Operativ Dil Mərkəzi yaradılsın
BAYRAQDAR MEDİA – Yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı strateji mahiyyət daşıyan mühüm çağırışdır. Prezident İlham Əliyevin dil məsələsi ilə bağlı səsləndirdiyi fikirlər açıq şəkildə göstərir ki, artıq mövcud vəziyyətlə barışmaq olmaz. Dil siyasəti hadisələrə sonradan reaksiya verən yox, prosesi qabaqlayan bir mexanizm üzərində qurulmalıdır.”
Bunu “Hədəf” Şirkətlər Qrupunun qurucusu, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq deyib.
“Hədəf”dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Şəmil Sadiq bildirib ki, Prezidentin bu müsahibəsi əslində dövlətin dil siyasətində yeni mərhələyə keçidin anonsudur: “Hazırda Azərbaycan dilinə daxil olan yeni söz və terminlərin rəsmi status alması uzun illər çəkir. Bu isə cəmiyyətdə yazılış, tələffüz və işlənmə ilə bağlı ciddi qeyri-müəyyənlik yaradır. Bir termin əvvəlcə qeyri-rəsmi şəkildə danışıq dilinə keçir, sonra mediada müxtəlif formalarda işlədilir, uzun müddət mübahisə doğurur və yalnız illər sonra lüğətlərə düşür. Bu proses bitənə qədər isə cəmiyyətdə dil xaosu yaranır.”
Şəmil Sadiq vurğulayıb ki, müasir dövrdə düzgün dil siyasəti belə olmamalıdır: “Əslində yeni söz məişət dilinə, mediaya və ya elmi üsluba daxil olan anda onunla bağlı aydın və rəsmi mövqe ortaya qoyulmalıdır. Ya həmin anlayış üçün Azərbaycan dilində qarşılıq təklif edilməli, ya qardaş türk dillərindəki uyğun variant seçilməli, ya yeni söz yaradılmalı, ya da termin olduğu kimi qəbul edilərək yazılış və tələffüz qaydası dərhal ictimaiyyətə açıqlanmalıdır.”
O, sözügedən ehtiyacı nəzərə alaraq təkliflə çıxış edib. Ş.Sadiq dövlət dəstəyi ilə Operativ Dil Mərkəzinin yaradılmasınınə təklif edib: “Belə bir qurum ölkənin aparıcı dilçi alimlərindən, terminoloqlardan, yazıçılardan və ədəbiyyatşünaslardan ibarət olmalı, müntəzəm şəkildə toplanaraq dilə daxil olan yenilikləri müzakirə etməlidir. Ən vacib məqam qərarların vahid və mötəbər mənbədən açıqlanmasıdır. Belə olduqda nə media, nə müəllim, nə də vətəndaş tərəddüd içində qalmaz, dil mühitində pərakəndəlik və gərəksiz variant bolluğu yaranmaz.”
“Hədəf”in qurucusu deyib ki, bu sahədə beynəlxalq təcrübə də var: “Məsələn, qardaş Türkiyədə fəaliyyət göstərən Türk Dil Kurumu. Türk Dil Kurumu yeni terminlərlə bağlı operativ qərarları ilə tanınır. ‘Selfie’ sözü yayılmağa başlayanda qısa müddətdə ‘özçekim’ qarşılığı təklif edildi və rəsmi şəkildə elan olundu. Nəticədə termin həm mediada, həm də gündəlik dildə sürətlə qəbul edildi.”
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr dilimizi zənginləşdirmir” fikrini xatırladan dosent bildirib ki, çevik və səlahiyyətli bir qurum olarsa, bu cür proseslər nəzarətsiz qalmaz: “Dil canlı orqanizmdir, amma bu, onun özbaşına buraxılması demək deyil. Xüsusilə dövlət dili statusu daşıyan bir dil strateji idarəetmə tələb edir. Operativ Dil Mərkəzinin yaradılması Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafı, terminoloji sabitliyin qorunması və cəmiyyətin dil məsələsində düzgün istiqamətləndirilməsi baxımından artıq seçim yox, zərurətə çevrilib”.





