BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Respublikası Gəncliyə Yardım Fonduna uzun illər səmərəli rəhbərlik etmiş Ahmet Tecim və Fondun yeni seçilmiş prezidenti Salih Zeki Meriç ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Komitədən məlumat verilib.

Məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb: “Müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafı, təhsil və maarifçilik, xeyriyyəçilik fəaliyyəti, multikulturalizm dəyərlərinin təşviqi, eləcə də qardaş ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub. Eyni zamanda ölkələrimizin, xalqlarımızın və liderlərimizin formalaşdırdığı strateji münasibətlərə uyğun olaraq yeni əməkdaşlıq formatlarının tapılması, Şuşa Bəyannaməsinin ruhunda birgə fəaliyyətin stimullaşdırılması imkanları diqqət mərkəzində olub”.

Məlumata görə, görüş çərçivəsində qarşılıqlı olaraq kitablar və xatirə hədiyyələri təqdim olunub. Komitə sədri Fazil Mustafa, həmçinin Əhməd Tecimin 55 illik yubileyi münasibətilə ona təbrik məktubunu təqdim edib.
Görüşdə İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı və Gəncliyə Yardım Fondunun şöbə müdiri Sedat Demir iştirak edib.





