BAYRAQDAR MEDİA – Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi şəhərsalma və memarlıq ili çərçivəsində rayonun təşəkkül tapmasında, inkişafında mühüm rol oynamış sənaye müəssisələri və özünəməxsusluğu ilə seçilən memarlıq abidələri ilə bağlı məlumatlar paylaşacaq.
Xəbəri sözügedən Muzeyin direktoru Pakizə Mehdiyeva yayımlayıb.
Xəbərdə Muzeyin fondunda qorunan, Xaçmaz rayonunun yaranmasında mühüm əhəmiyyət kəsb edən Bakı-Vladiqafqaz dəmiryol xəttinin tikintisi zamanı çəkilmiş fotoşəkil nümayiş etdirilib.
Fotoşəkildə “relslərin və taxta şpalların döşənməsi prosesi, buxar mühərrikli texniki qurğu (lokomobil) və tikintidə iştirak edən fəhlə briqadası əks olunub. Təqdim olunan fotoşəkil Azərbaycanda dəmir yolu şəbəkəsinin formalaşması və inkişafı dövrünü əks etdirən mühüm tarixi mənbədir. Şəkildə relslərin əl əməyinə əsaslanan üsullarla döşənməsi, taxta şpalların yerləşdirilməsi və buxar mühərrikli texniki qurğulardan istifadə edilməsi əksini tapıb”.
Bildirilib ki, “dəmir yolları XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda sənayenin, xüsusilə neft hasilatı və daşınmasının inkişafında mühüm rol oynamışdır. Bu tip dəmir yolu xətləri Bakı və ətraf sənaye rayonlarını əsas nəqliyyat mərkəzləri ilə birləşdirirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində dəmir yollarının çəkilməsi ölkənin iqtisadi həyatında dönüş nöqtəsi olmuş, neft sənayesinin məhsullarının daşınmasını sürətləndirmiş, regionlar arasında əlaqələrin möhkəmlənməsinə şərait yaratmışdır. Bu dövrdə tikilən dəmir yolu xətləri həm sənaye müəssisələrinə, həm də şəhər və limanlara xidmət edirdi”.
Qeyd edilib ki, “Bakı-Vladiqafqaz dəmir yolu xəttinin çəkilişi, əslində Bakı-Tiflis dəmir yolunun genişlənməsi və onun şimal istiqamətində davamı olaraq baş verib, bu xətt bölgənin neftinin dünya bazarına çıxarılmasında və rayonun iqtisadi inkişafında əsas rol oynayıb. Xüsusən də Bakıya su çatdırılması kimi mühüm məsələlərdə (Xaçmaz stansiyası ilə) istifadə olunub.
1879-cu ildə Çar II Aleksandr tərəfindən Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verilməsi, bu layihənin təməlini qoyub. XX əsrin əvvəllərində çəkilmiş bu xətt, həm yük, həm də sərnişin daşımalarında əhəmiyyətini bu gün də qoruyur. Fotoşəkil həmin mərhələdə fəhlə əməyinin, texniki imkanların və istehsal münasibətlərinin səviyyəsini aydın şəkildə əks etdirir”.





