Press "Enter" to skip to content

“Ulduzlar” daha bir məktəbin qonağı oldu

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi bu dəfə rayonun Qımılqışlaq kənd Şəmsəddin Sədiyev adına tam orta ümumtəhsil məktəbinin qonağı olub.

“Ulduzlar”ın baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Aqşin Dadaşoğlunun rəhbərliyi altında şairlər Məmməd Qədir, Cümşüd Aydəmir, Mehparə Sadıqova, İbrahim Ağçaylı, Gözəl Azayeva, Səməd Asifoğlu məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənn aylığı çərçivəsində təşkil edilmiş “Söz xəzinəsi” adlı tədbirin qonağı olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası ilə başlayan tədbirdə anım günü yaxınlaşan Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu yad edilib.

"Ulduzlar"ın baş katibi Aqşin Dadaşoğlu
“Ulduzlar”ın baş katibi Aqşin Dadaşoğlu

Ardından da qonaqlara söz verilib, onlar öz şeirlərini ifa ediblər. Aqşin Dadaşoğlunun Azərbaycan tarixi, coğrafiyası və etnik palitrasını özündə əks etdirən “Azadlığımın” adlı şeiri böyük maraqla qarşılanıb.

Baş katib öz çıxışında bildirib ki, “Ulduzlar” son aylar ərzində yeni istedadların aşkar edilməsi, rayonun ədəbi mühitində uzun illər davam edən durğunluğu aradan qaldırmaq üçün belə görüşləri vacib sayır.

Qonaqların ardınca şagirdlər ədəbi səhnəcik təqdim edib, şeirlər səsləndiriblər.

Tədbirin sonunda fərqlənən şagirdlərə “Ulduzlar”ın təşəkkürnamələri təqdim olunub.

Qeyd edilir ki, tədbirdə iştirak edən Əməkdar jurnalist Azər Həsrət və şair Məmməd Qədir məktəb kitabxanasına öz kitablarını hədiyyə ediblər.

Məktəbin direktoru Nərmin Əhmədli belə tədbirlərin şagirdlərin inkişafında mühüm rol oynadığına diqqət çəkib, “Ulduzlar”ın bu yöndə təşəbbüslərini təqdirlə qarşılayıb.

Məktəbdən bildirilib ki, tədbirin təşkilatçıları Azərbaycan dili və ədəbiyyatı müəllimləri Əfsanə Yaqubova, Rövşən Oruclu, Aytən Ədilova, Vasif Zəkiyev, həmçinin kitabxana rəhbəri Mehriban Mustafayeva olub.

Mission News Theme by Compete Themes.