Press "Enter" to skip to content

Təkcə müşahidə etmədik, həm də müayinə edildik

Mediaturun rəsmi hissəsi

Son yeniləmə: 11 Dekabr 2025

İlin sonuncu mediaturu maraqlı məqamlar, yeni informasiyaların əldə edilməsi və tarixi məkana ekskursiya ilə yadda qaldı

BAYRAQDAR MEDİA – 2025-ci il sona çatmaq üzrədir. Başa çatan il ölkənin digər qurumları ilə yanaşı TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) üçün də geniş fəaliyyət proqramı ilə yadda qalacaq. Təbii ki, bu sırada iki qurumun birgə təşkil etdiyi mediaturlar da var. Belə mediaturlardan biri də dekabrın 11-də Xəzər Tibb Mərkəzinə təşkil edildi.

Media təmsilçiləri Xəzər Tibb Mərkəzi barədə məlumatlandırılır
Media təmsilçiləri Xəzər Tibb Mərkəzi barədə məlumatlandırılır

Öncə onu qeyd edək ki, BAYRAQDAR MEDİA olaraq bizim də qatıldığımız mediatur maraqlı məqamlar, yeni informasiyaların əldə edilməsi və tarixi məkana ekskurisya ilə yadda qaldı. Yəqin dəyərli oxucu bir anlıq “Tibb müəssisəsinə mediaturla tarixi məkana səyahət arasında hansı əlaqə ola bilər” sualını verəcək. Amma gəlin tələsməyək, reportajımızın sonunda bu suala cavab veriləcək. Hələlik isə bu cür zəngin bir proqram və özəl diqqətə görə mediaturun təşkilatçılarına, xüsusilə də hər iki qurumun media və ictimaiyyətlə əlaqələrdən məsul olan rəhbər və sıravi işçilərinə minnətdarlıq edərək, keçək əsas məsələyə.

2025-ci il ərzində birgə keçirilən dördüncü mediaturun ünvanı – Xəzər Tibb Mərkəzi

Öncə ondan başlayaq ki, Xəzər Tibb Mərkəzinə təşkil edilən mediaturun məqsədi media nümayəndələrini tibb müəssisəsində yaradılan infrastruktur, müasir tibbi imkanlar, icbari tibbi sığorta sisteminin tətbiqi və göstərilən xidmətlərin təşkili ilə yerində tanış etmək idi.

Mediaturun rəsmi hissəsindən foto
Mediaturun rəsmi hissəsindən foto

Bu mediaturu, necə deyərlər, özəl edən səbəb isə onun ilin sonuncu belə tədbiri olması idi. Bu barədə media təmsilçiləri qarşısındakı çıxışında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova dedi. O, “bu, cari il ərzində TƏBİB və Agentliyin birgə keçirdiyi dördüncü və sonuncu media turdur” deyə qeyd etdi.

Zamirə Ədilova: TƏBİB-in məqsədlərindən biri də informasiya açıqlığının təmin olunmasıdır

Departament rəhbəri mediaturların jurnalistlərin tibb müəssisələri, oradakı şərait və yeniliklərlə yerində tanış olması və ictimaiyyətin məlumatlandırılması baxımından geniş imkan yaratdığını bildirdi:“Bu gün TƏBİB-in məqsədlərindən biri də informasiya açıqlığının təmin olunmasıdır. Bu istiqamətdə tabelitibb müəssisələrinin rəsmi internet saytlarının istifadəyə verilməsi üçün işlər sürətləndirilib. Cari il ərzində “Vahid Xəstəxana Saytı” layihəsi icra olunub, sözügedən layihə çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi internet saytı üzrə işlər yekunlaşıb. Bundan əlavə, Binəqədi, Xətai və Sumqayıt tibb mərkəzlərinin, həmçinin Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının rəsmi internet saytları üzrə də işlər davam etdirilir”.

Zamirə Ədilova
Zamirə Ədilova

Z.Ədilova çıxışında onu da vurğuladı ki, 2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 min 672 zəng daxil olub: “Müraciətlərdən 11 min 508-i dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Digər 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. Daxil olan müraciətlərin mövzusuna gəlincə, müraciətlər əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub”.

Aynurə Əhmədova: İcbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradıb

Media təmsilçiləri qarşısında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova isə öncə onu bildirdi ki, icbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb.

Aynurə Əhmədova
Aynurə Əhmədova

Qeyd edilib ki, son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib: “Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya və s.) təmin edilib”.

A.Əhmədovanın sözlərinə görə, səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb.

Yaqut Qarayeva
Yaqut Qarayeva

Çıxış edən TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva isə Xəzər Tibb Mərkəzində yaradılan tibbi xidmətlər, nəzərdə tutulan layihələrlə bağlı məlumatları diqqətə çatdırdı.

Mübariz Ağayev: Prioritet hədəf pasiyent məmnunluğunun artırılmasıdır

Daha sonra Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev çıxış etdi. Direktor öncə onu bildirdi ki, prioritet hədəf pasiyent məmnunluğunun artırılmasıdır: “İlk növbədə pasiyent məmnunluğunun artırılması prioritet hədəfimizdir. Bunun üçün də Xəzər Tibb Mərkəzində yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlamışıq və ümid edirik ki, qısa müddət kəsimində bu xidmətləri də tam hazır vəziyyətə gətirib vətəndaşlarımızın ixtiyarına verəcəyik”.

