Tanınmış aktyor, dublyajçı Vüsal Murtuzəliyevin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.
-Vüsal bəy, bu günlərdə əhvalınız necədir?
-Normaldır, hamı kimi…(gülür) Bu yollar, tıxaclar bizi bir qədər yorur. O da haradasa əhvalımıza müəyyən qədər təsir edir. Amma ümumilikdə vəziyyət normaldır.
Əvvəlcə səsimi eşitdilər, sonra üzümü gördülər…
-Tamaşaçı sizi həm aparıcı, həm aktyor, həm də dublyajçı kimi tanıdı. Maraqlıdır, bu yol haradan başladı?
-Orta məktəb illərində çox aktiv idim. Müəyyən bayram günlərində keçirilən tədbirlərdə, tədbirlərin hazırlanması və təşkilində həmişə fəal iştirak etmişəm. VIII-IX siniflərdən başlayaraq yaranan bu həvəs sonradan yolumu müəyyənləşdirdi. Bu yolda bacım, ölkənin tanınmış aktrisası, Əməkdar artist və aparıcısı Dilarə Əliyeva mənə çox böyük dəstək oldu. Hətta İncəsənət Universitetinə hazırlaşmağımda yeznəm Oktay Əliyevin də böyük rolu olub. Elçin Əlibəyli isə məni qabiliyyət imtahanına hazırlaşdırdı, yaxşı da hazırlaşdırdı. Onların haqqını unuda bilmərəm. Ömrümün axırına kimi də təşəkkür edirəm. İlk əmək fəaliyyətim isə dublyajla bağlıdır. 2005-ci ildən indiyə kimi dublyajdayam. Yəni teatr, film və serialdan da əvvəl mən dublyaj sahəsində fəaliyyətə başlamışam. Tamaşaçıların mənimlə tanışlığı səsimi eşitdikləri gündən başlayıb. Daha sonra filmə və seriallara çəkildim. Məni görənlər deyir: “Səsiniz mənə çox tanış gəlir”. Mən də cavab verirəm ki, uzun illərdir efirdə, dublyaj sahəsində çalışıram. Onda deyirlər ki, səsiniz o qədər tanışdır ki, artıq məşhur bir səsə çevrilib.
-Teatr dediniz. Teatr aktyoru kimi fəaliyyətiniz olubmu?
-Uzun illər əvvəl ayrı-ayrı teatrlarda iki tamaşada rol almışam və bu da dəvətlə baş tutub. Ancaq mütəmadi olaraq teatr fəaliyyəti ilə məşğul olmamışam. Teatrı əsl böyük sənət hesab edirəm. Teatr canlı sənətdir və aktyor üçün çox böyük bir bazadır.
-Bəs davam etdirməməyinizin səbəbi maraq dairənizdə olmaması idi, yoxsa başqa bir səbəb var idi?
-Marağım var. Sadəcə teatrdan əvvəl mütəmadi dublyajla məşğul olmuşam, daha sonra çəkilişlər başladı və fəaliyyət dairəm genişləndi. Qorxdum ki, hər şeyi bir yerə sığışdıra bilmərəm. Sevil, zaman çox sürətlə keçir. Mən qaçaqaçı sevmirəm. Yaradıcılıq üçün rahatlıq vacibdir. Hansı işi görürəmsə, ona yetərincə vaxt ayırmaq istəyirəm. Düşünürəm, əvvəlcə teatrda fəaliyyətə başlasaydım, hər şey tamam başqa cür olardı. Amma heç vaxt “heç vaxt” demirəm. Təklif olsa, dəyərləndirərəm. Teatrı kinodan və dublyajdan da üstün tuturam.
Küsülü olduğum insanlar mənə zəng etdi
-Yaxın vaxtlarda sağlamlıq baxımından çətin bir sınaq ilə üz-üzə gəldiniz. Çox vaxt belə anlarda insan ətrafındakıları tanıyır. Bu sınaqda kimlərin yanınızda olmadığını gördünüz və həmçinin bu sınaq sizə nəyi öyrətdi?
