Press "Enter" to skip to content

Ədavalıdı, ballıdı, bişirən basqallıdı

Basqalda halvaçı Cahid Əliyevdən biz də halva aldıq

Yaxud, qış turizm mövsümü öncəsi təşkil edilən “Diri Baba”- “Basqal”- Lahıc” marşrutu üzrə mediaturdan yaddaqalan məqamlar

BAYRAQDAR MEDİA – Azərbaycanın iqtisadi inkişafının davamlılığı, ilk növbədə həyata keçirilən düzgün iqtisadi siyasət və dövlətin malik olduğu təbii, insan və maliyyə resursları ilə birbaşa bağlıdır. Bu baxımdan qeyri-neft sektorundan gələn gəlirlər də mühüm rol oynayır. Önümüzdəki müddətdə isə qeyri-neft sektorundan əldə ediləcək gəlirlər xüsusilə önəm kəsb edəcək. Bu kontekstdə turizm sahəsinin inkişafı və bu sahədən gələn gəlirlərin artırılması da mühüm əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Azərbaycan uzun müddətdir ki, turizmin inkişafı üçün müxtəlif proqramlar həyata keçirir, layihələr reallaşdırır və tarixi yerlərlə yanaşı, kənd yaşayış məntəqələrində də turizm potensialının üzə çıxarılması istiqamətində ardıcıl addımlar atır.

Xoş niyyətə xidmət edən səfər
Xoş niyyətə xidmət edən səfər

Bu barədə noyabrın 18-19-da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına reallaşan mediatur zamanı da geniş məlumat verildi. Mediaturla bağlı bir qədər sonra ətraflı məlumat verəcəyik. Hələlik isə qeyd edək ki, Dövlət Turizm Agentliyi qəsəbə və kəndlərdə yerli turizmin inkişafı üçün davamlı addımlar atır.

Tarixə və dini dəyərlərə işıq salan məkan – “Diri Baba” türbəsi

Beləliklə, qayıdaq mediatura. Agentlik sədrinin müşaviri Kənan Quluzadənin də qeyd etdiyi kimi, səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək idi. Bu missiya ilə başladığımız səyahətin ilk dayanacağı ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən “Diri Baba” türbəsi oldu.

"Diri Baba" türbəsi önünüdə xatirə fotosu
“Diri Baba” türbəsi önünüdə xatirə fotosu

Məlumat üçün bildirək ki, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. DTA tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Türbə Azərbaycanın quzey-batı turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir.

DTA sədrinin müşaviri Kənan Quluzadə mediaturun məqsədi barədə danışır
DTA sədrinin müşaviri Kənan Quluzadə mediaturun məqsədi barədə danışır

Agentliyin türbə barədə yuxarıdakı məlumatına biz isə əlavə olaraq onu qeyd edə bilərik ki, bu türbə dünyada geniş yayılmış dini turizm baxımından da önəm kəsb edir. Ümumilikdə isə “Diri Baba” türbəsini tariximizə və dini dəyərlərimizə işıq salan bir məkan kimi də dəyərləndirmək olar.

Basqal – Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri

“Diri Baba”da həm yetərincə məlumat əldə edən, həm də gözəl və ətirli samovar çayına qonaq olan media təmsilçilərinin ikinci dayanacağı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Basqal oldu.

Baqsalın əsas meydanı
Baqsalın əsas meydanı

Tarixi zənginliyi, qədim mədəni irsi ilə ölkənin diqqətəlayiq turistik məkanlarından biri olan, İsmayıllı rayonunun dağlıq ərazisində yerləşən bu qədim qəsəbə əsrlər boyunca həm regional ticarət yollarının üzərində mühüm dayanacaq olmuş, həm də sənətkarlıq mərkəzi kimi tanınmışdır. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması isə bu məkana xüsusi status verərək onun tarixi, memarlıq və mədəni xüsusiyyətlərinin qorunmasını təmin edib.

