Son yeniləmə: 21 Dekabr 2025
BAYRAQDAR MEDİA bu dəfə Azər Həsrətin kiçik həcmli nəsr əsərini təqdim edir. Necə bir əsər olduğuna, janrına belə qərar verməyib müəllif. Deyir ki, qoy oxucuların özləri qərar versin buna. Amma onu da əlavə edir ki, bu yazılanlar, əslində gerçəkdən də olubmuş. Nə deyirik ki? Dəyərli oxucular oxusun, qərarı da özləri versinlər:
Qoca şair yenə də adəti üzrə yuxudan durdu. Çox erkən idi. Amma bir az həyəcanlı görünürdü. Görüşə hazırlaşırdı çünki…
Əl-üzünü yudu, bir balaca qəlyanaltı da elədi. Qarşısına yemək gətirən arvadına gözaltı baxdı, içində qara-qara düşündü: “Əşi, bunun da hayhayı gedib, vayvayı qalıb ki…”
Sonra həyətə çıxdı. Bir az hərəkətləndi ki, əl-qolu açılsın, gümrahlaşsın. Hər nə qədər olmasa da görüşə gedəcəkdi. Görüşəcəyi də bunu gümrah, canı sulu görməli idi…
Görüşə hazırlaşırdı şair. Eşqbazlıq düşmüşdü könlünə. Özü kimi bir şairə ilə görüşəcəkdi. Şairə də ki, Allahın bəlası imiş. Amma o, bunu bilmirdi hələlik. Yalnız onu bilirdi ki, həmin şairə bu qoca şairdən ən azı 25 yaş cavandır…
…Saat 10-u keçmişdi. Şair düşündü ki, artıq yola çıxmaq olar. Amma o möhtəşəm görüşə əliboş getmək ayıb olardı…
…Həyətdəki toyuqların çığırtısı hamı kimi şairin qocalıb əldən düşmüş arvadının da diqqətini çəkdi. Arvad evdən çıxıb, “a kişi, nə olub” deyə soruşanda, şair özünü itirmədən (hər halda əvvəllər də belə təcrübəsi olmuşdu), “heç, bu başıbatmışlar tərəvəzi zay elədi, qovuram onları”, deyə cavab verdi. Cavab arvadı qane etdiyindən o da çəkilib evə girdi…
Şair anac toyuğu küncə sıxışdırıb birtəhər yaxaladı. Fərələr, beçələr qaçıb aradan çıxsa da bu ağırlaşmış toyuq düz-əməlli qaça da bilmirdi. Ona görə də heydən düşüb küncə qısılmışdı. Yoxsa bu qoca yaşında şairin toyuq tutası halı da yox idi…
…İçində toyuq olan bir torba ilə qoca şair sakitcə həyətdən çıxdı. Yola düzəldi. Kənd yolu bərbad idi, amma əsas bu deyildi. Əsas o idi ki, evdən aralanıb tez gözdən itsin. Yoxsa, Allah eləməmiş, arvad çıxar, onu görər və planını poza bilərdi…
Beləcə daşlı-kəsəkli yolları aşıb şəhərə gəldi şair. Amma görüşü bu şəhərdə deyil, rayon mərkəzində – əsas şəhərdə olmalı idi. Ona görə də qoltuğundakı toyuqlu torba ilə şəhərlərarası avtobusa mindi və ülvi arzusuna doğru yol aldı…
40 dəqiqə sonra şair şairənin evində idi. Əvvəlcə həyətdə toyuğun başını kəsdi. Sonra evə girdilər. Şairə də çox qoçaq idi. Heç yarım saat çəkmədi ki, toyuğu qaynar suda isladıb lələklərini yoldu. Elə şairin gözü qabağında elədi bunu. Özü də hər lələyi yolanda sanki qoca şairə, “səni də belə yoluram e” deyirdi. Amma qoca bundan xəbərsiz idi…
Sonra nə oldu? Hə, sonra toyuq bişirildi. Qocaya bir şərab da aldırdı qoçaq şairə. İndi qalan iş süfrə arxasında oturub yeyib-içmək, sonra da “deyib-gülmək” idi…
…Tam da yeyib-içməyə başlayacaqdılar ki, qapı döyüldü. Şair təəccüblə şairənin üzünə baxdı. O da qayıtdı ki, “vallah, mən heç kimi gözləmirdim, görüm kimdir?”
…Qapıya yaxınlaşan şairə anidən, təşvişlə geri döndü. Ki, “bəs yeznəm gəlib, tez arxa qapıdan qaç, səni burada görməsin. Yoxsa biabır olaram, ərsiz arvadam, o da səni tanımır”…
Və şair süfrənin üstündəki yeməklərin dadına belə baxmadan, ağzının suyu axa-axa aradan çıxdı…
…Canını güclə qurtarmış şair birtəhər 3 saat dözə bildi. Sonra şairənin başına nə gəldiyini öyrənmək üçün zəng etdi…
Şairə isə öz kefində idi. Kefi lap kök idi. O “yeznə” dediyi də, əslində yeznə deyildi. Məşuqu idi. Özü də çox peşəkar bir məşuq. Elə şairə də peşəkar məşuqə idi. Sadəcə qoca şair bunu bilmirdi…
…Şairə qoca şairin zəngi üzündən zır-zır zırıldayan telefona, nəhayət ki, cavab verdi. Bir az da yorğun səslə, “hə, ürəyim, bağışla, bayaqdan bu başıbatmış burda idi, cavab verə bilmirdim, az əvvəl getdi”, deyə özünü təmizə çıxarmağa çalışdı. “Başıbatmış” dediyi isə, əslində getməmişdi, irişə-irişə şairənin üzünə baxırdı.
