Press "Enter" to skip to content

… Müəllimlik mənə çox şeyi öyrətdi

Mehparə Sadıqova

Son yeniləmə: 22 Noyabr 2025

“Şeir qəlbin səsidir. Müəllimlik isə insanın öz həyat məktəbində qazandığı ən böyük payıdır.”

Bu sözlər onun həm müəllimlik, həm də şairlik yolunun əsasını təşkil edir. Hər misra, hər xatirə və hər duyğu onun həyat məktəbindən çıxan dərslərin nəticəsidir. Verilən suallar isə bizi onun dünyasına, uşaqlıq xatirələrinə, müəllimlik təcrübəsinə və şeir aləminə aparacaq.

Gözəl
Gözəl

BAYRAQDAR MEDİA – Bu dəfə oxucularımıza Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, 44 il müəllimlik fəaliyyəti olan şair Mehparə Sadıqovanın ürəyinin səsini çatdıracağıq.

-Mehparə xanım, xoş gördük sizi! Adətən insanlar müsahibəyə düşüncələrini, şairlər isə ürəklərini gətirirlər. Bu gün oxuculara ürəyinizin səsini eşitdirə biləcəksinizmi?

-Salam, xoş gününüz olsun. Mən hər şeydən öncə öz sözünü demiş, məktəbə, təhsilə bağlanmış 44 ilin müəllimi kimi, həm də şair kimi öz düşüncə və fikirlərimi çatdırmağa çalışacağam. Verilən suallar, yəqin ki, məni duyğulandıracaq, ötənlərə aparacaq.

-Siz özünüzü daha çox müəllim, yoxsa şair kimi hiss edirsiniz? Yoxsa hər ikisi eyni anda sizin obrazınızı yaradır?

-Mən gözümü açandan atamın müəllim olmasını görmüşəm, bu sənətin gözəlliyini, şərəfini duya-duya böyümüşəm və müəllim olmağı arzulamışam, arzuma da çatmışam. Mən hər şeydən öncə özümü müəllim kimi görmüşəm. Şeir isə mənim qəlbimin, duyğularımın səsidir, onu vərəqlərə köçürürəm.

-Sizin üçün həyatın ən böyük dəyəri nədir — söz, ailə, yoxsa gündəlik kiçik xoşbəxtliklər?

-Mən 1958-ci ildə Salyan rayonunun Aşağı Noxudlu kəndində ziyalı ailəsində anadan olmuşam. Ailəmizdə on uşaq böyüyürdü – yeddi bacı, üç qardaş olmuşuq. Anam “Qəhrəman ana” olub. Mənim üçün ailə dəyərləri həmişə ön plandadır. Ailəmizdə əməyə, mehribançılığa, təhsilə, qarşılıqlı hörmətə çox önəm verilirdi. Atamın tükənməyən ziyasından işıq alaraq biz hamımız ali təhsil aldıq.

-Uğur və səadət anlayışınızı necə formalaşdırmısınız? Sizin üçün uğurlu gün və uğurlu həyat nə deməkdir? Həmçinin, fəaliyyətinizdə və yaradıcılığınızda sizi irəli aparan prinsiplərdən nümunə verə bilərsinizmi?

-Uğur və səadət insan həyatının ümdə vəzifəsidir. Hər bir insan özünə sual verə bilər: “Mən kiməm, həyatda öz mövqeyimi tuta bilirəmmi?” Mən həmişə özümə güvənmişəm, çətin işlərin öhdəsindən gəlməyə çalışmışam. İşlədiyim kollektivdə və şagirdlərin gözü önündə müəllim adına layiq olmağa çalışmışam. Şagirdlərin gözü önündə müəllim ali bir insan olmalıdır. Mən bu dəyəri ailəmizdə görmüşəm, məktəbdə qorumuşam.

-İlhamı şeirlərinizə necə köçürürsünüz? Gündəlik həyatınızda yazmaq üçün xüsusi vaxt və ya ritualınız varmı?

