Press "Enter" to skip to content

Zəfərdən türk birliyinə gedən yolun mədəni izi

Əkbər Qoşalı

Yubileylər və yaddaş

BAYRAQDAR MEDİA – 2025-ci il Azərbaycan üçün sıradan bir təqvim ili olmayıb, şanlı tarixi yaddaşın beşinci dövrəsi idi. Zəfərimizin beşinci ildönümü artıq hadisənin özü qədər, onun mənəvi, estetik və ideoloji təcəssümünü gündəmə gətirdi. Qarşıdan gələn il isə Türk dünyası üçün başqa bir beşillik mərhələni xatırladacaq: Türk Dövlətlər Təşkilatının – Şuranın təşkilata çevrilməsinin beş ili tamam olur.

Bu iki yubiley, necə deyərlər, eyni xətt, eyni yaddaş üzərində dayanır: Zəfər – Birlik – Gələcək. Bu, elə ortaq keçmişdən ortaq gələcəyə uzanan ulu yolun da bir bölümü sayıla bilər; hər iki halda gələcək vurğusu var və bu, vurğu inam biçimindədir.

Amma əsas sual budur: bu ardıcıllıq ədəbiyyatımızda, incəsənətimizdə, mədəni düşüncəmizdə necə əks olundu?

Durum dəyərləndirməsi: Hadisə var amma hələ dərinlik yetərli deyil

Zəfərin beş ili içində ədəbiyyatda, musiqidə, təsviri sənətdə yetərincə emosional reaksiya, patetik mətn, ritual xarakterli əsər yarandı. Bu, təbiidir. Böyük tarixi hadisələr ilk mərhələdə coşğu dili doğurur.

Ancaq etiraf etməliyik ki, hələlik Zəfərin fəlsəfəsi, Türk birliyinin tarixi-mədəni məntiqi, bu iki hadisənin ortaq sivilizasiya konteksti tam miqyasda bədii ümumiləşməyə çevrilməyib.

Etiraf edək, biz hadisəni çox zaman təsvir etdik, amma onu düşüncə səviyyəsində kodlaşdırmaqda gecikirik.
Bəs nə kimi bir tendensiya müşahidə olunur? – Patetikadan konseptual düşüncəyə keçid başlayırmı? Bu suala müsbət cavab vermək olar, bununla belə, son dönəmdə önəmli bir meyl də görünür: ədəbiyyat və incəsənət yalnız Zəfəri tərənnüm etmir, onu anlamağa başlayır.

Yeni nəsr örnəklərində Zəfər bir an, hətta 44 gün olmaqdan çıxır, tarixi proses kimi təqdim olunur;
Habelə Türk dünyası coğrafiya yox, ortaq yaddaş və məsuliyyət kimi düşünülür; qəhrəman obrazı isə yalnız döyüşçü olmaqda qalmayıb, dönəmin yükünü daşıyan insandır. Bax, bu, təbliğdən – incələməyə, şüardan – mətləbə doğru addım olaraq önəmli dönüşdür. Belə bir qanunauyğunluğa vurğu edə bilərik ki, böyük hadisə böyük estetika tələb edir.

Tarix göstərir ki, böyük qələbələr dərhal böyük ədəbiyyat doğurmaya bilir

Tarix göstərir ki, böyük qələbələr dərhal böyük ədəbiyyat doğurmaya bilir; onlar öncə susqunluq, sonra axtarış, daha sonra klassikləşmə mərhələsindən keçir. Zəfərin və Türk Dövlətlər Təşkilatının yubileyləri də bu qanunauyğunluğun içindədir.

Bəli, əsl əsərlər sifarişlə yox, vaxtın içindən süzülərək yaranır. Amma:

-dövlət və cəmiyyət konseptual mövzu çağırışı verməli;

-yaradıcı mühit Türk dünyası düşüncəsini ayrıca janr və mövzu kimi işləməlidir;

-Zəfər yalnız xatirə olmaqdan çıxıb, estetik məsuliyyət kimi qəbul olunmalıdır.

Hər iki şanlı yubiley:

-ortaq türk romanlarının,

-sivilizasiya miqyaslı poemaların,

-teatr və kino üçün ideya mərkəzli ssenarilərin yaranması üçün fürsətdir.

Ədəbiyyat və incəsənət Zəfərin son nöqtəsi sayılmamalı, əksinə davamı sayılmalıdır

Biz Zəfəri təkcə keçmişin qüruru, Türk Dövlətlər Təşkilatını isə təkcə siyasi struktur kimi deyil, XXI yüzilin türk mədəni layihəsi kimi düşünməliyik. Beş il öncə torpaq azad olundu; indi isə onun anlamı bütün dərinliyi ilə azad olunmalıdır.

Bir sözlə, ədəbiyyat və incəsənət Zəfərin son nöqtəsi sayılmamalı, əksinə davamı sayılmalıdır. Türk Dövlətlər Təşkilatının beş ili də bunu deyir: Birlik yalnız sənədlə yox, sözlə, səslə, obrazla möhkəmlənir.

Əgər biz bu yubileyləri təqvim faktı olmaqdan yuxarı qaldırsaq, mədəni çağırış kimi oxuya bilsək, onda Zəfər də, Türk birliyi də gələcəkdə yaşayacaq.

Mission News Theme by Compete Themes.