Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyinin kino sahəsində yeni elektron xidməti

Mədəniyyət Nazirliyinin kino sahəsində yeni elektron xidməti

BAYRAQDAR MEDİA – “Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır. Bu xüsusda, sözügedən Nazirlik “e-Culture” Strategiyasına uyğun olaraq kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti istifadəyə verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture” vahid şəxsi kabineti, həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet informasiya ehtiyatı vasitəsilə əlçatandır. Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə olunmasını daha rahat və əlçatan edir”.

Ardınca xəbərdə, “filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını xüsusi əhəmiyyətli edir. “Kinematoqrafiya haqqında” Qanuna əsasən Azərbaycan ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət yaradır” deyə qeyd edilir.

Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni əməkdaşlıqların yaranmasına şərait yaradacaq.

Mission News Theme by Compete Themes.