BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İdarənin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “tədbirlərdə Azərbaycan poeziyası tarixində özünəməxsus yeri və mövqeyi ilə seçilən qüdrətli qələm sahiblərindən biri kimi B.Vahabzadənin ədəbiyyatımıza təsiri, böyük ziyalı kimi ictimai fəaliyyətinin əhəmiyyəti barədə danışılıb. Həmçinin, qələminin və sözünün gücü ilə əbədi ömür qazanmış şairin nəinki Azərbaycanın, eləcə də türk dünyasının qüdrətli söz ustalarından biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, ədəbi yaradıcılığını Azərbaycanın azadlığı, müstəqilliyi və tərəqqisinə həsr edən B.Vahabzadə ədəbiyyatda, ictimai fikirdə böyük vətənpərvər şair, Azərbaycan dilinin mübariz müdafiəçisi kimi qalıb”.
Məlumata görə, çıxışlarda o da vurğulanıb ki, Azərbaycan dilinin poetik imkanlarından məharətlə bəhrələnən şairin zəngin poeziyası xalq tərəfindən daim rəğbətlə qarşılanıb, sözlərinə çoxsaylı mahnılar bəstələnib.
Tədbirlərdə məktəblilər böyük ədibin Vətən, dil, millət sevgisi ilə qələmə aldığı əsərlərindən ibarət ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndiriblər. Həmçinin təhsil müəssisələrində yubiley münasibətilə “Açıq dərs”lər, bədii qiraət və bilik yarışları keçirilib, məktəb kitabxanalarında şairin əsərlərinin müzakirəsi təşkil olunub.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində keçirilən silsilə tədbirlərin əsas məqsədi böyük ədibin zəngin irsinin gənc nəslə tanıdılması, milli-mənəvi dəyərlərin təbliği və ədəbiyyata marağın artırılmasından ibarətdir.