Mübariz Ağayev
Mübariz Ağayev

O da, qeyd edildi ki, bütün bunlarla yanaşı, Xəzər Tibb Mərkəzində KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi nəzərdə tutulur: “Habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması bizim əsas hədəflərimiz sırasındadır”.

2025-ci ilin 11 ayında 230 mindən çox şəxs Xəzər Tibb Mərkəzinə müraciət edib

Direktor çıxışında statistik rəqəmlərə də toxundu. Bildirildi ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində ümumilikdə 230 min 724 nəfər Xəzər Tibb Mərkəzinə müraciət edib.

Proseslə əyani tanışlıq
Proseslə əyani tanışlıq

Qeyd edildi ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində müraciət edən 230 min 724 nəfərə ümumilikdə 780 min 134 tibbi xidmət göstərilib. Həmin dövrdə 5125 nəfər stasionar müalicə alıb. 2025-ci ilin ilk 11 ayında 2713 cərrahi prosedur icra olunub. Məhz cərrahi xidmətlərinin sayının və keyfiyyətinin artırılması istiqamətində də işlər davam etdirilir”.

Şəhid ailələri və qazilər diqqət mərkəzindədir

Beləliklə, mediaturumuzun rəsmi hissəsi sual-cavab sessiyası ilə başa çatdı. Növbədə isə şöbələrlə tanışlıq idi. Tərəddüd etmədən deyə bilərik ki, rəsmi hissə kimi ikinci bölüm də media təmsilçiləri üçün zəngin müşahidə və inforamsiyalarla yadda qaldı. Xəzər Tibb Mərkəzinin Poliklinika, Radiologiya, Laboratoriya, Təcili tibbi yardım şöbələri ilə tanışlıq zamanı bır sıra yeni məlumatlar əldə etdik. Ən əsası, öyrəndik ki, vətəndaşların daha çox ürək-damar, tənəffüs sistemi, uroloji, laborator, UZİ müayinələri ilə bağlı mərkəzə müraciət edirlər.

Mübariz Ağayev görülən işlər barədə məlumat verir
Mübariz Ağayev görülən işlər barədə məlumat verir

Onu da öyrəndik ki, ölkənin hər yerində olduğu kimi Xəzər Tibb Mərkəzində də şəhid ailələri və qazilərə xüsusi diqqətlə yanaşılır. Özü də 44 günlük Vətən müharibəsinin iştirakçısı olan direktor Mübariz Zeynalov bildirdi ki, burada müalicə alan həmin katiqoriyadan olanlar şəxslər gündəlik lazımi müalicə-müayinə prosedurundan keçirlər. Həftədə bir dəfə isə şəxsən direktorun iştirakı ilə onlar müayinə olunur, istəkləri dinlənilir.

Elə mediatur zamanı müalicə alan qazilər də həm Xəzər Tibb Mərkəzindən, həm də Mübariz Zeynalovdan razılıq etdilər.

Növbə bizə də çatdı

Yuxarıda qeyd etdiyimiz kimi, mediatur media təmsilçiləri üçün bir sıra məqamlarla yadda qaldı. Onlardan biri də təşkilatçıların bizə özəl yanaşması idi. Söhbət ondan gedir ki, mediatur çərçivəsində media nümayəndələrinə tibb müəssisəsində müvafiq müayinələrdən keçməyə şərait yaradıldı.

Jurnalist həmkarımız da mənim kimi gözündən müayinə olundu
Jurnalist həmkarımız da mənim kimi gözündən müayinə olundu

Bu yazının müəllifi olaraq bəndənizin oftolmoloji müayinədən keçməsindən sonra bəll oldu ki, artıq eynəyə keçməyin vaxtıdır.

Mediaturun son dayancağı-tarixi Mərdəkan qəsri

Bununla da, Xəzər Tibb Mərkəzinə meduaturumuz başa çatdı. Amma təşkilatçıların, daha doğrusu Mübariz Zeynalovun bizim üçün daha bir sürprizi vardı – tarixi Mərdəkan qəsrinə ziyarət.

Direktor dedi ki, ən qədim yaşayış yerlərindən biri olan Mərdəkan həm də qalaları ilə tanınır: “İstədik ki, media təmsilçilərini fürsətdən istifadə edib tarixi Dairəvi Mərdəkan qəsri ilə də tanış edək. Odur ki, indi ora yollanırıq”.

Mediatur uğurla başa çatır
Mediatur uğurla başa çatır

Beləliklə, yollandıq tarixi məkana və orada öyrəndik ki, Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri (qala kimi də tanınır-N.A) Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsidir: “Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur”.

Dairəvi Mərdəkan qəsri
Dairəvi Mərdəkan qəsri

Elə bu məlumatla da həm reportajımıza yekun vurur, həm də yuxarıda bəhs etdiyimiz “Tibb müəssisəsinə mediaturla tarixi məkana səyahət arasında hansı əlaqə ola bilər” sualına cavab vermiş oluruq.

Mission News Theme by Compete Themes.