BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Azərbaycan millisinin 3 idmançısı mərhələni qələbə ilə başa vurub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə deyilir ki, “Sübhan Mamedov (48 kq) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub. Avropa çempionu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək. Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionu Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Məhəmməd Abdullayev (+92 kq) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək”.
Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı da təmin edib.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.