-Həmin vaxtlarda ətrafımdan heç bir neqativ münasibət hiss etmədim. Hətta mən deyərdim ki, danışmadığım, bir az küsülü olduğum insanlar belə mənə zəng etdi. Bu, özü bir barışıq idi. Tanıdığım və tanımadığım insanlardan saysız-hesabsız zənglər və mesajlar aldım, sosial şəbəkələrdə də bunun şahidi oldum. Ona görə də deyərdim ki, bu qədər insan məni axtarıbsa, deməli, nə vaxtsa mən yaxşı bir iş görmüşəm və müəyyən xeyirxahlıqlarım olub. Düşünürəm ki, bu insanların etimadını, hörmətini doğrultmalıyam.
-Siz səsiniz ilə, yoxsa oynadığınız rollarla daha çox yaddaşlarda qalmısınız?
-Deyərdim ki, əlli-əlliyə. Amma səsim bir pillə üstünlük təşkil edir. Bu faktdır, bunu deməliyəm. Hər gün seriallara, filmlərə çəkilmirik. Amma demək olar ki, hər gün səsləndirmə işim var.
-Övladlarınızın sizin yaradıcılıq dünyanıza marağı varmı? Atalarının yolundan davam etmək istəsələr, hansı addım atarsınız?
-Hələ ki, böyük qızımın marağı var. İnşallah, İncəsənət Universitetini hədəfləyir. Çox güman ki, reallaşdıra biləcək. Hiss edirəm. Balaca isə hələ özünü kəşf etməyib, mən də onu hələ kəşf etməmişəm. (gülür)
Ərtoğrul Cavid mənə çox doğmadır…
-Canlandırdığınız obrazlardan sizin xarakterinizə yaxın olan varmı?
-Təbii ki, yüz faiz yaxınlıq ola bilməz, amma deyərdim ki, mənim üçün ən doğma olan “Cavid ömrü” filmində Hüseyn Cavidin oğlu, Ərtoğrul Cavidin roludur. Mənim filmdə, kinoda debüt rolumdur. Haradasa, o da bir az təmkinlidir, yaradıcı insan olduğuna, bəstəkar olmasına görə ruhu mənim ruhuma bir qədər yaxındır. Mənim elə Dilarə xanımla tərəf müqabili olmağım da bu filmə təsadüf edir. Dilarə xanım orada Hüseyn Cavidin yoldaşı Müşkünaz xanımın rolunu oynayırdı. Bir səhnə var idi ki, Ərtoğrul Cavid hərbi xidmətdə vərəm olur və onu xəstəxanaya yerləşdirirlər. Üzüm qrimlə solğunlaşdırılmış, gözlərimin altı qaraldılmışdı. Filimdə o səhnə çəkiləndə Dilarə (Müşkünaz) xanım mənim başımın yanında oturur, məni qucaqlayır, öpmək istəyir və sığallayır. O an içdən kövrəlir, ağlayır. Dilarə sonra mənə dedi: “Səni elə qrimlə gördüm, bəlkə də başqa aktyor olsaydı, o cür ürəkdən hiss etməzdim”. Yəni Dilarə o səhnəni oynamadı, yaşadı.
-Səsləndirdiyiniz şeirlər dinləyici tərəfindən sevilir, amma sayı məhduddur. Bu seçimdir yoxsa vaxt çatışmazlığı?
-Bilirsiniz, mən elə ruh halında olmalıyam ki, həmin şeiri səsləndirməliyəm. Mən belə düşünürəm. Bəlkə başqaları bunu fərqli şəkildə hiss edir və bu, çox normaldır. Ancaq mən belə hiss etmirəm. Qarşıma gözəl şeirlər çıxır. Təbii ki, oxuyuram. Deyirəm ki, bu, həqiqətən gözəl şeirdir.
Şeirə qol-qanad verməlisən…
-Belə duyuram ki, qiraətə marağınız azdır.
