Press "Enter" to skip to content

Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi qurulur

Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi qurulur

BAYRAQDAR MEDİA – Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rəhbərliyi arasında görüş keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Mərkəzin direktoru Akif Marifli və Universitetin rektoru Şakarbay Janikulov iştirak ediblər. Görüş zamanı elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda tərəflər Azərbaycan ilə Özbəkistan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin hazırkı inkişaf dinamikasını qeyd ediblər. Bildirilib ki, bu əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində daha da möhkəmlənir”.

Qeyd edilib ki, “danışıqların yekununda əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş çərçivəsində universitet nəzdində Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Tədris-Tədqiqat Mərkəzinin yaradılması nəzərdə tutulub.

Yeni mərkəz Azərbaycanın tarixi, mədəniyyəti, dili və ədəbiyyatının öyrənilməsi, eləcə də Azərbaycan ilə Özbəkistan arasında akademik və elmi əməkdaşlığın inkişafı üçün ixtisaslaşmış platforma kimi fəaliyyət göstərəcək. Burada birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, elmi-maarifləndirici tədbirlərin təşkili və gənclərin intellektual potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi planlaşdırılır. Mərkəz adını Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin formalaşmasında mühüm rol oynamış görkəmli alim, şair və tərcüməçi Xalid Səid Xocayevin şərəfinə daşıyacaq”.

Mission News Theme by Compete Themes.