarınız bir-bir şəhid olur. Bir neçə saniyə öncə siz bir-birinizə dayaq idiniz, indi o dayaq yoxdur. Sonra daha biri, bir az sonra üçüncüsü və beləcə onlar sizi tərk edərək göylərə uçur. Dəhşətdir, deyilmi? Əli Abbasov kitabında bu dəhşətləri ayrıntıları ilə təsvir edib. Və elə bir təsvir üsulu seçib ki, biz də özümüzü orada hiss edirik, o həyəcanı Əli müəllimlə birgə yaşayırıq…

Kitabda diqqətimi çəkən maraqlı ayrıntılardan biri də Əli müəllimin bitirdiyi məktəbə adı verilmiş müəllimi Azər Namazovun döyüş yolunu təkrarlamasıdır.

Azər Namazov Birinci Qarabağ Savaşının şəhidi olub. Həm də Əli Abbasova dərs deyib. Azər müəllimin şagirdi olmuş Əli müəllim də indi eyni döyüş yolunu keçib, onun kimi canını Vətənə sipər edib…

Bu da son deyil. Döyüşlərin gedişində Əli müəllim də Şuşa yaxınlığında öz döyüşçü şagirdi ilə rastlaşır…

…Bəzən Əli müəllim günlərlə ailəsi ilə əlaqə saxlaya bilmir. Əsas da savaşın son günlərində. Amma hər şey bitdikdən – düşmən təslim olub ağ bayraq qaldırdıqdan sonra nəhayət ki, evinə zəng edə bilir.

Təsəvvür edirsiniz də?

Artıq qələbə çalınıb, müharibə bitib və günlərdir səsi gəlməyən Əli müəllim – ata, bir ailə başçısı öz evinə zəng edir! Və azyaşlı oğlu Harun, “ata, mən səninlə fəxr edirəm” deyə telefonda qürurlanır…

Bax, o oğullar bu qüruru gələcək nəsilə yaşatmaq üçün canlarını fəda etdilər! Və Əli müəllim kimi insanlar da hər şeylərini arxada buraxaraq canlarını da alıb odun-alovun içinə atıldılar ki, millət olaraq qürurla yaşaya bilək!

Oxuyun bu kitabı. Oxuduqdan sonra siz də mənim kimi elə sanacaqsınız ki, orada olmuşunuz. Sizə də aydın olacaq ki, 10 milyonluq Azərbaycan xalqının hər bir fərdi orada – o müqəddəs savaşda iştirak edib. Və o möhtəşəm Zəfər də ona görə mümkün olub!

…Kərəmin millətə əmanət etdiyi anası Nərgiz xanım da daxil olmaqla minlərlə şəhid anası – millətin ən say-seçmə qadınları bu böyüklükdə ağır itkiyə baxmayaraq başlarını dik tutur, qürurla yaşayır, yetişən nəsilə yaxşı örnək olurlar.

Bu qürur onlarda can parçaları olan oğulları şəhid olduqdan sonramı yaranıb?

Sanmıram!

Onlar ilk andan qürurlu analar olublar ki, belə məğrur oğullar yetişdirib millətin qürurunu işğaldan azad etməyə göndəriblər. Canları bahasına olsa belə…

Mission News Theme by Compete Themes.