Qoca şairi ürkütmək olmazdı həm də. Ona görə də şairə sözünə inandırıcı şəkildə davam etdi: “bu da gəlməyə vaxt tapdı. Sən çıxan kimi içəri soxuldu, gördü hazır yemək-içmək var, dedi ki, elə yaxşı oldu, acından ölürəm. Heç soruşmadı ki, bu nə süfrədir belə? Donuz kimi basıb yedi, şərabı da boşaltdı, sonra da çıxıb getdi. Yenə də yaxşı qurtardıq. Yaxalansaydıq batmışdıq”…
…Artıq neçə gün idi ki, qoca şair özünə yer tapa bilmirdi. Toyuq əldən getmişdi, amma eşqbazlıq ən maraqlı yerində qırılıb qalmışdı. Ona görə də qoca düşünürdü ki, bunu bir yolla yoluna qoysun…
…Vədələşdilər. Şairə yenə də onu görüşə çağırdı. Dedi ki, “evdə tək olacağam, gələn-gedən də olan deyil, gəl, bir balaca özümüzə vaxt ayıraq”…
…Yenə də toyuqlar atlı idi, qoca şair piyada. Ləhləyə-ləhləyə həyətin bütün çal-çəpərinin dibinə, kol-kosa girib çıxdı. Amma bu lənətə gəlmişlərdən birini də tuta bilmədi…
…Tutmalıydı o, toyuğu. Eşqbazlığa əlidolu getmək lazım idi axı. Əliboş getsə, heç üzünə qapı da açılmazdı…
Bu lənətə gəlmiş toyuqlar da od parçası idi sanki. Belədə şairin ağlına qonşunun cinbala uşağını çağırmaq gəldi. Bu uşaq da nəinki toyuğu, göydə uçan quşu belə qovub tuturdu…
“Şair, toyuğu tutaram e, amma bir balaca xərci var. Bir manat ver, bu saat tutum”, deyən cinbala qocanın üzünə baxıb bic-bic gülümsədi. Çarə yox idi, toyuğu yaxalamaq üçün bir manatdan keçmək lazım idi.
“Əşi, bu boyda eşqbazlığın qabağında bir manat nədir ki? Verim bu uşağa, canımı qurtarım, gedim də”, deyə düşündü şair…
Elə ki, əlini atıb pulların arasından bir manat çıxarmaq istədi, cinbala daha bir neçə manatlığı görüb iştaha gəldi. “Şair, amma bir manat toyuğu tutmaq üçündür. Gərək əlavə bir manat da verəsən. Yoxsa, bu boyda sirri saxlamaq asan olmaz axı”, deyib qocanı əməlli-başlı şantaj elədi…
“Hə, indi ilişdik. Bu ağzıyırtıq bir manatı almasa məni arvada satacaq. Geri çəkilmək də olmaz artıq. Hətta toyuğu tutmasa da arvada deyəcək ki, kişin toyuq tuturdu. Gəl indi bu qoca qarıya izahat ver”, deyib də şair pulların arasından iki ayrı manatlıq çıxardı: “bax, budur, iki manat. Tut toyuğu, ikisi də sənin olsun”…
…Bu dəfə də şair əvvəlki marşrut üzrə hərəkət etdi. Palçıqlı, bərbad kənd yoluna çıxdı, özünü yaxınlıqdakı şəhərə çatdırdı. Oradan da rayon mərkəzinə, eyni ünvana yollandı…
Ötən dəfəki hərəkətlər bu dəfə də təkrarlandı. Şairə toyuqdan dadlı bir yemək hazırladı. Canıyanmışın yaxşı aşpazlığı da vardı. Şeirləri də belə ortabab idi. Amma yeməkləri ondan daha ləzzətli görünürdü…
…Şərab da alınmışdı. İndi yeməyə oturmaq olardı. Elə masa arxasında yerlərini rahatlamışdılar ki, şairəyə zəng gəldi. “Vayyy” deyib qadın telefonu şairə göstərdi: “buna cavab verməsəm dünya dağılar”.
Telefonda danışdıqca şairənin üzü sallanırdı. Qısa danışdılar, amma rəngi heç də ürəkaçan deyildi…
“Kimdir, nədir”, deyə şair soruşanda, “bu başıbatmış yeznə yenə də bizə gəlir, qapıya çatıb” cavabını eşitdi. Artıq bu dəfə nə etməli olduğunu şairin özü bilirdi deyə şairə sadəcə onun üzünə baxıb durdu…
Qoca şair yenə də arvadından xəbərsiz həyətindən oğurlayıb gətirdiyi toyuqdan hazırlanmış yeməyin yalnız qoxusunu içinə çəkərək arxa qapıdan əkilməli oldu…
…Suyu süzülə-süzülə artıq ikinci dəfə eşqbazlıqdan əliboş evə – o qoca qarısının yanına qayıtmalı olan şair indi anladı ki, şairə buna torba tikirmiş. Amma gec idi. İki toyuq, iki də babat şərab, hələ yanında da əlavə məzəsi əldən getmişdi…