Zəngin və çoxqatlı tarix

Mənbələrdə də qeyd edildiyi kimi, Basqalın tarixi bir neçə minilliyi əhatə edir və müxtəlif dövrlərin mədəni qatları bu balaca qəsəbədə öz izini buraxıb. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu isə İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir.

DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rufik İsmayılov Basqalın tarixi hamamı və su xətti barədə məlumat verərkən
DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rufik İsmayılov Basqalın tarixi hamamı və su xətti barədə məlumat verərkən

Qoruq ərazisində tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları, tarixi evlər kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqal həm də 500 ilə yaxın yaşı olan, 1563-cü ildə əkilmiş tarixi çinar ağacı ilə məşhurdur.

Yaşadılan sənətkarlıq ənənələri, yaxud müxtəlif coğrafiyalarda tanınan Basqal kələğayısı

Ümumiyyətlə, Basqal tarix boyu əl işləri, toxuculuq, metal və dəri məmulatları ilə tanınıb. Xüsusilə, burada istehsal olunan kələğayılar Azərbaycan sənətkarlığının ən məşhur nümunələrindəndir. XX əsrin əvvəllərinə qədər Basqal kələğayı mərkəzlərindən biri olub və bu ənənə bu gün də müəyyən ustalar tərəfindən yaşadılır. Basqal kələğayıları müxtəlif coğrafiyalarda tanınır və sevilir.

Bu da səsi dünyaya yayılmış Basqal kələğayısı
Bu da səsi dünyaya yayılmış Basqal kələğayısı

Mediatur iştirakçıları Qoruq ərazisində kəlağayı istehsalı emalatxanasında ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izlədilər. Onu da bildirək ki, 2014-cü ildə “Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Lakin Basqal ustalarını tanıdan təkcə kələğayılar deyil. Qəsəbənin müxtəlif məhəllələrində qorunub saxlanılan qədim evlər, emalatxanalar və sənətkar izləri turistlərə qədim sənətkarlıq mühitini hiss etdirir.

Turizm üçün cəlbedici məkan

Ümumiyyətlə, Basqal həm yerli, həm də xarici turistlər üçün unikal məkandır. Burada tarixi məscidlər, hamam muzeyi, qədim məhəllələr, sənətkarlıq nümunələri və təbii gözəlliklər birləşərək qonaqlara həm mədəni, həm də ekoturizm imkanları yaradır. Vurğulandığı kimi, Dövlət Turizm Agentliyi “Basqal” Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, 12 avqust 2022-ci il tarixdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində “Basqal” Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Basqalın küçələri və evləri təmirdən sonra daha rahat olub
Basqalın küçələri və evləri təmirdən sonra daha rahat olub

Mediatur zamanı o da bəlli oldu ki, ərazinin həm yerli sakinlər, həm də turistlər üçün daha rahat məkan olması üçün işlər davam etdirilir. Məsələn, son dövrlərdə Basqalda sayca üçüncü küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb. Bununla yanaşı, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri davam etdirilir.

Qapısı qıfıllı evlərin sayı azalır

Basqalın dar küçələrini dolaşarkən yerli sakinlərlə qısa söhbətlər etməyə də imkan tapdıq. Həmin insanların fikirlərindən aydın oldu ki, dövlətin turizm siyasəti və DTA-nın atdığı ardıcıl addımlar kənd və qəsəbələrə yenidən həyat gətirir.

Yerli sakinlər deyir ki, artıq qapısı qıfıllı evlərin sayı azalır
Yerli sakinlər deyir ki, artıq qapısı qıfıllı evlərin sayı azalır

Sakinlərin sözlərinə görə, bir vaxtlar qapıları qıfıllı, sahibləri şəhərlərə köç etmiş evlərin sayı ildən-ilə azalır. Çünki dövlət tərəfindən yaradılan infrastruktur və turizm imkanları nəticəsində insanlar doğma yurdlarına geri qayıtmağa başlayırlar.

DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli mediatur iştirakçılaırna məlumat verərkən
DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli mediatur iştirakçılaırna məlumat verərkən

DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli də dedi ki, DTA-nın təşkilatçılığı ilə Basqalda yerli sakinlər daimi yaşamaq üçün geri qayıdırlar. Bu günə qədər 10 ailə qayıdıb. İdarə Heyətinin sədri bunu qoruqdakı canlanma, turist axını ilə əlaqələndirdi.

Çinlilərin Basqala göstərdiyi maraq

Bu gün Basqal həm tarixçilər, həm də turistlər üçün tükənməz maraq mənbəyi olmaqda davam edir. Elə qəsəbədə çoxsaylı Çinli turistin olması da bu reallıqdan xəbər verirdi. DTA sədrinin müşaviri Kənan Quluzadə dedi ki, Bakıda keçirilmiş “Çin Ziyarətçiləri Sammiti” (“China Visitors Summit”) çərçivəsində Azərbaycana gəlmiş 50-dən çox turizm şirkətinin nümayəndələri də hazırda Basqaldadırlar. Bu səfər bölgəyə artan beynəlxalq marağın göstəricisidir.

Bu da Basqala qonaq gəlmiş Çindən olan turistlər
Bu da Basqala qonaq gəlmiş Çindən olan turistlər

Qeyd edildi ki, Çindən olan turistlərin təkcə Basqala deyil, həm də ətraf rayonlara maraq göstərməsi, yaxın gələcəkdə bu zonaların Çin başda olmaqla xarici turistlər üçün daha geniş şəkildə cəlbedici məkanlara çevriləcəyindən xəbər verir.

Basqal ziyarətinin dadlı sonu

Çinli turistlər təkcə tarixi məkanları deyil, həm də yerli mətbəx nümunələrini də maraqla qarşılayırdılar. Bunu onların qəsəbənin əsas meydanında yerləşən və Cahidin məkanı kimi tanınan dükandan aldıqları şirniyyat məhsulları da təsdiq edirdi.

Basqala gəldinsə halvaçı Cahid dayının dükanına mütləq baş çəkməlisən
Basqala gəldinsə halvaçı Cahid dayının dükanına mütləq baş çəkməlisən

“Ədavalıdı, ballıdı, bişirən basqallıdı” şüarı ilə yerli və xarici turistlərə xidmət edən Cahid Əliyev dedi ki, dövlətin göstərdiyi diqqət, DTA-nın atdığı addımlar onların işini daha da asanlaşdırıb. Basqalın mərkəzində salınan ticarət mərkəzində sənətkarlar üçün gözəl şərait yaradılıb.

Cahid Əliyevin dükanından daha bir görüntü
Cahid Əliyevin dükanından daha bir görüntü

Burada həm əl işləri, həm də qədim və yerli təamlar, o cümlədən Basqal mətbəxinin incisi, Basqal halvası satılır.

Təamlardan söz düşmüşkən, onu da qeyd edək ki, Basqalda turistlərin oturub çay içməsi, həmçinin Basqalın şirniyyat nümunələrindən dadması üçün də məkanlar salınıb.

Basqalda gəzib, dolaşandan sonra halvalı-mürəbbəli qəşəng samovar çayı içmək üçün gözəl məkanlardan biri
Basqalda gəzib, dolaşandan sonra halvalı-mürəbbəli qəşəng samovar çayı içmək üçün gözəl məkanlardan biri

Belə məkanlardan birində oturub, çay içə-içə Lahıc səfərində bizi hansı maraqlı anların gözlədiyini düşünürük.

