BAYRAQDAR MEDİA – İllərin qovuşuğunda fürsəti fövtə vermədim, bir müddət öncə oxumağı planladığım bir kitabı oxudum. Düzdür, bir qədər texniki çətinliklər oldu, amma həvəslə oxuyub başa çıxdım.
Söhbət Həsən Əlqədərinin “Asari Dağıstan” adlı kitabından gedir. Tarixi-etnoqrafik baxımdan diqqətimi cəlb etmiş bu kitab 1891-ci ildə yazılıb, ilk dəfə 1895-ci ildə Sankt-Peterburqda türkcə çap edilib. Özü də Azərbaycanın böyük şəxsiyyəti – xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin pulu ilə.
Haşiyə: Həsən Əlqədəri dövrünün tanınmış alimi olub. Ləzgi millətinə mənsub bu şəxs Dağıstanda doğulub, yaşayıb və orada da dünyasını dəyişib. Amma maraqlıdır ki, türk dilini mükəmməl bilib. Elə ilk əsərini də türk dilində yazıb. O, bu dili öz əsərində “Azərbaycan türk dili” adlandırır. Bu da səbəbsiz deyil. Səbəbə daha sonra toxunacağıq. Dağıstanın tam da mərkəzində doğulub yaşamış bir adamın, bugünkü anlamda desək, Azərbaycan dilini belə mükəmməl bilməsi də təsadüfi deyil. İş ondadır ki, həmin dövrlərdə nəinki Dağıstan, ümumiyyətlə bütün Quzey Qafqazda da türk dili ortaq ünsiyyət dili idi…
“Asari Dağıstan” məşhur Azərbaycan aydını – tarixçi Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərindən təsirlənərək yazılıb. Təbiidir ki, yeni əsərdə yeniliklər də az deyil…

Bizim diqqətimizi daha çox çəkən kitabda Dağıstanın ayrı-ayrı bölgələrinin etnik tərkibi və danışdıqları dillər haqqında məlumatlardır.
Beləliklə, Həsən Əlqədəri əsərin girişində Dağıstanın ayrı-ayrı mahallarını təsvir edərək maraqlı məlumatlara yer verir. Örnək üçün, Temirxanşura nahiyəsi haqqında təsvirdə qeyd edir ki, bu bölgənin əhalisi əsasən cağatay türkcəsində danışır. Nəzərə alaq ki, bu bölgə Dağıstanın tam da ortasında yerləşir.
Müəllif Qaytaq və Tabasaran nahiyələri haqqında da yazarkən ayrıca qeyd edir ki, buraların əhalisi bir tərəfdə Azərbaycan türkcəsində, digər tərəfdə isə cağatay türkcəsində danışır.
Ləzgilərin çoxluq təşkil etdiyi Kürə mahalında da Azərbaycan türkcəsinin yayğın olduğu bu əsərdə xüsusi vurğulanır. Hətta elə kəndlər var ki, orada yalnız Azərbaycan türkcəsində danışırlar.
Samur mahalında da Azərbaycan türkcəsində danışan kəndlər varmış.
Müəllif Dərbəndin də dili haqqında yazır: burada əhali Azərbaycan türkcəsində danışır. Eyni zamanda erməni və yəhudi, həm də tat dilində danışanlar var. Amma başqa dillərdə danışanlar haqqında heç bir məlumat verilmir…
“Hazırda Dağıstanda Azərbaycan və cağatay türk dillərində danışanlardan başqa yerdə qalan bütün müsəlmanlar “ləzgi”adlandırılır, onların hamısının dilləri də “ləzgi dilləri” adlandırılır.” Diqqət çəkən məqamdır, deyilmi? Bu, Dağıstanın əsas əhalisinin istər Azərbaycan, istərsə də cağatay türkləri olmasına bir işarə kimi qəbul edilməlidir. “Ləzgi dilləri”ndə danışanlar isə eyni etnik qrupa aid deyil, onların sıralarında ləzgilərin özləri ilə bərabər avarlar, darginlər, tabasaranlar, rutullar, saxurlar və s. var.
Bu kitabın müəllifinin etnik mənsubiyyəti – ləzgi kimliyini nəzərə alsaq, yazdıqları ikiqat qiymətli qəbul edilməlidir. Hələ bura əsərin 1800-cü illərin sonunda yazılmasını da ayrıca əlavə edə bilərik.
Bu məqama diqqəti ona görə çəkirik ki, bir vaxtlar doğrudan da bizə doğma olan Dağıstanda xalqlararası ünsiyyət dili türkcə olub. Bunu elə Həsən Əlqədəri də öz əsəri ilə təsdiq edir. Lakin rus işğalı dərinləşdikcə türk dili yerini işğalçı rusların dilinə verməli olub. Nəticə də odur ki, bir vaxtlar hamının danışdığı türk dili Dağıstandan sıxışdırılıb, yerini buranın xalqı üçün yad olan rus dili tutub…
Haşiyə: Xatırlatmaq istərdik ki, 1923-cü ildə Dağıstanın dövlət dili olaraq türk dili rəsmi status alıb. Bu dilin seçilməsi belə əsaslandırılıb ki, bütün Dağıstan xalqları türkcəni bilir. Hətta rus dilinin dövlət dili kimi təsbit edilməsi təklifi də olub. Heç kimin bu dili anlamaması nəzərə alınaraq rus dili rədd edilib. Amma sonradan, 1920-ci illərin sonuna doğru türk dili sıxışdırılıb, rus dili dövlət dili elan edilib…
“Asari Dağıstan” kitabı türkcə yazılıb, lakin onun rus dilində ilk nəşri 1929-cu ilə təsadüf edir. Yəni tərcümə edilib. İndiki Azərbaycan dilində bu kitabın olub-olmadığını bilmirəm, ona görə də məhz 1929-cu il nəşrinin faksimilesini oxumalı oldum. Bu da texniki çətinliklər yaradırdı…
“Azərbaycan türkcəsi” ifadəsinin işlədilməsi sadəcə müəllifin Dağıstanda geniş yayılmış, amma bir-birindən az da olsa fərqlənən türk şivələrini fərqləndirmək üçün seçdiyi üsuldur. O, “cağatay türkcəsi” ifadəsi də işlətməklə vəziyyətdən çıxır. Hərçənd hər ikisi türkcədir, hətta o dövrdə heç bir problemsiz bir-birini başa düşəcək qədər yaxındır…
Ümumilikdə isə bu kitab Dağıstanın və həm də hazırkı Azərbaycan Respublikasının tarixi, etnoqrafik durumu və dini mənsubiyyətini öyrənmək baxımından dəyərlidir.
Kitabda öncə Əfşarların, sonra da Qacarların hökmü altında olan İran, həmçinin Osmanlı İmperiyası və çar Rusiyasının Qafqaz siyasəti haqqında maraqlı bilgilər yer alıb.
Bizim diqqətimizi çəkən odur ki, Dağıstan və onun xalqlarının böyük çoxluğu Osmanlı İmperiyasına meyilli olub. Bu da həm etnik, həm də məzhəb yaxınlığından qaynaqlanıb. “Asari Dağıstan”dan da göründüyü kimi, bu bölgənin əhalisi əsasən türklər və sünni müsəlmanlardır…
Sonda: Əslinə qalanda bu kitab haqqında daha geniş – ayrıntılı yazmaq olardı. Və buna da dəyər. Lakin biz sadəcə bir oxucu və yazar olaraq fikirlərimizi qısa tutmağa üstünlük verdik. Əsərin təhlili isə sahə mütəxəssislərinin işidir. (Əlbəttə təhlil edilmiş də ola bilər.)









