BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Hüseyn Hüseynov İstanbula səfəri çərçivəsində Türkiyənin İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci ilə görüş keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı MEK-in direktoru rəhbərlik etdiyi kitabxananın həyata keçirdiyi layihə və təşəbbüslər, elektron kitabxanası, beynəlxalq əlaqələri haqqında məlumat verib, həmçinin İstanbul Universitetinin kitabxanasının fondları, nadir kitabların rəqəmsallaşdırılması üzrə mövcud imkanları ilə yaxından tanış olub. Direktor qeyd edib ki, nadir nəşrlərin rəqəmsallaşdırılması və geniş ictimaiyyətə çatdırılması istiqamətində MEK-in həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət mədəni irsin qorunmasına növbəti nümunədir”.
Sonra xəbərdə, “H.Hüseynov qarşılıqlı əməkdaşlığın faydalı olacağını vurğulayaraq nadir kitabların rəqəmsallaşdırılması üzrə İstanbul Universitetində istifadə olunan texnologiyaların MEK-də tətbiq olunmasından irəli gələn imkanlar barədə geniş müzakirələr aparıb. S.T.Kaleci isə öz növbəsində görüşdən məmnunluğunu ifadə edərək, gələcəyə yönəlik birgə əməkdaşlıqlardan bəhs edib” deyə qeyd edilir.