-Bəli, istəmirəm ki, məni sırf bədii qiraətçi kimi tanısınlar. Bədii qiraət asan iş deyil. Bu gün çoxları şeir səsləndirir. Şəhvətli səsləri ilə şeir demək istəyir. Amma bu, bədii qiraət deyil. Bədii qiraət mütləq aktyor bacarığı tələb edir. Şeirin içindəki hadisəni tapmalısan, şeirə qol-qanad verməlisən, onu hiss etdirməlisən, müəyyən tapıntıları ortaya qoymalısan. Bax, onda bu, əsl bədii qiraət olur. Yoxsa gözəl səsi olan insanlar çoxdur. O demək deyil ki, onların hamısı şeir səsləndirməlidir. Hə, “mən misraları eyni – monoton olaraq dedim, səsləndirdim”, bu olmamalıdır. Bədii qiraət həqiqətən çox çətindir. Ona görə də məsuliyyətini dərk edirəm. Nə deyirsənsə, onun üzərində çox çalışmalısan. Hər bir şeirin öz süjeti, məzmunu, obrazı və xarakteri var. Bunun üzərində mütləq çalışmaq lazımdır. Bəzən pul müqabilində sifariş də olur ki, bu şeiri səsləndir. Mən demişəm ki, yox, bəlkə sənin yazdığın və ya təklif etdiyin şeir mənim xoşuma gəlmədi? Mənim ruhum məndən tələb edəndə ki, bunu mütləq səsləndirməlisən, mən də onu o vaxt səsləndirirəm.
Dublyajın qonorarı qaneedici deyil…
-İllərdir dublyaj sənəti müzakirə mövzusuna çevrilib. Bu sahədə sizi ən çox nə narahat edir? Bir dublyajçı qonorar ilə normal yaşaya bilərmi?
-Mən dəfələrlə qeyd etmişəm ki, bu gün dublyajda olan qonorar qətiyyən qane etmir. Tək məni yox, bu işlə məşğul olan digər həmkarlarımı da. Biz nəzərə almalıyıq ki, barmaq sayı qədər bu işi bacaran aktyor, aktrisalar var. Özünüz bilirsiniz ki, dublyajı hər aktyor, aktrisa bacarmır. Bu işi öyrənmək illər tələb edir. Səsin texnikası ilə düzgün işləmək, səsə tam hakim olmaq, onu düzgün təqdim etmək vacibdir. Görün nə qədər iş var ortalıqda. Bu, bütün dünyada da belədir. Müəyyən aktyorlar var ki, dublyajla sırf onlar məşğul olur. Ona görə də bu iş spesifikdir və hazırkı qonorar qətiyyən yetərli deyil. Daha dərindən baxsaq, kino və serial çəkilişlərində, teatrda da, incəsənət sahəsində verilən maaşlar da aktyorları qətiyyən qane etmir. Çox azdır, həqiqətən çox azdır. O əziyyətin müqabilində çox aşağı səviyyədədir, eləcə də dublyajda.

Böyük sınaqdan keçdim, bəlkə də bu, xəbərdarlıq idi…
-Qarşıdan Yeni il gəlir. Bu il “Yeni ili harada keçirməyi planlaşdırırsınız” sualından daha çox, soruşmaq istəyirəm: Sizin üçün bu il necə yekunlaşdı, daxili hesabatınız necə olardı?
-Mənim üçün bu il, ən böyük hadisə çox ağır vəziyyətdə olmağım, əməliyyat keçirməyim oldu. Bu ilin üstündən həmin hadisəyə görə xətt çəkdim. Tək arzum odur ki, belə hallar bir daha yaşanmasın və həmişə sağlam olaq. İnşallah, ümid edirəm və inanmaq istəyirəm ki, 2026-cı il təkcə mənim üçün yox, bütün xalqımız və hər bir vətəndaş üçün çox uğurlu bir il olacaq. Bunu ürəkdən arzulayıram. Düzdür, bir deyim var: “İl ildən pis gəlir”. Amma ümid sonda ölür. Ümidsiz yaşamaq isə çox çətindir.
2026-ci ildə sənət sahəsində inkişaf gözləyirəm…
-Bizi qarşıda daha bir il gözləyir. Hər kəsə əmin-amanlıq arzulayıram. Arzulayıram ki, xalqımızın rifah səviyyəsi yaxşı olsun, yaxşı yaşasın. İnsanların həyat eşqi günü-gündən artsın. Öz sahəmizə nəzər salsaq, bu sənət sahəsində də böyük inkişaf gözləyirəm. Mənim həyatda bir devizim var: hər kəs işini vicdanla görsə, inanıram ki, hər bir sahədə uğur əldə etmək olar. İnsan nəyisə zəif bilə bilər və ya bir az gec qavraya bilər, amma məsuliyyət və vicdan varsa, hər şeyi əldə etmək mümkündür. Yetər ki, hər kəs işinə, vəzifəsinə vicdanla yanaşsın.









