Eskişehirdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
BAYRAQDAR MEDİA – Ötən həftə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı müxtəlif tədbirlər keçirilib. Belə tədbirlərdən biri də Türkiyənin Eskişehir şəhərində reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən (ESAZDER) məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ESAZDER Akademinin birgə təşkilatçılığı ilə “Türk dünyası gələcəyin liderləri forumu: Təhsildən iş dünyasına” adlı tədbir qardaş ölkədə böyük maraqla qarşılanıb. Eyni zamanda, tədbir çərçivəsində təşkil edilən Panel Proqramı uğurla başa çatıb.

Məlumata əsasən, Panel Proqramı ESAZDER Akademi bölməsinin rəhbəri Dr. Nurlan Maarif və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası sədr müavini Settar Kayanın açılış nitqləri ilə başlayıb: “Açılış mərasimində Ümummilli lider Heydər Əliyev başda olmaqla türk dünyasının dövlət xadimləri və şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Türkiyənin İstiqlal Marşı və Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov, dərnək rəhbərliyi və üzvləri, o cümlədən akademik dairələr, iş dünyası nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və tələbələr iştirak edib”.

Məlumda deyilir ki “Təhsildən biznes dünyasına çoxşaxəli baxış” Panel iclası Dos.Dr. İnci Oya Coşkunun moderatorluğu ilə həyata keçirilib: “Panel çərçivəsində Prof. Dr. Mehmet Başar “Qlobal karyera imkanları və beynəlxalq iş mədəniyyəti”, Prof.Dr. Gökçe Yüksek “Xidmət sektorunda çoxmədəniyyətli komandalarla işləməyin üstünlükləri və çətinlikləri”, Vali Safarov “Gənc sahibkarlar, rəqəmsal iqtisadiyyat və innovasiyanın biznes dünyasına təsiri”, Dr. Asif Kurban “Türkiyədə təhsil alan beynəlxalq tələbələrin əmək bazarına inteqrasiyası və peşəkar təcrübələri” mövzularında çıxış ediblər. Panel müzakirələri zamanı xüsusilə beynəlxalq tələbələrin iş dünyasına keçid prosesində qarşılaşdıqları institusional və mədəni amillər, karyera planlaşdırılması, sahibkarlıq ekosistemi və rəqəmsal transformasiyanın yaratdığı yeni imkanlar ətraflı şəkildə təhlil edilib. Tədbirin sonunda panel iştirakçılarına plaketlər və təşəkkürnamələr təqdim edilib”.
Sonda ESAZDER sədri, uzman əczaçı Cavid Aydın çıxış edib. Çıxışda türk dünyasını bir araya gətirən bu cür elmi və peşəkar platformaların davamlılığının vacibliyi vurğulanıb.

Məlumatda o da bildirilib ki Forum proqramı günün ikinci yarısında təşkil olunan iki seminar ilə davam etdirilib: “Bu çərçivədə ilk olaraq Eskişehir Ticarət Palatasının Baş Katibinin müavini Okan Adıyaman tərəfindən karyera planlaşdırılması, iş həyatında fərdi inkişaf və qlobal karyera hədəfləri mövzularını əhatə edən seminar keçirilib. Daha sonra Diksiya təlimçisi və teatr rejissoru Şeker Aybala tərəfindən keçirilən ikinci seminarda ictimaiyyət qarşısında təsirli görünüş, bədən dili, qavrayışın idarə olunması və ünsiyyət bacarıqları mövzuları müzakirə edilib. Praktiki izahlarla zəngin olan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Forum proqramı “Bermuda” komandalararası intellektual bilik yarışı ilə yekunlaşıb. Yarışmanın sonunda qalib komandalar mükafatlandırılıb, tədbir iştirakçıların yüksək marağı və məmnuniyyəti ilə başa çatıb”.









