Okyay Sadıkoğlu: Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının həmrəylik forumu da bu baxımdan tarixi bir addımdır
BAYRAQDAR MEDİA – “Hazırda dəyişən dünya şərtləri fonunda türk dünyasının bütün sahələrdə bir olması vacibdir. Bu baxımdan atılan hər bir addım, həyata keçirilən hər bir siyasət alqışlanmalı və dəstəklənməlidir. Ötən ay Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının həmrəylik forumu da bu baxımdan tarixi bir addımdır”.
Bunu forumun iştirakçısı Kuzey Kıbrıs Tanıtım Platformunun sədri Okyay Sadıkoğlu deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, bu cür mötəbər tədbirdə KKTC-nin təmsilçisi kimi iştirak etmək bir başqa xoşbəxtlikdir: “Dildə, fikirdə və işdə birlik idealı əsasında formalaşan Türk Dövlətləri Əməkdaşlıq Təşkilatı ötən hər gün daha da güclənir. Eyni zamanda Doğu Akdenizin türk dünyasına açılan qapısı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin də TDT-də təmsil olunması türk birliyinə əlavə güc qatır”.
Bakıda və Naxçıvanda keçirilən tədbirləri həm də KKTC-nin türk dünyası ilə daha dərindən inteqrasiyası üçün növbəti addım kimi dəyərləndirən O.Sadıkoğlu “Forum çərçivəsində keçirilən görüşlərdə Kıbrıs türk xalqının haqlı mübarizəsini, turizm, ali təhsil, sənaye və ticarət sahələrində əməkdaşlıq imkanlarını gündəmə gətirdik. Qeyd edim ki, bu, Forumda böyük maraqla qarşılandı. Ümumiyyətlə bu Forum KKTC-nin tanınması istiqamətində QHT-lərin məlumatlandırılması baxımından son dərəcə önəmli idi” deyib.
Okyay Sadıkoğlu açıqlamasında qeyd edib ki, türk dövlətləri arasında iqtisadi əməkdaşlıq dünyanın ən böyük güc mərkəzlərindən birinin formalaşmasına səbəb ola bilər.
Bu kimi tədbirlərin KKTC-də də keçirilməsi üçün addımlar atacaqlarını bildirən Okyay Sadıkoğlu, BAYRAQDAR MEDİA vasitəsilə bir daha təşkilatçılara təşəkkür edib: “Ən böyük təşəkkürümüz isə Türkiyə Cühmurbaşqanı Recep Tayyip Erdoğana və Azərbaycan Prezidenti İlham Əliyevədir. Məhz bu iki şəxsiyyətin qətiyyətli addımları sayəsində KKTC TDT-nin müşahidəçi üzvü olub və hazırda da türk dünyasına daha dərindən inteqrasiya istiqamətində inamlı addımlar atır”.









