BAYRAQDAR MEDİA – Türkiyə Gazi Universitetinin Azərbaycan Türkcəsi Təhsil Ocağında araşdırmaçı, pedaqoq, jurnalist, şair və yazıçı, İraq-türkmən edəbiyyatının təmsilcisi, Kərkük Türkmən Kültür Dərnəyinin sədri Şemseddin Küzecinin Azərbaycana etdiyi ziyarətlərini əsas götürərək yazdığı kitablarının təqdimatı olub.
Azərbaycannın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azerbaycan Mədəniyyət Mərkəzinin dəstəyilə hazırlanan təqdimata Azərbaycanlı ve İraqlı diplomatlar, Gazi Universitetinin idarə heyəti, alimlər və ictimaiyyət nümayəndələri qatılıb.

Təqdimat mərasiminin moderatorluğunu edən Azərbaycan Türkcəsi Təhsil Ocağının müəllimi Dos. Şəhla İbişova, ilk olaraq İraq-türkmən folklorunun toplanması, araşdırılması və nəşri sahəsində xidmətləriylə tanınan Şemseddin Küzecinin çalışmaları haqqında qonaqları məlumatlandırıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Samir Abbasov, çıxışında araştırmaçı, jurnalist və şair Şemseddin Kuzeçinin Azərbaycan-İraq ədəbiyyat ve dostluq münasibətlərinin inkişafına etdiyi qatqılarıdan bəhs edərək, bu fəaliyyətlərinin iki xalq arasındakı dostluq və qardaşlıq əlaqələrini gücləndirməkdə böyük rol oynadığını qeyd edib. O, bu cür ortaq dəyərlərin, milli mədəniyyətimizin və ədəbiyyatımızın türk dünyası ailəsi arasında təbliğinin vacibliyinə diqqət çəkərək, Şemseddin Kuzeçinin Azərbaycan ilə İraq arasında tarixi dostluq və ədəbi əlaqələrə töhfə verdiyini vurğulayıb.
Qazi Universitetinin prorektoru Prof. Dr. Selami Candan, Türk Dünyası Araşdırma və Tətbiq Mərkəzinin sədri Prof. Dr. Bülent Aksoy, araşdırmaçı-yazar Prof. Dr. Hayrettin İvgin və digər çıxış edənlər Şemseddin Küzecinin “Azerbaycan Syahetlerim” kitabının sadəcə bir səyahət gündəliyi deyil, qardaşlıq yolunun nəticələrinin bədii salnaməsi olduğunu qeyd edib.
İraq səfirliyinin ikinci katibi Üsamə Kemali Şemseddin Küzeciyə çalışmalarına və Azərbaycana etdiyi səfərlər əsasında yazdığı kitabların təqdimatına verdiyi dəstəyə görə təşəkkür edərək, belə layihələrin xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına xidmət etdiyini bildirib.
Tədbirdə Azərbaycanda İraq-türkmən ədəbiyyatı üzrə tanınmış tədqiqatçı, professor Qəzənfər Paşayev canlı videobağlantı vasitəsilə iştirak edərək Azərbaycan ilə İraq türkmənləri arasında ədəbi-mədəni əlaqələrin qurulmasından, tədqiqatçı-yazıçı Şemseddin Küzecinin ədəbi fəaliyyətindən və yaradıcılığından danışaraq, bu əsərlərin iki xalq arasındakı ədəbi və dostluq münasibətlərinə töhfələr verdiyini bildirib.

Kərkük Türkmən Kültür Dərnəyinin sədri Şemseddin Küzecii çıxışında Azərbaycana səfərlərindən, qardaş Azərbaycanla mədəni-ədəbi əlaqələrdən danışıb. Bildirib ki, İraq-türkmən ədəbiyyatı ümumi türk ədəbiyyatının tərkib hissəsidir. Müəllif “Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır” deyərək türk dünyası arasında ədəbi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda qarşılıqlı təşəkkür mükafatları təqdim edilib, müəllif Şemseddin Küzeci nəşr etdiyi kitabları Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Ocağına hədiyyə edib və müəllifin kitablarının imzalanma mərasimi keçirilib.