Lahıc-ənənəvi sənətkarlıq mühiti ilə seçilən unikal yaşayış məkanlarından biri

Mediaturun üçüncü, sonuncu dayancağı isə Lahıc oldu. Azərbaycanın ən qədim və özünəməxsus mədəniyyət daşıyıcılarından biri olan Lahıc həm zəngin tarixi, həm də bu günədək qorunub saxlanılan ənənəvi sənətkarlıq mühiti ilə seçilən unikal yaşayış məkanlarından biridir. Bu qədim qəsəbə əsrlər boyunca həm sənətkarlıq mərkəzi, həm regional ticarət yolu üzərində dayanacaq, həm də milli mədəniyyətin canlı daşıyıcısı kimi ön plana çıxıb.

Lahıcda ənənvə sənətkarlıq ocaqlarından biri
Lahıcda ənənvə sənətkarlıq ocaqlarından biri

Arxeoloji tədqiqatlar göstərir ki, qəsəbə ərazisində orta əsrlərə aid mədəni təbəqələr, qədim su-kanalizasiya sistemi və digər mühüm tapıntılar mövcuddur. Bu, Lahıcın yalnız məskunlaşma məkanı deyil, həm də yüksək səviyyədə şəhərsalma ənənələri olan bir yaşayış yeri olduğunu sübut edir.

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur iştirakçılarına bildirildi ki, Qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir.

UNESCO tərəfindən tanınan sənətkarlıq mərkəzi

Qeyd olundu ki, Qoruq ərazisində 30-a yaxın sənətkarlıq sahəsi inkişaf edib. Qəsəbənin mərkəzi küçəsi sayılan Böyük küçə və ya Bazar küçəsi sənətkarlar məhəlləsidir. Lahıcın demək olar ki, bütün mis mağazaları, emalatxanaları burada yerləşir. Turistlərin əsas ziyarət etdiyi məhəllə “Lahıc” Qoruğunun bu hissəsidir. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə onların emalatxanalarında canlı olaraq tamaşa etmək mümkündür. XIX əsrdə 52 misgər dükanı olan Lahıc qəsəbəsi tarixən mis məmulatlarının istehsalında xüsusi yer tutub və bu gün də həmin ənənə yerli ustalar tərəfindən uğurla davam etdirilir. Dəri məmulatlarının istehsalı isə Lahıcda misgərlikdən sonra ikinci peşədir. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Sevgi çayı, əsəb otu, dağ nanəsi, ətirli kəklikotu…

Mediatur çərçivəsində buradakı qədim daş küçələri, Bəndəvan məscidini, Hacı Gəray bulağını, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək, misgərlik və dəriişləmə sənəti ilə məşğul olan ustaların iş prosesini izləməklə Lahıcın memarlığı, sənətkarlıq tarixi barədə zəngin məlumat topladıq.

Lahıcın şəfalı təbii otlar satılan küçələrindən biri
Lahıcın şəfalı təbii otlar satılan küçələrindən biri

Burada həmçinin təbiət nümunələri, müxtəlif müalicəvi bitkilər və çaylar satılır. Elə mediatur iştirakçıları da bu cür təbii və sağlamlıq üçün dəyərli otlardan aldılar.

Media mənsublarına “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində hazırda həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verildi. Qeyd edildi ki, ərazidə Qoruq evinin inşası tamamlanmaq üzrədir. Bundan başqa, turistlərin və yerli sakinlərin rahatlığı üçün ərazidə parkinq zonası yaradılır, geniş abadlıq işləri görülür.

Bunu DTA Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirdi. İdarə Heyətinin sədri vurğuladı ki, Basqalda pulsuz tətbiq olunan xüsusi parking modeli Lahıcda da tətbiq ediləcək.

Lahıcdan xatirə fotosu
Lahıcdan xatirə fotosu

Beləliklə, DTA tərəfindən təşkil edilən və hər anı maraqlı məqamlaral zəngin iki günlük mediatur başa çatır. Bakıya yüksək əhval-ruhiyyə və zəngin məlumatlarla geri dönürük.

Bakı-“Diri Baba”-“Basqal”-“Lahıc”- Bakı

Mission News Theme by Compete Themes.