BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/16 final mərhələsinin döyüşləri başa çatıb. Mundialın beşinci günündə rinqə çıxan Azərbaycan millisinin 2 idmançısı adını növbəti mərhələyə yazdırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə deyilir ki, “Maqsud Xasmetov (63,5 kq) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb. Boksçu rəqibinə üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü yoxlayacaq. Sərxan Əliyev (71 kq) isə Bonifatsiy Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək”.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.