-Mən ilk şeirlərimi məktəb illərində, sonra isə institutun “Gənc müəllim” qəzetində dərc etdirirdim. Həyatdan ilham alıram. Şeir yazmaq üçün xüsusi yerə ehtiyac olmur. Qəlbimin, duyğularımın səsini sözlərə çevirirəm.

-Müəllimlik çox öyrədir, yoxsa sevgi? Həyat təcrübəsi, insanlarla ünsiyyət və hissləri anlamaq baxımından müəllimlik və sevgi sizə hansı dərsləri daha çox verib?

-Müəllimlik mənə çox şeyi öyrətdi — asanı, çətini, şöhrəti, hörməti. Öyrədə-öyrədə öyrəndim. Müəllim həm pedaqoq, həm də psixoloqdur; insanlarla ünsiyyətdə bu mənə çox kömək olur. Ən çox sevilən şeirim də elə “Müəllim” adlanır:

O, yola çıxanda yol qürurlanır,
Adı çəkiləndə dil qürurlanır,
Kənd, şəhər sevinir, el qürurlanır.
Şeirdir, romandır, sözdür müəllim,
Bizə yol göstərən gözdür müəllim!

-Müəllimlik etdiyiniz illər ərzində sizi yazmağa ruhlandıran əsas xatirələr hansılardır?

-Ümumiyyətlə, mən daha çox xatirələrlə yaşayan adamam. Uşaqlıq illərim Kür çayının sahilində keçib — şairlik ruhumun qaynağı. Şeirlərimi, əsasən, şagirdlərimin uğurunu görüb sevinə-sevinə yazmışam, müəllim işləyərkən yazmışam.

-Şagirdlərinizin şeirlərinizlə tanış olması sizdə necə hisslərə səbəb olur?

-Mən şeirlərimi məktəb tədbirlərində şagirdlərimə də öyrədirdim. “Son qəmin olsun, Vətən”, “Xocalım”, “Ana dilim”, “Vətən əsgəri”, “Şəhidlər”, “Qarabağım” və s. şeirlərim məktəb tədbirlərində şagirdlərimin ifasında səslənib. Əlbəttə, buna çox sevinmişəm.

-Şeirlərinizdə ayrılıq motivi tez-tez görünür. Sizcə, güclü poeziya daha çox nədən doğur —ayrılıqdan, yoxsa qovuşmadan?

-Bəli, düz dediniz, şeirlərimdə bəzən ayrılıq, həsrət mövzuları da olur. Bəlkə də çoxuşaqlı ailədən olub rayonumdan uzaq düşməyim məni həsrətli etmişdir, bəlkə də… Darıxanda duyğularımı vərəqlərə köçürmüşəm. Şeirlərimdə ayrılıq və həsrətlə yanaşı sevgi, sədaqət, gözəllik, vurğunluq, təbiət və vətənpərvərlik var.

-Bir qadın şair olaraq sevgi mövzusunda yazmaq sizə həm azadlıq, həm də məsuliyyət yükləyir. Bu yükü daşımaq sizi yormurmu?

-Sevgi Tanrı tərəfindən insana bəxş edilən ilahi bir hissdir, bəzi mənfi hissləri isə insan özü yaradır qəlbində. Mən həmişə çalışmışam ki, həyat yolunda, ailədə hər işi sevgi ilə qurum. Sevgi mənim həyat amalım olub – əsəblərimi, darıxmağımı, kədərimi də onunla qarşılayıb yola salıram. Hər bir insanın həyatında sevincli, kədərli günlər olur, Tanrı da insana dözüm verir, belə olmasa, yaşamaq çətin olardı. Yəni,

Sevgidən yarandı insanlıq, insan,
Sevgidən yarandı yer, göy, asiman,
Sevgidən yazıldı müqəddəs Quran.
Sevgiylə döyünsün qoy ürəyimiz,
Elə sevgi olsun bax gərəyimiz.

-Sevgi şeirlərinizdə obrazlarla danışmağı, yoxsa açıq etirafları sevirsiniz?

