BAYRAQDAR MEDİA – Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi növbəti dəfə ənənəvi səhər yeməyində toplaşıb. Bu dəfə də Məclis qonaqsız olmayıb.
Məclisin baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Aqşin Dadaşoğlunun rəhbərliyi altında təşkil edilən səhər yeməyində “Xalq qəzeti”nin siyasət şöbəsinin müdiri İmran Bədirxanlı və Azərbaycanın bayraqdar şairi, AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylı iştirak edib. Eyni zamanda Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva və Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova da iştirakçılar arasında olub.
Bu dəfəki toplantı Məclisin fəal üzvü, pedaqoq, şair Mehparə Sadıqovanın ad günü və yeni nəşr edilmiş “Ömür nəğmələri” adlı şeirlər kitabının təqdimatına həsr edilib.
Tədbir başlamazdan öncə iştirakçılar qarşıdan anım günü gələn Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhunu sayğı duruşu ilə yad ediblər.
Daha sonra tədbir ənənəvi çıxışlar və ifalarla davam edib.
Aqşin Dadaşoğlu çıxışında Mehparə Sadıqovanın poeziyasından danışıb, yeni kitabından şeirini təqdim edib. O, bildirib ki, ad günü qeyd edilən şair-pedaqoq özünün bədii yaradıcılığı və ictimai fəallığı ilə daim seçilib.

Digər üzvlərin çıxışlarında da Mehparə Sadıqovaya xoş arzular səsləndirilib, onun şeirləri ifa edilib.
Məclisin üzvü, şair İbrahim Ağçaylı eyni zamanda tar ifası ilə tədbirə əlavə rəng qatıb. Onun solo ifası, həmçinin şeirləri müşayiət etməsi qonaqlar üçün də əlavə zövq mənbəyi olub.
Məclisin üzvlərindən Məmməd Qədir, Mövlan Şahid, Cümşüd Aydəmir, Rübabə Mustafazadə, Nəzakət Əliyeva, Gülçəmən Həbibova, Gözəl Azayeva, Kənan Rahi və Səməd Asifoğlu öz şeirləri ilə bərabər Mehparə xanımın şeirlərini də ifa ediblər.
Yüksək ovqatda keçən toplantı son aylarda “Ulduzlar”la bağlı ciddi irəliləyişlərin, yaxşılığa doğru kəskin dəyişikliyin daha bir bariz örnəyi olub.
Məclisdə ilk dəfə iştirak edən İmran Bədirxanlı çıxışında belə bir ortama və münasibətə görə təqdirini xüsusi vurğulayıb. O, deyib ki, Xaçmazda ədəbi mühitin bu qədər zəngin olması, belə nizamlılıq və sözün həqiqi mənasında şeir məclisinin təşkili onun üçün xüsusi əhəmiyyət kəsb edir.

Ramiz Qusarçaylı isə qeyd edib ki, Quzey bölgəsində bir sıra ədəbi qurumlar fəaliyyət göstərir. O, bildirib ki, “Ulduzlar” digər qurumlardan məhz elə əsl ədəbi məclis olması ilə fərqlənir. İstedadlı şair və təcrübəli ədəbiyyat adamı, ictimai xadim olan Ramiz Qusarçaylı bu sürətli irəliləyişlərdə Məclisin baş katibi Aqşin Dadaşoğlunun rolunu xüsusi vurğulayıb.
Toplantıda iştirak edən Əməkdar jurnalist Azər Həsrət də öz növbəsində ad günü qeyd edilən və kitabı təqdim olunan Mehparə Sadıqova haqqında xoş diləklərini səsləndirib, ona uzun ömür, cansağlığı diləyib.
Azər Həsrət eyni zamanda özünün yenicə çapdan çıxmış “1996: Moskva göz yaşlarına inandırır…” adlı kitabını imzalayaraq iştirakçılara hədiyyə edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.









