BAYRAQDAR MEDİA – Bakıda səfərdə olan Azərbaycan–Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orhan Hasanoğlu bir sıra rəsmi görüşlər keçirib. Səfər çərçivəsində onu Türk Birliyi Dayanışma Dərnəyinin sədri, Lefke Avropa Universitetinin müəllimi professor Güvən Arıklı müşayiət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya O.Həsənoğlu məlumat verib.
Bildirilib ki, görüşlərdə Azərbaycan ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) arasında qeyri-hökumət təşkilatları (QHT) səviyyəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Məlumata əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov, Azərbaycan Milli QHT Forumunun ofisində KKTC-dən gələn nümayəndə heyətini qəbul edib: “Görüşdə Türk Birliyi Dayanışma Dərnəyinin türk dünyasında QHT-lər arasında həmrəyliyin artırılmasına yönəlmiş fəaliyyəti dəyərləndirilib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi, ortaq mədəni və mənəvi dəyərlərin qorunması, eləcə də ictimai diplomatiyanın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Baş katib Azər Allahverənov türk dünyasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vahid platforma ətrafında birləşdirilməsinin vacibliyini vurğulayaraq, bu cür əməkdaşlıqların həm regional, həm də beynəlxalq müstəvidə təsir imkanlarını artıracağını bildirib. Tərəflər ortaq layihələrin, birgə forumların və humanitar təşəbbüslərin genişləndirilməsi barədə razılığa gəliblər”.
Görüşün sonunda professor Güvən Arıklı həmmüəllifi olduğu “Türk Bir’den Türk Birliği’ne” adlı kitabı Azər Allahverənova təqdim edərək, türk dünyasında birlik, həmrəylik və ortaq gələcək baxışının əhəmiyyətinə diqqət çəkib.





