Press "Enter" to skip to content

Kəndimizdəydi…

Cümşüd Aydəmir

BAYRAQDAR MEDİA Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin fəal üzvü, istedadlı şair Cümşüd Aydəmirin yeni şeirini təqdim edir:

Vətən, camalına heyranam sənin,
Gözəlin əlası kəndimizdəydi.
Məcnun tək çöllərə düşəndə könlüm,
Onun da Leylası kəndimizdəydi.

Hanı o gördüyüm halal adamlar,
Əmilər, dayılar, kamal adamlar,
Şöhrətli, kökənli, cəlal adamlar,
Onların nidası kəndimizdəydi.

Hanı yun əyirən o əyri cəhrə,
Babamın əl işi – “brend”i dəhrə,
Daha görünməyir o yekə nehrə,
Kərənin əlası kəndimizdəydi.

Hanı dən üyüdən əl dəyirmanı,
Kəndçiyə verilən bəs dəyər hanı,
Ey əzvay eyləyən dini, imanı,
İmamın yaxşısı kəndimizdəydi.

Gülgəri, təkdənli və sarı buğda,
Dənləri iriydi lap darı boyda,
Çörək də ətirli, dadlıydı onda,
Torpağın karlısı kəndimizdəydi.

Oxundu xatirəm hey varaq-varaq,
İllər nə tez keçdi qovulan sayaq,
İstədim bir daha ətrini duyaq,
Almanın dadlısı kəndimizdəydi.

Gözüm görə-görə boşalır kəndlər,
Kəndlərə qayıtmır bir vaxt gedənlər,
Şairi üzür e… dediyim dərdlər,
Deməyim bir zaman kəndimizdəydi,
Deyim ki, indi də kəndimizdədir.

Digah – Xudat. 23 dekabr 2025

Mission News Theme by Compete Themes.