Press "Enter" to skip to content

QHT-lərin həmrəylik forumunun keçirilməsi sıradan bir hadisə deyil

Mehmet Gökhan Özçubukçu: Bu, türk dünyasının siyasi, mədəni və strateji inteqrasiyasında yeni bir dövrün əsasını qoyan tarixi bir addımdır

BAYRAQDAR MEDİA – “Azərbaycanın paytaxtı Bakıda başlayıb Naxçıvanda davam edən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının həmrəylik forumu, Türk dünyasının siyasi, mədəni və strateji inteqrasiyasında yeni bir dövrün əsasını qoyan tarixi bir addımdır. Türk dövlətlərinin uzun müddətdir davam edən diplomatik, iqtisadi və təhlükəsizlik əsaslı əməkdaşlığının ilk dəfə olaraq belə əhatəli vətəndaş cəmiyyəti vizyonu ilə tamamlanması, regional inteqrasiyanın artıq dövlət tərəfindən deyil, sosial yönümlü olduğunu göstərir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində qardaş Türkiyənin Diplomasi ve Stratejik Araştırmalar Merkezinin (DASAM) Başqanı Mehmet Gökhan Özçubukçu deyib. Onun forum və yaradılan platforma ilə bağlı geniş analitik yazısını dekabrın 2-də oxuculara təqdim edəcəyik.

Mehmet Gökhan Özçubukçu
Mehmet Gökhan Özçubukçu

Mehmet Gökhan Özçubukçu bildirib ki, bu addım, gələcəkdə türk dünyasının beynəlxalq sistemdə daha güclü bir aktora çevrilməsi üçün ilkin şərtlərdən biridir: “Çünki təkcə hökumətlərin deyil, həm də cəmiyyətlərin yaxınlaşması, mədəni və sosial münasibətlərin institutlaşdırılması, intellektual ortaq məkanların yaradılması və yeni nəsillər arasında əlaqələrin gücləndirilməsi yalnız güclü vətəndaş cəmiyyəti memarlığı vasitəsilə mümkündür”.

Ekspertin sözlərinə görə, Bakıda başlayan forumun Naxçıvanda davam etdirilməsi həm simvolik, həm də strateji baxımdan olduqca əhəmiyyətli bir seçim idi: “Naxçıvan türk dünyasının tarixi yaddaşında sadəcə coğrafi bir yer deyil, həmçinin Türkiyə ilə Azərbaycan arasında əsrlik bağın ən təbii və ən güclü halqasıdır. Sovet dövründə geosiyasi cəhətdən əlaqəsi kəsilən türk bölgəsinin yenidən birləşməsi indi həm Qarabağ qələbəsi, həm də Zəngəzur dəhlizinin açılışına hazırlıqla konkret bir prosesə çevrilib. Buna görə də Naxçıvanda keçirilən tədbir türk dünyasının gələcək vizyonunda mərkəzi yer tutur”.

Qeyd edilib ki, forum prosesində vurğulanan ən vacib məqamlardan biri türk dövlətləri arasında təkcə diplomatik səviyyədə deyil, həm də ictimai səviyyədə qarşılıqlı əlaqə üçün infrastrukturun yaradılması zərurətidir: “Öncə onu deyim ki, forum çərçivəsində Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının elan edilməsi bu baxımdan alqışlanmalıdır. Ümumilikdə isə, TDT üzv dövlətləri bu gün siyasi cəhətdən uyğun proqramlar, iqtisadi əməkdaşlıq layihələri hazırlaya və birgə təhlükəsizlik tədbirlərində iştirak edə bilirlər. Lakin müasir dünyanın tələb etdiyi regional inteqrasiya modelləri yalnız ayrı-ayrı dövlətlərin iradəsi ilə davam etdirilə bilməz. Vətəndaş cəmiyyəti dövlətlərarası münasibətlərin davamlılığını təmin edən və sosial bazanı gücləndirən fundamental dinamiklərdən biridir. Buna görə də, Bakı-Naxçıvan forumu türk dünyasının çoxqatlı inteqrasiya vizyonunu təcəssüm etdirən bir dönüş nöqtəsi hesab edilə bilər”.

Mehmet Gökhan Özçubukçu hesab edir ki, forumun digər vacib aspekti isə türk dünyasının geosiyasi və iqtisadi gələcəyində həlledici rol oynayacaq Zəngəzur Dəhlizi ilə bağlı xüsusi panelin keçirilməsi idi: “Çünki bu dəhlizin açılması Azərbaycanla Naxçıvan arasındakı quru əlaqələrinin bərpa edilməsi ilə yanaşı, Türkiyə, Azərbaycan və Orta Asiya arasında fasiləsiz ticarət, nəqliyyat və enerji boru kəməri yaradacaq”.

Mission News Theme by Compete Themes.