-Mənim sevgi şeirlərim həyatdan götürülüb. Düzdür, obrazları da göz önümə gətirib, onlarla danışıb yazıram. Obrazlar vasitəsilə danışmaq da, açıq etiraf da mümkündür — hər ikisi həyatın bir parçasıdır. İstər cavan, istərsə də yaşlı vaxtda sevgi şeiri yazmaq olur. Sevginin yaşı yoxdur!

-Sizə görə, sevgi daha çox gözlərdə, ürəkdə yaşayır, yoxsa xatirələrdə?

-Sevgi qəlbin çırpıntısıdır — sevgi xatirədir, xoş xəyaldır, vüsaldır, hicrandır. Gözlər bu sevginin müjdəçisidir. Suallar məni çox uzaqlara aparır…

Deyə bilməyəndə dillə sözünü,
Ürəyin elçisi olur baxışlar.

-Vətənpərvərlik şeirlərinizin tonu ilə sevgi şeirlərinizin tonu arasında fərq varmı?

-Vətənpərvərlik şeirlərimdə ucalıq, dözüm, igidlik səslənir; sevgi şeirlərimdə isə bir qəlbin çırpıntısı, gözə görünməyən duyğuların səsi var.

-Yazmadığınız, amma yazmaq istədiyiniz mövzu varmı?

-Rəngarəngliyi sevirəm. Xaçmazın 75 illiyində məktəbdə tədbir keçirmişdik, orada mənim “Xaçmazım” şeirimi şagirdlər səsləndirmişdilər. Günü-gündən gözəlləşən Xaçmaz haqqında yenidən yazmaq istərdim.

-“Ulduzlar” Ədəbi Məclisinin fəal üzvüsünüz. Bu Məclis sizə yaradıcılıq baxımından nə verir və orada olmaq sizi necə ruhlandırır?

-Məclis mənim həyatımda çox dəyişikliklər edib. Şair və yazarlarla fikir mübadiləsi edirik, düşüncələrimizi, arzularımızı bölüşürük, gələcək işlərimiz haqqında söhbətlər aparırıq daim. Məni şəxsən yazmağa, yaratmağa ruhlandırlb “ULDUZLAR”.

-Ədəbi Məclisin hansı istiqamətli fəaliyyəti sizin üçün daha önəmlidir?

-Ədəbi Məclisin əsas istiqamətlərindən biri – burada gənclərə xüsusi qayğı göstərilməsi, onların önə çəkilməsi, məsləhətləşməsi, şeirlərinin müzakirəsidir. Bu mənim üçün çox sevindirici haldır.

-Gənc yazarlara, xüsusən də şeir yazmağa başlayanlara hansı tövsiyələri verərdiniz? Onların ilhamını, səsini və yaradıcılıq enerjisini necə inkişaf etdirmələrini məsləhət görürsünüz?

-Qafiyə dalınca qaçmasınlar; mahiyyət önəmlidir. Yaradıcılıq enerjilərini inkişaf etdirmək üçün çoxlu mütaliə etməlidirlər; mütaliə insanın söz ehtiyatını artırır.

-Sizi hansı misralarla xatırlasınlar?

-Hər misra qəlbimin çırpıntısıdır. Hansı misra, hansı şeirimlə məni xatırlamaq oxucuların ixtiyarındadır. Hər bir insanın “ömür karvanı” var; o, Tanrının əlindədir. Mən bunu “Ömür karvanım” şeirində ifadə etmişəm…

Mehparə xanımın sözləri və şeirləri göstərir ki, həyat və yaradıcılıq bir-birinə sıx bağlıdır. Müəllimliyin öyrətdiyi dərslər, ailə dəyərləri və sevgi dolu qəlbi onun şeirlərinə ilham verir. Oxucular onu hər misrada, hər xatirədə və hər duyğuda tapa bilərlər. Hər kəs öz “ömür karvanı” ilə yolunu davam etdirərkən Mehparə xanımın şeirləri bizə həyatın və qəlbin dəyərini xatırladır. TƏŞƏKKÜRLƏR!

Mission News Theme by Compete Themes.