BAYRAQDAR MEDİA – Bu günlərdə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin (TAİB) mərkəzi ofisində tanınmış yazıçı-şair Vahid Aslanın “CBS” nəşriyyatında nəfis tərtibatla çapdan çıxan “Çətindərə” adlı kitabının (kitabda 1 roman, hekayə yer alıb) təqdimat mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TAİB-dən daxil olub.
Xəbərdə deyilir ki, “kitabda yer alan “Çətindərə” romanı Gədəbəyin etnoqrafik təbiətinin, səfalı yaylaqlarının və yurd yerlərinin tanıdılmasına hesablanıb. Romanda cərəyan edən hadisələr 1979-1992-ci illəri əhatə edir. Romanda məşhur “Başkənd əməliyyatı”na da toxunulub və həmin əməliyyatın iştirakçılarının əksəriyyəti böyük ehtiramla xatırlanıb. Kitabda, eyni zamanda, tanınmış el sənətkarları – balabançı Bəşir, balabançı Nizam və aşıq Abbasəli yad edilib. Hekayələrdən biri – “Müəllim” adlı hekayə tanınmış maarifçi-ziyalı, dünya şöhrətli yazıçı Mir Cəlal Paşayevə həsr olunub. Digər hekayələrin əsas mövzusu insan psixologiyasının müxtəlif çalarları, fərqli xarakterlər arasındakı ziddiyyətlər, qadın azadlığı və yüksək vətənpərvərlik hissləri üzərində qurulub”.
Sonra xəbərdə, “tədbirdə İctimai Birliyin İdarə Heyətinin, Gənclər Komitəsinin və Qadınlar Komitəsinin üzvləri, yazıçılar, şairlər, jurnalistlər, alimlər, tanınmış ziyalılar iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı tanınmış ziyalı, TAİB-in sədr müavini Eyvaz Hünbətov tədbir iştirakçılarına V.Aslanın yaradıcılığı haqqında geniş məlumat verib. Tədbirdə maraqlı çıxışlarla bərabər V.Aslanın şeirləri və şeirlərinə bəstələnmiş mahnılar da səsləndirilib. Sonda müəllif yeni nəşr olunmuş kitablarını öz imzası ilə oxucularına hədiyyə edib” deyə bildirilir.
Xatırladaq ki, yeni nəşr olunmuş kitab yazıçı-şairin sayca 16-cı kitabıdır.





